Sizin link burada

Azərbaycanda vətəndaşlar ən çox bu tikinti şirkətlərindən narazıdır - SİYAHI

 

Ötən il şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8% artım olub.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

 

Onun sözlərinə görə, bununla bağlı Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə əsasən yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

 

“Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub və bunlardan “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013", “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK və başqalarının adını çəkmək olar. Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olub və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır. Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırıb, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar”, - deyə S.İsmayılov vurğulayıb.

 

Şöbə müdirinin sözlərinə görə, adıçəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb ediliblər: “Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 mln. 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360 361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb. Bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilib, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməyib”.

 

S.İsmayılov ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərildiyini, 300-dək şəxs zərərçəkmiş qismində tanındığını bildirib.

 

“Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar. Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq”, - deyə şöbə müdiri vurğulayıb.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>