Sizin link burada

BBC: Bakı-Biləsuvar-Culfa

 

Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür. Bu müqavilə ilə Araz çayından şimaldakı və cənubdakı Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi prosesi rəsmən başa çatdı. Tanrı Araz çayından şimaldakı Azərbaycan torpaqlarına XX əsrdə istiqlal nəsib etsə də, təəssüf ki, eyni sözü Güney Azərbaycan haqqında deyə bilmirik.

 

Lent.az Türkmənçay müqaviləsinin 190 illiyi münasibətilə APA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlunun 2012-ci ildə dərc olunan "BBC: Bakı-Biləsuvar-Culfa" adlı yazısını yenidən oxucularına təqdim edir. Bu, Arazın o tayına uşaqlıqdan həsrətlə baxan bir azərbaycanlının düşüncələridir...

 

(Arazboyu düşüncələr)

 

Bu, həmin yol idi - uşaq vaxtı Ordubada getdiyimiz yol. Hər il bu yolu getmək üçün düz doqquz ay gözləyərdik. Hətta valideynlərimiz bizi bu yola həsrət qoymaqla hədələyərdilər: “Baxın ha, dərslərinizdən pis qiymət alsanız, Ordubada getdi yoxdu”. Biz də Ordubadın üzünə həsrət qalmamaq üçün var gücümüzlə yaxşı oxumağa çalışardıq. Bəs necə? Axı bizi qarşıda üç aylıq Ordubad keyfi gözləyirdi - çatan kimi babamız ayağımızın altında qurban kəsəcək, ötən ildən görmədiyimiz qohumlarımızı görəcək, çox sevdiyimiz bir ləhcədə danışan insanlarla təmasda olacaq, gündə üç dəfə dostlarımızla futbol oynayacaqdıq. Ona görə də dərslər bitən kimi bizi Bakıda uzaqbaşı üç-dörd gün saxlamaq olardı. Bakı-Noraşen (Bakı-İliç; sonuncu adı Bakı-Şərur) qatarının taqqıltısının sədaları altında paytaxtda yatıb Cəbrayılda və ya Zəngilanda ayılmaq isə bizə dünyanı bağışlamağa bərabər idi.

 

O vaxtlar bizim üçün cəmi bir vətən vardı, o da ata-baba yurdumuz Ordubad idi. Bəlkə də Ordubaddan başlayan Vətən anlayışımız elə Ordubadla da məhdudlaşırdı. Amma Bakını heç sevmədiyimiz dəqiq idi - uşaq ağlımızla düşünürdük ki, Bakı olmasaydı, ata-anamız oxumaq üçün paytaxta üz tutmaz, ali təhsil aldıqdan sonra orada qalmaz, nəticədə biz də Ordubadda doğulub böyüyərdik. Hətta ciddi-ciddi deyərdik ki, böyüyəndə Ordubadda universitet açacağıq, qoy heç kim ali təhsil almaq üçün Bakıya getməsin, uşaqları da elə burada doğulsun, bizim çəkdiyimiz həsrəti onlar çəkməsin.

 

O sahildə, bu sahildə…

 

İndi bu yolu yenidən gedirdim. Aradan ötən illər ərzində həyatımızda çox ciddi dəyişikliklərin olduğunu düşünərək gözümü yola zilləmişdim - daha iyirmi il əvvəlki yaşda, dünyanın gərdişini vecinə almayacaq qədər qayğısız deyildim; indi atam məni yox, mən öz oğlumu Ordubada aparırdım; evə çatanda ayağımızın altında qurban kəsəcək babam da yox idi artıq.

