Sizin link burada

Hərbi vətənpərvərliyin təbliğində əsaslı dönüş

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ötən 6 ildə bu istiqamətdə ciddi tədbirlər həyata keçirərək mühüm nəticələr əldə edib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət dairəsi son dərəcə geniş kontingenti, demək olar ki, bütövlükdə ölkə əhalisini əhatə etməsi baxımından xüsusilə diqqət çəkir.

 

Xidmətin öz işlərini cəmiyyətlə sıx təmasda, insanlarla, vətəndaşlarla birbaşa ünsiyyət şəraitində həyata keçirməsi onu bu cəhətdən ön plana, ictimai rəydə müstəsna bir mövqeyə çıxarır. Bu qurumun çoxşaxəli fəaliyyətinə ümumi bir nəzər saldıqda belə, onun nə qədər mürəkkəb və zəruri səciyyə daşıdığını aydın görmək olur.

 

Məlumdur ki, ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikası Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edildi və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Xidmətin fəaliyyət müstəvisinə vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi daxildir. Bununla yanaşı, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı da Xidmətin fəaliyyət dairəsindədir. Eyni zamanda, Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələrilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək də sözügedən Xidmətin vəzifələri sırasındadır. Göründüyü kimi, çox geniş spektri əhatə edən bu vəzifələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, ilk növbədə Xidmətin rəhbərliyindən son dərəcə böyük məsuliyyət, əzmkarlıq və ciddiyyət tələb edir.

 

Əldə olunan nəticələr göstərir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də olduqca fəal və səmərəli iştirak edir.

 

Qurumun bütün bu sahələr üzrə fəaliyyətinin həm dövlət rəhbərliyi, həm də cəmiyyətimiz tərəfindən bəyənilərək dəstəkləndiyi artıq inkarolunmaz reallıqdır. Ancaq fikrimcə, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı kimi vacib istiqamətlərdə Xidmət tərəfindən görülən mühüm işlər bu cəhətdən xüsusi vurğulanmalıdır. Sözügedən sahədə yüksək səviyyədə həyata keçirilən tədbirlərin ictimaiyyətdə böyük maraq və rəğbət oyatması günümüzün sevindirici faktıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, eləcə də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri kimi mən həmin tədbirlərin mütləq əksərinin şəxsən iştirakçısı, əyani şahidiyəm. Birbaşa müşahidələrimə əsaslanaraq cəsarətlə deyə bilərəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu sahədə qarşıya qoyulan məqsədlərə tam mənada nail olaraq ciddi uğurlara imza atıb.

 

"Xidmətin xeyli müddətdən bəri müvəffəqiyyətlə gerçəkləşdirdiyi "Vətənin müdafiəsinə hazıram!" tədbirlər silsiləsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi keçirilən bu ictimai tədbirlərin son dərəcə geniş auditoriyası var. Paytaxt rayonlarını, digər şəhərlərimizi və ümumən bölgələri əhatə edən belə tədbirlərin əsas ünvanı, hədəf kütləsi orta məktəblərin yuxarı sinif şagirdləridir. Bir qayda olaraq, həmin tədbirlərdə Dövlət Xidmətinin mərkəzi və yerli strukturları, icra hakimiyyətləri, bu sahədə fəaliyyət göstərən QHT-lər təmsil olunurlar. Lakin ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi veteranlarının iştirakı bu silsilənin həm əhatə, həm də təsir dairəsini daha da genişləndirir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynayan bu tədbirlərin proqramı çox zəngin və maraqlı olur. Silahlı Qüvvələrimizin artan qüdrətindən, ordu quruculuğu ilə bağlı atılan addımlardan, hərbi sahədəki davamlı inkişafdan söz açılır, faktlar diqqətə çatdırılır. Çıxışlarda xalqımızın qəhrəman övladlarının ömür və döyüş yolu xatırlanaraq, parlaq nümunələr kimi qeyd edilir. Yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsi işində xidməti olan "Gənclərin çağırışaqədərki hazırlığı" üzrə rəhbərlər, həmçinin, fərqlənən şagirdlər mükafatlandırılır. Bədii hissədə isə sənətçilərin və özfəaliyyət kollektivləri çıxış edirlər, hərbi vətənpərvərlik ruhlu şeirlər, mahnılar səsləndirilir.

 

Aydındır ki, "Vətənin müdafiəsinə hazıram!" silsiləsinin yerlərdəki iştirakçıları fərqli zümrələri və müxtəlif nəsilləri təmsil edirlər. Həmin insanlar öz duyğu və təəssüratlarını bölüşərkən bu tədbirlərin xüsusən gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissini daha da gücləndirdiyini, onlara sonsuz mübarizə ruhu aşıladığını dilə gətirirlər. Eyni zamanda, bir cəhət də haqlı və əsaslı olaraq vurğulanır ki, bütün bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çevik, ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticələri, Xidmətin digər sahələr kimi, bu yöndə də əsaslı dönüşə nail olduğunun təqdirəlayiq göstəriciləridir.

 

Dövlət Xidmətinin son illərdə gənc nəslə yönəlik, hərbi vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədilə keçirdiyi vacib tədbirlərdən biri də "Sabahın əsgəri" və "Çağırır Vətən!" yazı müsabiqələridir. Ümumtəhsil məktəblərinin şagirdlərini əhatə edən bu müsabiqələrə olan maraq, həmçinin, yüksək iştirak nəticələri "Sabahın əsgəri" və "Çağırır Vətən!"in tutarlı təşəbbüs olduğunu, özünü doğrultduğunu isbatlayır. Müsabiqələrə təqdim olunan yazılara vətənpərvərlik ruhu hakim olur, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər etmək əzm və niyyətləri öz əksini tapır.

 

Bunlarla yanaşı, Dövlət Xidmətinin təşkil etdiyi atıcılıq turnirləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə təşkil olunan sərgi-müsabiqə də hərbi vətənpərvərlik tərbiyəsi naminə təbliğatın dəyərli tərkib hissələridir.

 

Haqqında söz açdığım tədbirlər yeni nəslin nümayəndələrinin diqqətini kifayət qədər cəlb edərək, onların hərbi vətənpərvərlik hisslərinin güclənməsinə təkan verir. Yekun olaraq qeyd edim ki, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı naminə görülən effektiv işlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin digər xətlər üzrə, sonrakı mərhələlərdə əldə etdiyi yüksək nailiyyətlərin açarı rolunu oynayır. 

 

Emin HƏSƏNLİ
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq 

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>