Sizin link burada

Mehdiabad-Pirşağı yolu yenidən qurulur - VİDEO

20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur. Lent.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadən məlumatına görə, 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına  maneə yaradırdı.

 

Yol boyu layihə əsasında tam yeni və müasir yol infrastrukturu yaradılır. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılır, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik yeni piyada səkiləri tikilir, kənarlarına yeni səki daşları düzülür.

 

Tikinti layihəsinə uyğun olaraq, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşasından sonra isə yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Bu işlər 60 min kv.m-ə yaxın sahəni əhatə edəcək.

 

Texnoloji ardıcıllıqla aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>