Sizin link burada

İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi ilə birgə layihələr həyata keçirilir

Azərbaycan Respublikası digər sahələrdə olduğu kimi, turizm sahəsində də dünyanın aparıcı ölkələri və təşkilatları ilə sıx əlaqələr qurub və bu əməkdaşlıqlar ildən-ilə genişlənir. Ölkəmizin sıx əməkdaşlıq etdiyi qurumlardan biri də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsidir (COMCEC).

 

 

Bu komitə 1981-ci ildə Səudiyyə Ərəbistanının Taif şəhərində keçirilmiş Üçüncü İslam Zirvəsində yaradılıb. COMCEC İslam Əməkdaşlıq Təşkilatının 4 əsas daimi komitəsindən biridir və bu komitə İslam ölkələri arasında çoxtərəfli iqtisadi və kommersiya əməkdaşlığı üçün əsas platforma rolunu oynayır. Komitə üzv ölkələrdə ticarət, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, özəl sektor və maliyyə əlaqələrinin, eləcə də bu sektorlarda əməkdaşlıq imkanlarının inkişafına xidmət edir. COMCEC-in strategiyasının həyata keçirilməsində sahəvi işçi qruplarının fəaliyyəti və layihə maliyyələşməsi mexanizmlərindən istifadə olunur.

Hazırda İƏT-in bu komitəsi ilə ölkəmiz arasında sıx əməkdaşlıq münasibətləri var. Belə ki, əməkdaşlıq çərçivəsində komitənin maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-2015-ci illərdə “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm marşrutunun yaradılması layihəsi həyata keçirilib.

Layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi və araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

 

 

Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi COMCEC-lə sıx əməkdaşlığı turizm sahəsi üzrə işçi qrupu səviyyəsində mütəmadi olaraq davam etdirir. 2017-ci ilin may ayında COMCEC-in milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclasında, sentyabr ayında turizm üzrə işçi qrupunun “Turizm sektorunda risk və böhranların idarə olunması: İƏT-ə üzv ölkələrdə böhranların aradan qaldırılması”, bu ilin fevralında isə “İƏT-ə üzv ölkələrdə turizm destinasiyalarının inkişafı və təsisatlanma strategiyaları” mövzularında görüşlər keçirilib. Bu görüşlərdə Mədəniyyət və Turizm Nazirliyi də yaxan iştirak edib. Mövzular üzrə aparılmış araşdırmaların nəticələrinə uyğun olaraq üzv ölkələr üçün müvafiq tövsiyə və təkliflər irəli sürülüb.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>