 

Amma ortada göz deşən bir acı həqiqət də vardı ki, onun qarşılığında nəinki yaşımın üstünə yaş gəlməsi və ailə qayğıları, hətta babamın dünyasını dəyişməsi faktı da çox kiçik görünürdü - indi biz Ordubada Arazın əks tərəfi ilə, yəni vaxtilə “Arazın o tayı” dediyimiz tərəfi ilə gedirdik. Özü də qatarla yox, avtomobillə! İndi “Arazın o tayı” bizim üçün “Arazın bu tayı”na çevrilmişdi. Ordubada qatarla getdiyimiz vaxtların “Arazın bu tayı” on səkkiz ildir erməni işğalı altında olduğundan, ona “Arazın o tayı” gözü ilə baxmaq məcburiyyətində idik artıq. “Arazın o tayı”nın da, “Arazın bu tayı”nın da əzəli Azərbaycan torpaqları olduğunu düşünəndə isə adamın tarixi ədalətsizliyə də, vətənimizi iki yerə bölüb Arazı sərhəd zolağı olaraq müəyyənləşdirənlərə də, hətta öz acizliyinə də söyüb yamanlamağı gəlirdi.

 

Haşiyə. Sovetlər dövründə əksəriyyət Naxçıvan Muxtar Respublikasına qatarla gedib qayıdardı. Bakı-Şərur-Bakı qatarı “yavru vətən”i - muxtar respublikanı “ana vətən”lə birləşdirən əsas nəqliyyat vasitəsi idi. Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra isə bu qatara minmək tədricən insanın öz ömrü ilə çilingağac oynamasına çevrilirdi. Çünki vaxtilə Azərbaycana məxsus olan, 1930-cu illərdə Ermənistan SSR-ə peşkəş edilmiş Mehri rayonunun dəmir yolu stansiyasında qatarın və sərnişinlərin daşlanması artıq adət halını almışdı. Bu daşlamalar nəticəsində Bakı-Şərur-Bakı qatarı 1991-ci ilin noyabrında sonuncu reysini yerinə yetirdi.

 

Xudafərin körpüsü

 

Bəli, iyirmi il əvvələdək biz Ordubada qatarla gedərdik; indi avtomobillə gedirdik. Yolboyu Füzulidən, Cəbrayıldan, Zəngilandan, Mehridən İranın inzibati ərazisinə daxil olan Azərbaycan torpaqlarına həsrətlə baxardıq; indi Güney Azərbaycanda avtomobil pəncərəsindən erməni bayrağı dalğalanan Füzulini, Cəbrayılı, Zəngilanı, Mehrini eyni həsrətlə seyr edirdik.

 

Əvvəllər düşmən gözüylə baxdığımız İran sərhədçilərinə də daha o cür yanaşmırdıq - hər necə olmasa, onların canı canımızdan, qanı qanımızdan, dili dilimizdən, dini dinimizdən idi. Əsl düşmən “Arazın o tayı”nda duranlar idi - torpaqlarımızı işğal etmiş ermənilər. Onların canı canımızdan, qanı qanımızdan, dili dilimizdən, dini dinimizdən deyil. Bu üzdən bizdən cəmi 40-50 metrlik məsafədə olan işğalçılardan hər hansı təhlükə gələrsə, vaxtilə düşmən saydığımız İran sərhədçilərinə sığınmalı olacaqdıq.

 

Qatarda ən sevdiyimiz mənzərə Xudafərin körpüsünə tamaşa etmək idi. Ağlımıza da gəlməzdi ki, o vaxtlar ötəri gördüyümüz bu həsrət körpüsü iki onillik sonra daha əlçatan olacaq, üstündə gəzə bilməsək də, yaxınlığında şəkil çəkdirə biləcəyik (Amma vay belə əlçatanlığa ki, bizə torpaqlarımızın işğalı bahasına başa gəldi). İranlı taksi sürücüsünün məsləhəti ilə şəkli bir qədər gizli formada çəkdiririk. Xudafərin körpüsü yaxınlığında su anbarı tikildiyindən, bu ərazi ciddi mühafizə olunur. İran ərazisi ilə Naxçıvana gedən əksər Azərbaycan vətəndaşları maşını burda əyləyib körpüyə salam verməyi bir növ özlərinə borc bilirlər. Bu səbəbdən iranlı mühafizəçilər beş-on dəqiqəlik körpü ziyarətinə mane olmur, foto və video çəkilişlər aparılmasını görməzdən gəlirlər.

