Sizin link burada

Xocalı "Mixaylo"sunun qızı: "Bir gecədə 49 yaxınımı itirdim"

1992-ci ilin fevral ayında Yasəmənin cəmi 12 yaşı var idi. Fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli qətliamdan sağ çıxmış sakinlərdən biridir: “O gecəni xatırlamaq mənim üçün ağırdır. O gecədə mən hər iki valideynimi, bütün əzizlərimi itirdim - əmimi, babalarımı, nənələrimi, xalamı, onun övladlarını... Bir gecədə 49 nəfəri itirdim...”
 
 
 
Bir gecədə bütün yaxınlarını itirən qızcığaz elə o gecədə də böyüdü. Xoşbəxt, qayğısız həyat bitdi. Faciə onun bütün həyatını alt-üst etdi. Milli Qəhrəman Tofiq Hüseynovun qızı bir gecədə yetim qaldı: “Atam Xocalıda özünümüdafiə batalyonunun komandiri idi. Xocalıda atamı hamı tanıyırdı. Onu “Mixaylo” deyə çağırırdılar. Xocalıda atama hamı inanırdı. Xocalının bir “Mixaylo”su vardı, o da Tofiq Hüseynov. Fəxr edirəm ki, damarımda onun qanı axır. O, mənim üçün şərəfli bir da qoyub getdi”.
 
 
 
Soyqırım gecəsi bütün əzizlərini itirən Yasəmən xanımı ən çox atasının ölümü sarsıdıb: “Atam üç gün meşədə ermənilərlə qəhrəmancasına döyüşdü. Onu ermənilər əsir götürmək istəyirdi. Fevralın 29-u atam meşənin ən sıx yerinə çəkilərək əsir düşməmək üçün özünü qumbara ilə şəhid edib. Atamı martın 19-da anamın doğum günündə torpağa verdik”
 
 
 
Yasəmən Xocalı qətliamının "25 lər"indəndir. Yəni o gecədə hər iki valideynini itirmiş və şərti olaraq “25-lər” adlandırılan 25 uşaqdan biri. Dəhşətli gecədən bir neçə gün sonra o, anasını itirdiyini anlayır. Düşünür ki, bəlkə əsir düşüb, girov götürülüb. Acı gerçək illər sonra - təxminən 10 il öncə üzə çıxdı: “Babamgilin həyətində artezian quyusu var idi. Mamamgili onun qarşısında vurublar. Hətta xalam qızının qolunun biri yoxdur. Tank onun qolunun üstündən keçib. Onu Viktoriya İvleva adlı rus jurnalist çəkmişdi”.
 
 
 
Yasəmən xilas olmasını möcüzə hesab edir. Deyir ki, kəndin yuxarı hissəsində yaşayanları dərhal öldürmüşdülər. Onlar isə nisbətən aşağıda yaşadıqlarına görə qaça bilmişdilər: “Həmin gecədə çox adamın ayaqlarını kəsdilər. Qarqarçaydan keçəndə ayaqları donanlar da oldu. Kim hara gəldi, gedirdi. Bələdçilər də var idi. Amma sanki hamı başını itirmişdi. Hərdən səslər gəlirdi. Böyüklər başa düşürdü ki, onlar ermənilərdir. Çünki ermənilərin tələffüzü başqadır. Ağcabədi rayonunun Hindarx kəndinə gəlib çıxdıq”.
 
 
 
Yasəmənin bir bacısı və bir qardaşı var. O gündən sonra onları əmisi himayəyə götürür. Oxudur, böyüdür. Hazırda Yasəmən xanım ibtidai sinif müəlliməsidir. Deyir ki, illər keçsə də, o faciənin təsirləri hələ də keçməyib, ümidi isə ölməyib: “Ağdama gedəndə yolun kənarında “Xocalı” sözünü görəndə fikirləşirəm ki, gör hansı zamandır ki, sən evinə gedə bilmirsən. Hər şeyimizi qoyub çıxdıq. Bu gün hər şeyimiz var. Amma bu gün yenə də ürəyimiz valideynimizi istəyir”.
 
 
 
Bütün xocalılar kimi, Yasəmən Həsənova da bir gün doğma yurduna qayıtmağı həsrətlə gözləyir. İnşallah, bu arzu da gerçək olar.

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>