Sizin link burada

Sürüşmə zonasının sakinlərinə bu qədər kirayə haqqı veriləcək

“Bayıl yamacında baş vermiş sürüşmə zamanı tam dağılmış 4 fərdi yaşayış evinin sahibinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub”.

 

Bunu APA-ya Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

 

 

“Bayıl yamacında mövcud evlər keçən əsrin 90-cı illərində inşa olunub. Ərazidəki evlər qeyri-qanuni, sənədsizdir və orada yaşayan əhalinin böyük hissəsinin pasport qeydiyyatı yoxdur. Burada xeyli sayda məcburi köçkün ailəsi də məskunlaşıb. Həmin evlər bir gecədə tikilib, möhkəm təməli olmayan gecəqondulardır.

 

Buna baxmayaraq, vətəndaşların mövqeyi nəzərə alınmaqla, dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı veriləcək. Ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi 8 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub. Artıq dünəndən etibarən vəsaitlər sənədlərini təqdim etmiş 67 ailənin “Beynəlxalq Bank”ın Səbail filialında açılmış hesablarına köçürülüb. Bu gündən onlar vəsaiti ala bilərlər. Digər vətəndaşlardan da sənədlərini təqdim etmələri xahiş olunur. Bildiyiniz kimi, dövlət qurumlarının normativləri var və Nazirlər Kabinetinin ayırdığı vəsait bu normativlərə uyğun müəyyən edilir”, - İ. Kərimov vurğulayıb.

 

O qeyd edib ki, sürüşmə sahəsində alim və mütəxəssislər çalışır: “Ərazi nəzarətdədir. Mütəxəssislərin çıxaracağı rəyə uyğun olaraq Nazirlər Kabinetində tikililərin gələcək taleyi barədə qərar qəbul ediləcək və məsələ hüquqi müstəvidə həll olunacaq”.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>