 

Görünür, İran hökuməti Xudafərin körpüsünün Azərbaycan türkləri üçün rəmzi dəyərini bildiyi üçün körpünün yaxınlığından keçən yolda yenidənqurma işlərinə başlayıb. İndi yolun bu hissəsində dağın içi ilə tunel çəkilir. Tunel istifadəyə verildikdən sonra yəqin ki, avtomobil pəncərəsindən Xudafərin körpüsünü seyr etmək mümkün olmayacaq.

 

Haşiyə. Azərbaycanda xalq hərəkatının yenicə vüsət aldığı illərdə rəhmətlik Əbülfəz Elçibəy Cəbrayıl rayonuna səfər edir. Xalq Cəbhəsinin yerli şöbəsinin rəhbərliyi rus sərhədçiləri ilə, onlar da öz növbəsində İran sərhədçiləri ilə danışıqlara gedir və Elçibəyin Xudafərin körpüsünü ziyarət etməsinə şərait yaradılmasına dair razılıq əldə olunur. Bir şərtlə ki, Elçibəydən başqa kimsə Xudafərin körpüsünün üstünə çıxmayacaq, o da körpünün tən ortasından o yana keçməyəcəkmiş. Elə də olur. Bəy asta addımlarla Xudafərin körpüsü üzərində addımlamağa başlayır. Körpünün ortasına çatanda Elçibəy dözməyib hönkürür və Tanrıya xitabən deyir: “İlahi, mən niyə öz torpağımda gəzmək üçün rusdan və farsdan icazə almalıyam? Belə də ədalətsizlik olarmı?”

 

Bakıdan Biləsuvara, Biləsuvardan Culfaya

 

İran və Azərbaycan hökumətləri arasında imzalanmış memoranduma əsasən, 2007-ci ilin noyabrından Bakı-Naxçıvan avtobus marşrutu açılıb. İran ərazisindən keçməklə Naxçıvana gedən avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzalından yola düşür, Biləsuvar gömrük-keçid məntəqəsindən İran ərazisinə, Culfa gömrük-keçid məntəqəsindən isə Azərbaycan ərazisinə daxil olur. Biletin qiyməti 14 manatdır. Naxçıvana təyyarə biletinin qiymətinin 50 manat olduğunu nəzərə alsaq, bu marşrutun aztəminatlı ailələr, Bakıda yaşayan naxçıvanlılar, eləcə də səhhəti təyyarəyə minməyə imkan verməyən şəxslər üçün əhəmiyyəti anlaşılar.

 

İki ölkə arasında imzalanmış memorandum Azərbaycan vətəndaşlarının şəxsi avtomobilləri ilə də İran ərazisindən keçməklə Naxçıvana getməsinə imkan yaradır. Lakin həm avtobusla, həm də şəxsi avtomobillə səfər hər iki ölkənin sərhəd-gömrük məntəqələrində vaxt itkisinə səbəb olduğundan, üçüncü bir yol da var: taksi ilə Bakıdan Biləsuvar gömrük-keçid məntəqəsinə 10 manat, İran ərazisi ilə 10 manat ödəməklə mənzil başına daha tez yetişmək mümkündür. Beləliklə, taksi ilə Naxçıvana gedib çatmaq bir adama 25-30 manata başa gəlir. Maraqlıdır ki, Azərbaycan və İran taksilərinin xidmət qiyməti eyni olsa da, getdikləri məsafə və sərf etdikləri vaxt çox fərqlidir. Bakıdan Biləsuvara 200 km-lik yola 3 saat, İran ərazisi ilə Biləsuvardan Culfaya 348 km-lik yola 4,5-5 saat vaxt gedir.

