Sizin link burada

Mahir Məmmədov: "UEFA-nın bizə göndərdiyi şübhəli halların 90 faizi təsdiqlənib"

AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun apasport.az saytına müsahibəsi

 

- İcraiyyə Komitəsinin bugünkü iclasında müzakirə olunan məsələlər haqda nə deyə bilərsiz?

- Gündəlikdə olan məsələlərdən biri futzal yığmamızın Avropa çempionatındakı çıxışı idi. Azərbaycan Futzal Federasiyası qitə birinciliyi ilə bağlı hesabat verdi. Əlbəttə, qeyd olundu ki, yığmamız Avropa çempionuna uduzdu. Azərbaycan futzalının nüfuzu artıq o qədər yüksəkdi ki, bu nəticə bizim üçün tam münasib ola bilməz. Ancaq məqbul sayıla bilər. Ardıcıl 5-ci dəfədi ki, böyük yarışların final turnirində oynayırıq. 2020-ci ildə Yaponiyada futzal üzrə dünya çempionatı keçiriləcək. Bu turnirə hazırlıq prosesi barədə də fikir mübadiləsi apardıq. Diskussiyamızda FİFA-nın nümayəndələri də iştirak edirdilər.

 

 

- İclasda danışılmış oyunlarla bağlı məsələ ətrafında da diskussiya aparılıb...

- Bəli, AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovun Hesabat Konfransında toxunduğu neqativ hallardan da söhbət getdi. Bizə məxfi sənəd verildi, onlara baxdıq. UEFA tərəfindən bizə göndərilən şübhəli halların 90 faizi təsdiqlənib. Geniş siyahıdı. Orda 18-19 hal vardı. Neqativ hallar əsasən I diviziona aiddi.

 

- Premyer Liqa ilə bağlı vəziyyət nə yerdədi?

- Yüksək dəstə ilə bağlı demək olar ki, heç nə yox idi. Bilirik ki, elitada cəmi bir belə hal qeydə alındı. Həmin oyunçular da futboldan ömürlük xaric olundular. Başqa elə şey yoxdu. Belə qərara gəldik ki, prokurorluq və Daxili İşlər Nazirliyi ilə daha sıx işlənilsin. Əlbəttə ki, dövlət orqanları bu işdə bizə yardımçı olmalıdı. AFFA-nın fikri çox qətidi: buna son qoymaq lazımdı. Çünki belə hallar baş alıb gedir. Amma bu, Azərbaycanın xəstəliyi deyil, bütün dünyada gedən xəstəlikdi.

 

- İclasda başqa hansı məsələlərə toxundunuz?

- Yığmamızın Millətlər Liqasında Kosovo ilə keçirəcəyi oyun haqda da müzakirə aparıldı. Bilirsiz ki, bizim Kosovo ilə diplomatik münasibətlərimiz yoxdu. Toplantıda da buna toxunuldu, UEFA-nın, FİFA-nın bu işə münasibətini, yanaşmasını bildik. Elə bir problem olmayacaq, məsələ həll ediləcək. Biz onlarla Azərbaycanda oynamışıq. Sadəcə, Kosovodakı matçımız diplomatik əlaqələrimiz olmayan ölkədə olacaq. Bu mənada, biz neytral ölkədə qarşılaşmaq variantına da baxırıq. AFFA, Xarici İşlər Nazirliyi, FİFA və UEFA-nın bu məsələdə məsləhətləşmələri yaxın günlərdə bitməlidi.

 

- Ötən ili Azərbaycan futbolu üçün ümumilikdə necə dəyərləndirirsiz?

- Çox uğurlu. 2017-ci il maraqlı hadisələrlə zəngin il oldu. Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi. Yığmamızın oyunları da uğursuz sayıla bilməz. Təbii ki, xüsusən, “Qarabağ” hamımızı sevindirdi. Bu komandanın sayəsində indiyə qədər bilmədiyimiz emosiyalara sahib olduq, görmədiyimiz günlər gördük.

 

- Bəs bu il yığmamız və klublarımızdan beynəlxalq arenada nə gözləyirsiz?

- Bu il əsas diqqətlər yığmaya yönələcək. Millətlər Liqasındakı oyunlarımızı nəzərdə tuturam. Əsas fikir ora ilə bağlıdı. Bizim üçün önəmli turnirdi. Şansımızdan istifadə etməliyik.

 

- Qrup birincisi olmaq şansımız nə qədərdi?

- Kifayət qədər yüksək. Maraqlı qrupa düşmüşük. Keçiləsi rəqiblərdi. Futbolumuzun səviyyəsi qrup birinci olmağımıza imkan verir.

 

- Çempionlar Liqasının qrup mərhələsinin həyəcanını yenə yaşaya bilərikmi?

- Əlbəttə, yaşaya bilərik. Düzdü, reqlament dəyişib. İndi işimiz daha çətin olacaq. Ancaq ümid həmişə var. Hesabat Konfransında “Qarabağ”ın UEFA-dan qazandığı məbləğ açıqlandı. Yeri gəlmişkən, FİFA və UEFA rəsmiləri dedilər ki, belə müfəssəl maliyyə hesabatı əksər ölkələrin konfranslarında olmur. Bizim şəffaflığımız onları razı saldı. “Qarabağ”ın maliyyə durumu yaxşıdı. Bu, klubun inkişafı üçün şərait yaradır.   

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>