Sizin link burada

Turistlərə göstərilən xidmətin çeşidi və səviyyəsi ildən-ilə artır

Ölkəmizdə turizm sahəsinin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti son illərdə öz bəhrəsini verməkdədir. Turistlərin rahatlığı üçün müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin sadələşdirilmiş viza sisteminin tətbiqi ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artması ilə nəticələnib. Turist axınının artması, təbii olaraq, ölkəyə daxil olan vəsaitin də yüksəlməsinə müsbət təsir edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi məlumatlara əsasən, respublikamıza gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ildə 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70% artım deməkdir.

Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatlarının həcminə görə 2016-cı ildə iyun, dekabr və noyabr ayları seçilsə də, 2017-ci ildə avqust, iyul və sentyabr ayları daha çox fərqlənib. Təsadüfi deyil ki, 2017-ci ildə ölkəmizi ziyarət edənlərin də böyük hissəsi məhz iyul, avqust və sentyabr aylarında gələnlərdir.

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sayı da son illər ərzində xeyli artıb. Turizm sahəsinin inkişafı və turizm xidmətlərinə artan tələbatla əlaqədar ötən ildə bu cür müəssisələrin sayı 100% dən çox artaraq 633-ə çatıb. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı isə 2017-ci ildə 686 olub.

Dünyanın müxtəlif ölkələrində turizmin inkişaf tempi, ölkəyə gələn turist axını 5-7 faiz arasında dəyişir. Ötən il Azərbaycana gələn xarici turistlərin sayı isə 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə - 2,7 milyon nəfərə çatıb.

Belə yüksək artımın əldə olunmasında 2017-ci ildə ölkəmizdə turizm sahəsində həyata keçirilən tədbirlərin mühüm rolu olub.

Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi hesabata əsasən, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2016-cı illə müqayisədə 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Ölkəyə gələn xarici vətəndaşlardan 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfəri Gürcüstan, 362 597 nəfəri İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfəri İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

Mövcud göstəricilərə əsasən, mart, iyun, iyul, avqust və sentyabr ayları gələn xarici ziyarətçilərin sayı baxımından daha aktiv aylar olub. Digər tərəfdən, yanvar, fevral və aprel ayları daha aşağı göstəricilərlə yadda qalıb.

2017-ci ildə ölkəmizdə turizm üçün xarakterik sahələrdə çalışan işçilərin sayı 54 600, bu sahə üzrə qoyulan investisiyaların həcmi 91 milyon manat, iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı 18 700, sözügedən obyektlərdə oturacaq yerlərinin sayı isə 711 mini ötüb.

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizə gələn xarici turistlərə göstərilən xidmətin səviyyəsinin daha da artırılmasını hər zaman diqqət mərkəzində saxlayır.  Turistlərə göstərilən xidmətlərin çeşidinin və səviyyəsinin artırılması istiqamətində müvafiq işlər həyata keçirilir.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>