Sizin link burada

Mövsümün 10 ən uğurlu qış transferi

Avropada qış “transfer pəncərə”si başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq bəzi futbolçular yeni komandalarında uğurlu start götürüblər.

 

Komandalarına qoşulan kimi oyuna çıxan, qol vuran, qələbədə rol oynayan futbolçuların ilk onluğunu təqdim edirik.

 

10. Aleksis Sançez (“Arsenal”dan “Mançester Yunayted”ə, Henrik Mxitaryanla dəyişdirilib)

 

 

Aleksis Sançezin “Mançester Yunayted”ə keçidi sosial şəbəkələrdə yayda Neymarın PSJ-yə transferindən 75% daha çox səs-küy yaratdı. Bundan əlavə çilili futbolçunun “manukunianlar”a keçidi klubun ötənilki forma satış rekordunun qırılmasına da səbəb olub. Oyunçu özü də yeni komandasının heyətində boş dayanmayın. “Qırmızı forma”da 3 oyuna çıxan Aleksis qol vurmağa və məhsuldar ötürmə verməyə də macal tapıb.

 

9. Henrik Mxitaryan (“Mançester Yunyated”dın “Arsenal”a, Aleksis Sançezlə dəyişdirilib)

 

 

Onu Joze Mourinyo özü “Mançester Yunayted”ə dəvət etsə də, potensialını tam açmağa imkan vermədi. “Arsenal” isə məmnuniyyətlə öz sıralarına qəbul etdi. Mxitaryan London klubunda ilk oyundaca nəsə bacardığını sübut etdi. Henrik “Everton”la matçda 5:1 hesablı qələbəyə 3 “assist”lə töhvə verdi.

 

8. Pyer Emerik Obameyanq (“Borussiya D.”dan “Arsenal”a, 63.75 milyon avro)

 

 

Qabonlu hücumçu üçtərəfli “Borussiya” - “Arsenal” - “Çelsi” oyunçu dəyişiminin bir parçası kimi Londona üz tutdu. Burada o, uzun müddət Dortmundda birlikdə çıxış etdiyi Mxitaryanla qarşılaşdı. Artıq birlikdə keçirdikləri ilk oyunlarında Mxitaryan 3 ötürmə veribsə, Obameyanq da bir qol vurub.

 

7. Mişi Batşuay (“Çelsi”dən “Borussiya”ya, icarə, 1.5 milyon avro)

 

 

Yanvarın 31-i gecəsi bütün Dortmundu kədər bürümüşdü. Şəhər nümayişkaranə şəkildə Dumanlı Albiona yollanan qəhrəmnanını itirmişdi. Çətin ki, hansısa azarkeşin ağlına gələrdi ki, onu hücum xəttində Mişi Batşuay əvəz edəcək. Amma belçikalı elə ilk oyundaca sübut etmək istədi ki, ən az Obameyanqdan zəif hücumçu deyil. “Köln”lə matçda dubl edən forvard bir dəfə də qol ötürməsi verdi. Bu, “Borussiya”ya 3 xal, hücumçunun özünə isə növbəti oyunda əsas heyətdə yer qazandırdı.

 

6. Uesli Sneyder (“Nitsa”dan “El Qrafa”ya, sərbəst agent)

 

 

Çox adam deyir ki, Sneyder artıq futboldan yorulub. Bəlkə də belədi, ancaq o, öz səviyyəsini nümayiş etdirməyə davam edir. Qətər “Əl Qrafa”sında artıq 3 oyuna çıxan hollandiyalı artıq 6 oyun keçirib, 3 qol vurub, hətta bir məhsuldar ötürmə etməyə də macal tapıb. Üstəlik o, cərimə zərbələrini gözəl yerinə yetirməyi də adət halına salıb.

 

5. Cerard Delofeu (“Barselona”dan “Uotford”a, icarə, 1 milyon)

 

 

Mövsümün əvvəlində “Barselona”nın heyətində qalmağa bacaran Delofoeu ara-sıra meydana da çıxırdı. Yarm ildə 10 oyun keçirdikdən sonra Cerard “Uotford”a yollandı. Orda isə cəmi iki oyundan sonra ispaniyalı “qol+pas” sistemində artıq iki bal toplaya bilib. Onun səmərəli oyunu nəticəsində komandası ötən ilin çempionu “Çelsi”ni darmadağın etdi.

 

4. Dieqo Kosta (”Çelsi”dən “Atletiko”ya, 66 milyon)

 

 

“Mən bu anı necə uzun müddət idi ki gözləyirdim” demişdi Dieqo Kosta. Braziliya əsilli ispan Madrid təmsilçisnə hələ payızdan qoşulsa da, “hindular”ın cəzası səbəbindən qışda sifariş edildi. İlk oyununu yanvarda keçirən forvard ilk cəhdindəcə qol vurmağı bacardı. Ümumiyyətlə isə “Atletiko”ya dönüşdən sonra onun hesabında 3 qol, iki “assist” və bir “qırmızı” var. Hamının darıxdığı Kosta geri dönüb.

 

3. Mario Qomes (“Volfsburq”dan “Ştutqart”a, 3 milyon)

 

 

Alman hücumçu Mario Qomes doğma klubuna geri döndü. Bu komanda ilə o, uzaq 2007-ci ildə Bundesliqa çempionu olmuşdu. Düzdü, o, əvvəlki kimi gənc deyil, amma meydana çıxdığı 4 oyunda qol vurmağa və məhsuldar ötürmə etməyə imkan tapıb. Qomesin “Ştutqart”a ikinci gəlişi hələ ki, özünü doğruldur.

 

2. Teo Uollkot (“Arsenal”dan “Everton”a, 22.5 milyon)

 

 

“10 yaşım olanda məktəbdə müəllim dedi ki, böyüyəndə özümüzü harda görmək istəyirik mövzusunda yazı hazırlayaq. Mən öz həyatımın qrafikini çəkmişdim və orda özümü peşəkar futbolçu kim təsvir etmişdim”. Bu sözləri Teo Uollkot deyib.

 

Arzular gerçək oldu. O, həmişə yaxşı səviyyədə oyun göstərib. Düzdü müəyyən hədd var idi ki, onun üstünə çıxa bilmədi. İndi isə 12 illik “Arsenal” macərasından sonra Uollkot “Everton”a gəlib. İşləri isə uğurlu start götürüb: üç oyuna 2 qol və bir ötürmə.

 

1. Filippe Koutinyo (“Liverpul”dan “Barselona”ya, 120 milyon+40 milyon bonus)

 

 

Neymardan sonra dünyanın ən bahalı ikinci transferi olan Koutinyo iki gün əvvəl ilk dəfə “Barselona” forması ilə fərqləndi. Hələlik braziliyalının “Barsa”ya ideal qoşulduğunu demək olmaz. Ümid edirik ki, futbol əvvəlki səviyyəsinə geri qayıdacaq. Amma hələlik startı uğurlu saya bilərik. Xoşbəxtlikdən Koutinyonun qolu “Barselona”nı kubokda finala çıxardı.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>