Sizin link burada

Novruz, yoxsa İl bayramı?

 

Sevda Hüseyn

 

Həmişəki kimi yenə qarşılamağa hazırlaşırıq. Dəbdəbəli məclislər qurulacaq, toy-büsat səsi aləmə səs salacaq. Çal-çağır, atəşfəşanlıq, kosayla keçəlin şit zarafatı, eybəcər qrimi ürək bulandıracaq.

 

Nədən bizə məxsus olan dəyərləri belə dəyərsizləşdiririk. Türkün məxsus olduğu gələnəkləri kimlərsə özgələşdirir. Sanki bilərəkdən bizi, bizdən uzaqlaşdırırlar. Hər il bayram ərəfəsində gözləyirəm ki, hansısa folklorşünas çıxıb bu bayramdan, onun tarixindən ətraflı danışacaq. Bəzən də danışırlar... Sadəcə, öz aralarında çay süfrəsi arxasında yığışıb, olub keçənləri xatırlayırlar...

 

Nədən qədimdən Türklərin qeyd etdiyi İl bayramı Novruz oldu? Novruz bəsbəlli farslara məxsus addır. Nouruz farscadan “yeni gün” deməkdir.

 

Dədə-babadan gələn İl Bayramımızı niyə öz adı ilə çağırmırıq? Cəmrələr və ya çəmrələr, çillələr niyə çərşənbələrə dönüşdü? Bəlkə də illərin qadağası bunları yaddaşımızdan silib. Amma nə qədər silinsə də bölgələrimizdə bunlar qorunub saxlanıb. Bakıda bu bayram qadağa olunanda bölgələrimiz gizlin-gizlin İl bayramımızı həmişə qeyd edib.

 

Böyüdüyüm Qərbi Azərbaycanda İrəvanlılar Novruz yox, İl bayramı deyərdilər. İlaxır cəmrə (çərşənbə) bağlılığı da məhz burdandır. “İlimiz uğurlu olsun”, “İl bayramın mübarək”,  “İlin düşərli olsun” alqışları hələ də qulaqlarımda, şüuraltı yaddaşımda qalıb. Bu, daha çox yaşlı insanların dilindən səslənirdi...

 

Bir az sərt olacaq, amma folklorşünaslarımız çıxıb bu bayramın bizə məxsus olduğundan, rituallarından ağzı köpüklənə-köpüklənə danışanda inandırıcılıqdan çox uzaq görünürlər. Bir durub deyən yoxdu ki, bizə məxsusluğundan, gələnəklərdən danışırsan, amma hər dəqiqə Novruz deyirsən. Bu nə qədər məntiqlidir? Qədim Türklər ağaca, dağa, qurda, günəşə, günəşi simvolizə edən oda tapınıblar...

 

Təbiətin oyanışı, yazın gəlişini xüsusi rituallarla həyata keçiriblər. İl bayramı ilə alqışlar folklorumuzda istənilən saydadır.

 

Hər dəfə İl bayramının gəlişi özü ilə mübahisələr gətirir ki, lap bişmiş toyuq misalı....

 

Türklər astroloji hadisələrə və təbiət hadisələrinə çox önəm veriblər. Bu bayram məhz təbiət hadisəsidir, yeni ovqat, yeni yaşam gətirir insanlığa. Təbiətin oyanışı təzə nəfəs, hər bir nəsnənin bərabərliyi... 

 

Bu bayramı bütün xalqlar qeyd edir. Yapondan tutmuş rusa, rusdan ingilisə ...

 

Dünyanın elə bir nöqtəsi yoxdur ki, təbiətin oyanışı orda qeyd olunmasın. Hərə özünəməxsus şəkildə qeyd edir. Yəni “bu yalnız türklərə məxsusdur” mərəzindən uzağam. Sadəcə, çərşənbələrin - yoxsa cəmrələrin, çəmrələrin ardıcıllığı, hansı cəmrədə hansı ritualı həyata keçirmək lazımdır məlumatı topluma düzgün çatdırılsa, daha gözəl olar. Bu mövzuda maarifləndirmə işi çox zəifdir. Günahkar isə hər birimizik. Nə qədər ki, gələnəklərimizə sahib çıxmamışıq, bu yadlaşma hələ çox davam edəcək. Gəlin tariximizdən, törələrimizdən uzaq düşməyək...

 

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>