Sizin link burada

Onmilyonluq sərvət, rus qızının sevdası, sirli mülk... – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Əksər Bakı milyonçuları kimi kasıb ailədən çıxmışdı Şəmsi. Suraxanıda neftli torpaqlar onu qısa zamanda milyonçu etmişdi.

 

1908-1912-ci illərdə onun buruqlarından ildə 8 milyon puda yaxın neft istehsal olunurdu. Həmin ərəfədə onun varidatının həcmi 12 milyon rublu keçirdi. Bu, o dövr üçün fantastik rəqəm sayılırdı. Amma pulu, necə deyərlər, altına da yığmırdı Şəmsi Əsədullayev.

 

***

 

Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, xeyriyyə işləri ilə məşğul olurdu. İldə bir neçə dəfə isə səyahətə çıxır, Moskvanı, Peterburqu gəzirdi. Və belə günlərin birində o vaxtkı Rusiya Dumasının deputatının qızıyla, Mariya Petrovnayla tanış olur. Şəmsinin Bakıda bir müsəlman arvadı, iki oğlu və iki qızı vardı. Mariya Petrovna ilə evlənəndə xəbər arvadı Ümsəliməyə çatır. Evdə söz-söhbət yaranır və getdikcə də böyüyür. Oğlanları Mirzə, Əli, qızları Sara və Xədicə ilə onun arasında narazılıq baş verir. Bütün bu söz-söhbətdən cana doyan Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur.

 

***

 

Mariyanın atası çar ailəsinə yaxın idi həm də. Bu yaxınlıq nəticəsində paytaxt Peterburqda bütün qapılar Şəmsinin üzünə taybatay açılırdı. Əvvəlcə Mariyanın şərəfinə Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığında əzəmətli bir bina ucaldır. Daha sonra isə Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk alır.

 

Amma bütün bu binalar və mülklər onun hazırda Moskvada Malıy Tatarskiy döngəsi, 8 ünvanında tikdirdiyi bina qədər şöhrət qazandırmır. Təsəvvür edin, üstündən 105 il keçsə də, bu bina Moskvada hələ də "Əsədullayevin evi" kimi tanınır. Hazırda bu binada Tatar diasporu yerləşir. Bizim Azərbaycan diasporu isə kirayələrdədir. Hə, razıyam, bu başqa bir söhbətin mövzusudur. Amma indinin özündə belə Moskvanın düz göbəyində yerləşən bu binanı tatar qardaşlarımızla yox, məhz Şəmsi Əsədullayevlə bağlı tanıyırlar. Məhz Əsədullayevin evi kimi...

 

***

 

Mariya Petrovnaya görə Rusiyada məskunlaşan Şəmsi Əsədullayev müsəlman olduğunu da unutmurdu. Təbii ki, o vaxt Moskvada azərbaycanlılar ya barmaqla sayılacaq qədər idi, ya da ümumiyyətlə, yox idi. Ona görə də məhz tatarları himayəyə götürür bakılı milyonçu. Moskvada bir neçə məktəb tikdirir onlar üçün. Hətta 27 min rubl xərcləyərək, yetim, kimsəsiz tatar uşaqlarının yerləşməsi üçün bir ev də alır.

 

Amma bununla da kifayətlənmir. 1912-ci ilin dekabrında yerli qubernatora müraciət edərək, 4 mərtəbəli evin tikilməsi üçün torpaq sahəsi istəyir. 150 min rubl pulu isə nağd şəkildə yerli büdcəyə köçürür. Binanın tikintisi üçün isə 500 min rubl ayırır.

Və tikinti başlayır. Amma...

 

Amma taleyin işinə bax ki, Əsədullayev binanın tikilib başa çatmasını görə bilmir. Yayda elə həmin Marya Petrovnaya ilə Yaltaya dincəlməyə gedərkən vəfat edir. Və sizcə, nədən? Günvurmadan. Əsədullayevi Rusiyada basdırmırlar. Bakıya gətirib, Əmircanda dəfn edirlər.


