Sizin link burada

ÜAK-ın yerində yeni diaspor təşkilatı yaradıldı

Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

 

Bu barədə APA-nın Moskva müxbirinə akademik Fazil Qurbanov məlumat verib.

 

Onun sözlərinə görə, yeni yaradılan təşkilat Rusiyanın Azərbaycan Konqresi (Азербайджанский Конгресс России) adlandırılması təklif olunur: "Bu, mümkün variantlardan biridir. Rusiyanın 70 regionunda diaspor icması yeni diaspor təşkilatının yaradılması ilə bağlı mənə müraciət etdi. Həm də müraciət olundu ki, Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək üçün təşəbbüs qrupu yaradaq. Biz belə qərara gəldik ki, hələlik təşkilat Rusiyanın Azərbaycan Konqresi adlansın. Eyni zamanda Vladimir Putinə dəstək qərargahı yaratdıq. Bu barədə Vladimir Putinin seçki qərargahına, Ümumrusiya Xalq Cəbhəsinə qərargahın yaradılması barədə müraciət etmişik”.

 

F. Qurbanov deyib ki, artıq Rusiyadakı bütün Azərbaycan diaspor icmalarında Vladimir Putinin namizədliyinin dəstəklənməsi ilə əlaqədar qərargahlar yaradılıb.

 

F. Qurbanov yeni diaspor təşkilatının yaradılması ilə bağlı yol xəritəsinin hazırlandığını, bu barədə məsləhətləşmələrin aparıldığını da qeyd edib: “Yeni təşkilatın yaradılması üçün təsisçi olmalıdır, qurultay keçirilməlidir. Hazırda bu yöndə məsləhətləşmələr aparılır”.

 

F. Qurbanov V. Putinin namizədliyinin dəstəklənməsi ilə bağlı yaradılan qərargaha özünün rəhbərlik etdiyini qeyd edib: “70 regionun hər birində yaradılan qərargahlara 3 nəfər daxildir. Qərargah “Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir” devizi altında fəaliyyət göstərir. Qərargaha Rusiyada yaşayan tanınmış azərbaycanlılar, incəsənət, mədəniyyət, elm xadimləri daxildirlər”.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>