Sizin link burada

Məhkəmədə ana FƏRYADI: "Bir oğlum qəbirə, o biri həbsə getdi"

Qardaşını öldürməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin atası Ramazan Əliyev ifadə verib. O bildirib ki, hadisə zamanı evdə olmayıb.

 

Göz yaşlarını saxlaya bilməyən Ramazan Əliyev danışa bilməyib.

 

Məhkəmədə təqsirləndirilən şəxsin anası Gülzar Əliyeva da ifadə verib. O, hadisənin adi bir mübahisə üstündə baş verdiyini söyləyib.

 

G.Əliyeva mərhum oğlunun əsəbi olduğunu və bəzən qardaşı ilə məişət məsələlərinə görə mübahisə etdiklərini söyləyib. Hadisə günü baş verənlər haqda danışan G.Əliyeva söyləyib ki, mətbəxdə olarkən övladlarının səslərini eşidib. Ana bu zaman övladlarının həmişə olduğu kimi mübahisə etdiklərini düşünüb. Muradın qışqırdığını eşidən zaman isə otağa gedib:

 

"Gördüm ki, otaq qandır. Murad da yıxılıb. Əli orda yox idi. Qışqırmağa başladım. Təcili yardım çağırdım.  Bir oğlum qəbirə, bir də türməyə düşdü. Əli Moskvada təhsil alıb . Bir müddət sonra Bakıya qayıtdı. Evdə olanda da görürdüm ki, başını yun şalla bağlayır. Səbəbini soruşurdum. Deyirdi ki, başı möhkəm ağrıyır. Düşünürdüm ki, bəlkə Moskvada nədənsə qorxub, dalaşıb. Deyirdi ki, heç bir şey olmayıb. Əli atasının sağ əli, qardaşı da sol əli idi. İndi atasının hər iki qolu da yoxdur".  

 

Məhkəmə təqsirləndirilən Əli Əliyevə də ifadə verməyi təklif edilib. Sonra Hakim Ə.Əliyevin qapalı məhkəmə iclasında dindirilməsi barədə qərar verib.

 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.

 

Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

 

1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

 

Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər.

 

Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirib.

 

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>