Sizin link burada

“Neftçi”də hamı prezident idi” - Vəli Qasımov

“Neftçi”nin sabiq baş məşqçisi Vəli Qasımovun apasport.az saytına müsahibəsi

 

- Artıq bir müddətdi ki, işləmirsiz. Vəziyyət nə yerdədi?

- Elə bir problem yoxdu. Sadəcə, evdəyəm, şəxsi işlərimlə məşğulam. Vaxtımı ailəmə ayırıram.

 

 

- İşsizlik sizi bezdirməyib?

- Bezdirir. Futboldan ötrü darıxıram. Amma oyunları izləyirəm. Çalışıram ki, bu yolla özümü sakitləşdirim. Həvəsim var. Həm Azərbaycan Premyer Liqası, həm də xarici çempionatlarını diqqətdə saxlayıram. Ancaq hələ ki, işsizəm.

 

- Necə düşünürsüz, işləməməyiniz nə ilə bağlıdı: məşqçilikdə sözünüzü deyə bilməməyinizlə, yoxsa Azərbaycanda klubların sayının az olması ilə?

- Hər klub özünə uyğun məşqçi axtarır. Hazırda Azərbaycanda komanda sayı azdı. Premyer Liqada cəmi 8 klub mübarizə aparır. Bu isə paralel olaraq, işləyən məşqçilərin sayının az olması deməkdi. Son olaraq çalışdığım “Neftçi” klubunda baş məşqçi təyin edilənə qədər idman direktoru vəzifəsində yer almışdım. Çoxlu işlər gördük. Uşaq futbolundakı fəaliyyətimizi nəzərdə tuturam. Bunun sayəsində “Neftçi”nin akademiyası qabağa getdi. Məqsədimiz futbolu kütləviləşdirmək idi. Bunun üçün isə ilk növbədə uşaq futbolundan başlamaq lazım gəlirdi. Uşaq futbolunun daha da irəli getməsi üçün bundan da artığı edilməlidi. Bu gün millilərimizin baş məşqçilərinin seçimi azdı. Buna görə də, uşaq futboluna çox fikir verməliyik.

 

- Siz ayrılandan sonra “Neftçi”də irəliləyiş var, ya əksinə?

- Sözün düzü, “Neftçi”də işləmək çox çətindi. Hamı bu klubu çoxdan tanıyır. “Neftçi” azarkeşlərini qələbədən başqa nəticə qane etmir. Bu komandada heç kim gözləmək istəmir. Baş məşqçidən ilk növbədə, nəticə tələb olunur. Tez bir zamanda nəticə vermək isə çətindi. Çünki birinci komandanı qurmaq lazımdı. Fikir verirsizsə, hər dəfə məşqçi dəyişəndə yeni gələn öz oyunçularını gətirir. Çünki hər məşqçinin öz fikri var. Mənim fikrim budu ki, “Neftçi”də bir prezident olsun...

 

- Yeri gəlmişkən, “Sumqayıt” klubundan tanıdığımız Kamran Quliyev bu yaxınlarda “Neftçi”yə yeni prezident təyin edildi...

- Elədi. Bir prezident olsun ki, ona inansınlar və problem olanda həmin adam cavab versin. Mən işlədiyim vaxt “Neftçi”də çox adam, Müşahidə Şurası var idi, hamı da rəhbər kimi sayılırdı. Buna görə də, çətinlik olurdu.

 

- “Neftçi”nin hazırkı baş məşqçisi Tərlan Əhmədovun işini necə qiymətləndirirsiz?

- Məşqçi işi belədi ki, vaxt verilməsə, heç bir klubda iş görə bilmərsən. Bu gün də təsdiqini tapır ki, bütün məşqçilər nə qədər çox işləsə, bir o qədər yaxşı nəticə verirlər. Buna ilk nümunə kimi Qurban Qurbanovu göstərmək olar. Neçə illərdi ki, komanda qura-qura, yavaş-yavaş kərpic qoya-qoya istəyinə çatdı. Digər nümunə “Sumqayıt”ın baş məşqçisi Samir Abasovdu. O da artıq neçə ildi ki, bu klubu çalışdırır, komanda yavaş-yavaş düzəlir. O biri klublarda isə vəziyyət başqa cürdü. Kim bir ildən az işləyirsə, nəticə göstərməməsi normaldı.

 

- Razılaşın ki, hələ də ağıla ilk olaraq futbolçu Vəli Qasımov gəlir. Məşqçi kimi həmin adı üstələyə bilmədiyinizə görə narahat deyilsiz?