 

Son illər İranda yol infrastrukturu yüksək səviyyədə inkişaf edib. Halbuki on il əvvələdək İran yolları bu vəziyyətdə deyildi. İranla sərhəd bölgələrində yaşayanlar təsdiqləyər ki, vaxtilə Arazın o tayındakı yollar yalnız minik heyvanlarının hərəkəti üçün əlverişli idi. Elə iranlı sürücülər də bunu deyir: “Baba, sizin sayənizdə bizim yollarımız düzəldi. Yoxsa Biləsuvarın, Aslandüzün, Parsabadın, Ələmdarın yolları Tehranda oturanların yadına da düşməzdi”.

 

İran hökumətinin Azərbaycanla sərhəd bölgələrinə diqqətini artırması səbəbsiz deyil. Çünki Ermənistanın Naxçıvana gedən dəmiryolunu bağlaması İranın muxtar respublika vasitəsilə dəmiryolu yükdaşımalarının həcminə ciddi təsir edib. Bu səbəbdən quru yolu vasitəsilə yükdaşımaların həcmini artırmaq zərurəti yaranıb. Bakı-Naxçıvan avtobus marşrutunun açılması isə İranın Azərbaycanla həmsərhəd bölgələrində yaşayan əhalinin maddi durumunda müsbət mənada xeyli dəyişikliklər edib: yüzlərlə İran vətəndaşı şəxsi avtomobili ilə Azərbaycan vətəndaşlarına taksi xidməti göstərir, İranın Culfa, Astara və Biləsuvar gömrük-keçid məntəqələrində açılmış bazarlar isə quzeylilərin sevimli alış-veriş yeridir.

 

Ora mənim evimdi...

 

Yuxarıda sadaladıqlarımızdan başqa, daha bir qrup vətəndaşımız Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobus və ya taksi xidmətlərindən istifadə edir. Onlar Füzuli, Cəbrayıl və Zəngilanın... Arazboyu kəndlərindən məcburi köşkün düşmüş soydaşlarımızdır. İranlı taksi sürücülərinin dediyinə görə, Culfa gömrük-keçid məntəqəsinə getmək üçün Biləsuvarda anlaşdıqları müştərilərinin yarı yoldan geriyə - yenidən Biləsuvara qayıtması faktları ilə tez-tez üzləşirlər: “İndiyədək o qədər olub ki, Füzuli, Cəbrayıl və ya Zəngilanın hansısa kəndinin yanından keçəndə müştərilərimiz maşını saxlatdırıb. Maşından düşüb Arazın o tayındakı bir evi göstərərək “ora mənim evimdi” deyib və hönkürtü ilə ağlamağa başlayıb. Bu, elə dəhşətli mənzərədir ki, biz də onlara qoşulub ağlamaqdan özümüzü saxlaya bilməmişik”.

 

Bu sözləri eşitdikcə düşünürsən ki, doğrudan da Qarabağın yolu Təbrizdən, Güney Azərbaycandan, lap elə bu Arazboyundan keçir. Çünki Arazın elə dayaz, ensiz yerləri var ki, beş-on addım atmaqla özünü Füzulinin, Cəbrayılın və ya Zəngilanın kimsənin yaşamadığı hansısa kəndində görə bilərsən.

 

Üç manata... Təbrizə

 

Son illər İran xəstəxanalarına müraciət edən Azərbaycan vətəndaşlarının da sayı artıb. Soydaşlarımız xüsusən Təbriz həkimlərinə daha çox etibar edirlər. Həkimlik işimiz olmasa da, Təbrizi ziyarət etmək şansını əldən buraxmaq olmazdı. Sərhədi keçib İran Culfasında dayanan taksilərdən biri ilə adambaşı 3500 tümənə (təxminən 3 manata) razılaşdıq. Cəmi iki saatdan sonra Təbrizdə idik.

 

Bu, doğrudan da ilahi ədalətsizlik idi - iki saatlıq və üç manatlıq bir yola bizi 200 il həsrət qoymuşdular...

LENT

20 Aprel 2018

Digər xəbərlər >>>