***

 

Binanın tikintisi isə davam edir. Həmin tikintiyə Yusif Vəzirov rəhbərlik edir. Bu şəxs Yusif Vəzir Çəmənzəminlidirmi, yoxsa başqa bir Yusifdir, bax bu, məlum deyil. Məlum olan isə odur ki, memar Vladimir Krauzenin layihələndirdiyi bina 1913-cü ilin sonunda başa çatır.

 

Həmin bina Moskva tatarlarının ixtiyarına verilir. Binanın fasadında isə belə yazılır: "Marxum Şamsi maktebe". Yəni "Mərhum Şəmsinin məktəbi".

 

Həmin bina məhz müsəlman məktəbinə çevrilir. Dünyəvi elmlərlə yanaşı, o məktəbdə şəriət dərsləri keçirilir, qızlarla oğlanlar ayrı-ayrı mərtəbələrdə təhsil alırdılar. Şagirdlərin bütün xərcləri də Əsədullayevin bank hesabındakı pullar hesabına ödənilirdi.

 

***

 

Əsədullayevin evində mətbəə də vardı. Burda tatar ziyalı Qayaz İshaq "Söz" adlı qəzet də çıxarırdı. Bu bina əslində bir sıra tarixi hadisələrə və şəxslərə  də şahidlik edib. 1917-ci ilin mayında bu binada Ümumrusiya Müsəlmanları qurultayı keçirilib.

 

24 may 1917-ci ildə Şəmsi Əsədullayevin oğlanları Əli və Mirzə Moskvada peyda olurlar. Varisliklə bağlı məsələdən vaz keçən qardaşlar binanı Moskva müsəlman icmasına bağışlayırlar. Bolşeviklər hakimiyyətə gələndən sonra isə bina dövlətin mülkiyyətinə keçir.

 

***
 

30-cu illərdə Əsədullayevin evində Nəriman Nərimanov adına məktəb yerləşir. Və təkcə məktəb də yox. Burada teatr, mətbəə, uşaq bağçası, türk xalqlarının kitabxanası da mövcud imiş.

 

Milyonçu Əsədullayevin adını unutdurmaq üçün Moskva soveti binanın Tatar klubu kimi adlandırılmasını təklif edir. Amma bütün bu kimi hallara baxmayaraq, Moskvada bu bina Əsədullayevin evi kimi tanınır. elə indiyədək.

 

Yeri gəlmişkən, bu binada Sovet İttifaqı Qəhrəmanı, tatar şair Musa Cəlil belə dərs deyib. 1941-ci ildə müharibə başlayanda Əsədullayevin evi hərbi hospitala çevrilir. Müharibədən sonra isə SSRİ Xarici İşlər Nazirliyinə verilir. Binada SSRİ XİN-in makinaçılar kursu fəaliyyət göstərir. Və makinaçıların yataqxanası.

 

***
 

Ötən əsrin 70-ci illərində isə Rusiyanın tatar icması yenidən bu binaya iddia edir. Amma çox sonradan, 2003-cü ildə bina Tatar mədəni muxtariyyatının balansına keçir. Moskva meriyası onlarla 49 (?) illik müqavilə bağlayır. Və o gün, bu gün bina tatar diasporunun əlindədir.

 

Hazırda bu bina uğrunda iki tatar icması amansız mübarizə aparır. Niyə də olmasın? Şəhərin tam mərkəzində yerləşən bu binanın dəyəri on milyon dollarla ölçülür. Bircə bizdən başqa. Öz bakılımızın, elə Bakı nefti hesabına tikdirdiyi binaya biz sahib çıxa bilmirik təkcə...

 

Bəlkə də şansımız yoxdur. Mirzəylə Əli hər şeyi korlayıb, Şəmsinin oğlanlarını deyirəm... Bağışlayıblarmış...

 

Səbuhi MƏMMƏDLİ,

MOSKVA

 

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>