Sizin link burada

"Ermənistan regional sabitliyə ciddi təhdid təşkil edir" - Zakir Həsənov

Martın 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Lent.az-ın Müdafiə Nazirlyinin saytına istinadən verdiyi məlumata görə, qonaqları salamlayan general-polkovnik Zakir Həsənov strateji tərəfdaşlığımızın yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən general-polkovnik Z.Həsənov bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini bildirib. 

 


Azərbaycanın müdafiə naziri Ermənistanın regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.


Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bir daha vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın Müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.


Görüşdə Müdafiə nazirləri rəhbərlik etdikləri qurumlar arasında verifikasiya və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Tərəflər həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.


Sonda Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

 

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>