Sizin link burada

"Onlayn media milli təhlükəsizlikdə xüsusi rol oynayır" - Vüsalə Mahirqızı

 
“Bu gün cəmiyyətdə ictimai rəyin formalaşmasında onlayn medianın xüsusi rolu var”.
 
 
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında “APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib.
 
 
 
O bildirib ki, dünyada baş verən qlobal iqtisadi böhran nəticəsində reklam bazarında ciddi eniş hiss olunur: “Onlayn media yalnız gördüyünüz saytlardan ibarət deyil. Bunun ciddi alt infrastrukturu olmalıdır. Çünki onlayn media birmənalı olaraq ölkənin informasiya təhlükəsizliyi, həm də milli təhlükəsizlik məsələsində xüsusi rol oynayır. Biz onlayn media nümayəndələri Azərbaycanın həm də virtual sərhədlərini qoruyuruq. İndi artıq ölkələr həm real, həm də virtual cəmiyyətlərdən ibarətdir. Virtual cəmiyyətin əsgərləri, qoruyucuları bizik. Buna görə də onlayn medianın infrastrukturunun, texniki dəstəyimizin çox güclü olmasına ehtiyac var. Bu isə çox böyük vəsait tələb edir. Ona görə də Azərbaycan prezidentinin İctimai-siyasi məsələlərlə üzrə köməkçisi hörmətli Əli Həsənovun burda olmasından istifadə edərək, Mətbuat Şurasının sədri Əflatun Amaşovun onlayn mediaya dövlət dəstəyinin verilməsi təklifini dəstəkləyirəm. Onlayn medianın ciddi dövlət dəstəyinə ehtiyacı var. Azərbaycan dövlətinin müstəqil mediaya dəstək göstərmək kimi bir borcu və öhdəliyi yoxdur. Əlbəttə, bu, bizim xahişimizdir”.
 
 
 
O qeyd edib ki, gələcəkdə yerli onlayn media orqanlarının serverlərinin ölkə daxilində yerləşməsinə dəstək verilməsi yaxşı olardı.
 
 
 
V. Mahirqızı, həmçinin, MŞ sədri Əflatun Amaşovun məruzəsində həbsdə olan və jurnalistika sahəsində fəaliyyət göstərmiş şəxslərin bu il gözlənilən əfv siyahısında olması üçün müraciət edilməsi ilə bağlı təklifini də dəstəkləyib.
 
 
 
“APA Holding”in prezidenti mediada vahid kart məsələsinə də toxunub: “Hesab edirəm ki, Mətbuat Şurası bu məsələni ciddi şəkildə qoymalı, ciddi attestasiya şəklində bu iş həyata keçirilməlidir. Təbii ki, hər bir üzvə kartın verilməsi doğru olmaz. Bəzi ölkələrdə bu kartlar hər redaksiyadan müəyyən şəxslərə verilir. Bu məsələ mütləq həllini tapmalıdır. Mətbuat Şurasının verdiyi “sarı kartlar” yüksək akkreditasiya kartları hesab olunmalıdır”.
 
 
 
V. Mahirqızı Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi Mətbuat Şurasına verilən qiymətə görə qurultay iştirakçılarına təşəkkür edib.
 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>