Sizin link burada

Pxençxan-2018: Azərbaycan idmançıları paraddan 4 nəfərlə keçdi - YENİLƏNİB

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə start verilib. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da start götürən mərasimdə artıq Azərbaycan millisi paraddan keçib.
 
 
 
Bayrağımızı yeganə təmsilçimiz Patrik Braxner daşıdığı halda, yığmamızın şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurov, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasın prezidenti Rauf Xəlilov onu müşayiət ediblər.
 
 
 
Açılış mərasiminə gəlincə, tədbir ağ pələng Suxoranqın səhnəyə çıxması ilə başlayıb. Ardınca talismanın adı ilə ona 5 uşaq qoşulub. Bundan sonra Cənubi Koreyanın bayrağına həsr olunan şou nümayiş edilib və ölkənin himni səslənib.
 
 
 
Dövlət simvollarının nümayişindən sonra idmançıların paradı başlayıb. Ənənəvi olaraq, Yunanıstan azarkeşlər qarşısından birinci keçib. 
 
 
 
Maraqlıdı ki, paraddan sonuncu olaraq 2 komanda - Cənubi Koreya və KXDR bir bayraq altında keçib. Onlar əvvəlcədən razılaşdırıldığı kimi, Koreya adı altında birləşiblər. 
 
 
15:28
 
 
Bir neçə dəqiqə əvvəl Cənubi Koreyanın Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
 
Lent.az azərtac-a iatinadən xəbər verir ki, Olimpiadanın açılış mərasimi Alpenziya dağ xizəyi kurortundakı Hvanqe olimpiya parkında keçirilir.
 
Budəfəki Qış Olimpiya Oyunlarında 92 ölkədən 2925 idmançı mübarizə aparacaq. Malayziya, Sinqapur, Ekvador, Eritreya, Nigeriya və Kosova atletləri Qış Oyunlarında ilk dəfə iştirak edirlər. KXDR komandasına xüsusi kvota ayrılıb və bu ölkə Oyunlarda 22 idmançı, o cümlədən Şimali və Cənubi Koreyanın qadınlardan ibarət vahid xokkey komandası ilə təmsil olunur. BOK-un qərarı ilə Rusiya Oyunlara buraxılmasa da, Pxençana 169 rusiyalı idmançının gəlməsi gözlənilir. İsveçrəni 170, Almaniyanı 156, İtaliyanı 122 idmançı təmsil edir. Avstriya, Norveç, Finlandiya, Fransa Pxençana 100-dən çox idmançı göndərib. Azərbaycan Oyunlarda bir idmançı ilə təmsil olunacaq. Ölkəmiz 1998-ci ildən qış Olimpiya oyunlarında iştirak edir.
 
Bu gün səhər Olimpiya məşəli Cənubi Koreyaya çatıb. Məşəl estafetində məşhur aktyor Cekki Çan da iştirak edib.
 
Qış Olimpiya Oyunlarının açılış mərasimini izləmək üçün 21 ölkənin və bir neçə beynəlxalq təşkilatın rəhbər şəxsləri Pxençana gəlib. Onların arasında BMT-nin baş katibi Antonio Quterreş, Almaniya prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsveç kralı Karl Qustav, İsveçrə prezidenti Alain Berset, habelə Sloveniya, Polşa, Slovakiya, Litva, Estoniya və Latviyanın dövlət başçıları, Norveç, Danimarka, Lixtenşteyn və Finlandiyanın baş nazirləri, Monako knyazı, Danimarkanın şahzadə vəliəhdi, Kanadanın general-qubernatoru və başqaları var.
 
Olimpiya oyunlarının proqramına 15 idman növü daxildir. İdmançılar burada 102 dəst medal uğrunda mübarizə aparacaq. Oyunların bağlanış mərasimi fevralın 25-nə planlaşdırılıb.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>