- Bu, məni narahat etmir. Hərə öz gücünə güvənir. Mənim necə işlədiyimi bilmək üçün məşqlərimi izləmək lazımdı. 15 il Avropada oynamışam. Həmin müddətdə heç nə görmədiyimi, öyrənmədiyimi deyə bilmərəm. Yaxşı və ya pis, xeyli məşqçi gördüm və onlardan çox şey öyrəndim. Bəlkə də, mən futbolçularımıza Avropa gözü ilə baxıram. İstəyirəm ki, onlar mütəxəssis kimi düşünsünlər. Bu gün də görürük ki, çox futbolçumuz peşəkar deyil, özlərinə fikir vermirlər, əlavə məşq etmirlər. Düzdü, edənlər də var, amma sayları çox azdı. Ümumiyyətlə, bizdə futbolçu qıtlığı var. Bu baxımdan Avropada işləmək daha rahatdı. Orda futbolçuya bir dəfə deyirsən, səni başa düşür. Bizdə isə gərək 3-4 dəfə təkrarlayasan ki, səni başa düşələr.

 

- Ürəyinizdən Avropada işləmək keçirmi?

- Əlbəttə, bunu istərdim. Elə bir məqam oldu ki, az qala gedəcəkdim. Amma son anda alınmadı. Hələ ki, burdayam.

 

- Futbolçu karyeranızda Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada legioner həyatı yaşamısız. Son illərdə ölkəmizdən çıxan azərbaycanlı oyunçuların sayı barmaqla sayılacaq qədərdi. Problemin kökündə nə dayanır?

- Səbəb çoxdu. Birincisi, Avropada oynamaq çox çətindi. Haraya gedirsənsə, səni bir az sıxırlar. Çünki kiminsə yerinə gedirsən, əcnəbi olmağın sözünü deyir. Bir də Avropada peşəkar yanaşma var. Hər futbolçu isə buna dözə bilmir, nəticədə çox keçmədən qayıdır. Bəhanə kimi də ailələrindən ötrü darıxdıqlarını göstərirlər. Amma bir adam ki, futbolu istəyirsə, harada olursa-olsun, özünü göstərməli, dözməlidi. Ən çətini ilk ildi. Çünki dil baxımdan problemlə üzləşirsən, yeni komanda yoldaşlarını tanımırsan. Bu maneələri keçəndən sonra işin yavaş-yavaş asanlaşır. Avropada əsas heyətdə oynamaq çox çətindi.

 

- “Neftçi”də rəhbərliyiniz altında oynamış Araz Abdullayev hazırda Kiprin “Anortosis” klubunda özünü yaxşı tərəfdən göstərir...

- Araz çoxdan getməli idi. Əslində, getmişdi də. Sadəcə, qalmadı, tez qayıtdı. Mənimlə “Neftçi”də işləyəndə özü də Avropada qalmadığına görə peşman olduğunu deyirdi. Araz danışırdı ki, “Everton”a yeni getdiyi vaxt hazırda “Arsenal”da çıxış edən Şkodran Mustafi ilə eyni otaqda qalıb. Hər ikisini komandaya təzə götürmüşdülər. Mustafi qabağa getdi. Arazın da o mühitə öyrəşməsi lazım idi. Amma o, dözə bilmədi və qayıtdı. Azərbaycana qayıtdığına görə peşman idi.

 

- Araz Abdullayev “Anortosis”dən daha yaxşı kluba keçə bilərmi? Onda o potensialı görürsüz?

- Əlbəttə ki, görürəm. Araz daha da irəli gedə bilər. Çünki onun çox böyük potensialı var. Fikrini təkcə futbola ayırsa, çox uzağa gedə bilər. Düzdü, vaxt keçir, bunu bir neçə il əvvəl etməli idi. Amma heç vaxt gec deyil. Arazı uşaqlıqdan tanıyıram. Görürdüm ki, məşqdən sonra qalıb, iki saat öz üzərində çalışırdı. Futbolçu nə qədər çox məşq etsə, özünü xarici ölkədə bir o qədər yaxşı tərəfdən göstərə bilər.

 

- Qurban Qurbanovun rəhbərlik etdiyi millimizin Millətlər Liqasındakı şansını necə dəyərləndirirsiz?

- Yeni turnir yaradılıb. Bu isə bizim üçün böyük şans deməkdi. Çünki Millətlər Liqasında nəhəng yığmalarla qarşılaşmayacağıq. Həm Qurban Qurbanov, həm də futbolçularımız daha da irəliyə gedə bilərlər. Bilirik ki, düşdüyümüz qrup çətin deyil. Rəqiblərimizin hər biri keçiləsi komandadı. Bəlkə də, bu qrupun ən güclüsü bizik. Amma uşaqlar bunu sübut etməlidilər.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>