Sizin link burada

Mənim şeirimin səhnəsi

 

AYB-nin  Natəvan klubunda  yeni şeirlərimə öz ifamda qulaq asan tənqidçi Rüstəm Kamal dedi ki, artıq  Qəşəm bitir. “Yeni təsniflərimə” və  təsnifatıma  qulaq asan tənqidçilərin əsas fikri  də  belə oldu.  Söhbət sözçülük və zəiflikdən getmirdi, hər şeirlə  intiharım  şeirlərimin sonu kimi səciyyələnirdi. Mənim   şeir yolum  bir  istiqamətli deyil, əksiliklərlə, şübhə və anlaşılmazlıqla doludur və bu  çoxsəsli sinfoniyanı, sayrışan hallar nevrozunu  xatırladırdı. Düşüncələrim səyriyirdi. Mən məğlub olub, hamını aldadırdım. Yeni şeirlərim belə idi.

 

Mənim  heca şeirimin vəzni  intonasiyamda gizlənir.  Hər şey birinci atəşdən, intonasiyadan  başlanır. Sərbəst şeirlərim isə  heca şeirinin içidir, material hecanındır, ancaq mən  onu yeni bir formada qururam. Təzəliyi, yeniliyi  sevən adamam. Şeirin quruluşunu, qapalı və açıq hecaların düzülüşünü, şeirin sintaksis və  morfologiyasını, şeirin səhnə vəziyyətini, deyək ki, mən onu səhnədə oxuyanda hara baxacam və hansı misranın qafiyə zəifliyinə kömək olaraq  “ə” hərifinə  oxşayan əlimi  yuxarı qaldıracam və s. Hərəkətlə düşünürəm.  Bütün şeirlərimin   səhnə tərtibatını, dramaturgiyasını  həmişə  nəzərə alıram. Əlbəttə,  bunların hamısı   hisslərimin axışında  yaranır. 

 

Bir dəfə universitetdə  mənlə görüş idi, tələbələrə deyirdim ki,  heca şeirim (elə bu an gözüm pəncərəyə sataşdı) pəncərə şüşəsinin bütövlüyüdür, sərbəst şeirim  isə həmin  pəncərə şüşəsinin çilik-çilik olmasıdır. Sonra böyük şövqlə  fikrimi daha da möhkəmləndirmək üçün: təsəvvür edin  heca  şeiri  suyun stəkanda donmuş  formasıdır, sərbəst şeir  buzun əriməsi və həmin bir stəkan suyun süfrəyə calanmasıdır  dedim. Bir tələbənin  anidən verdiyi sual məni çaşdırdı. Pəncərə şüşəsi çiliklənirsə, bu çox gərəksiz bir şeydir. Xeyli susdum. Haqlı idi tələbə. Amma mənim də cavabım gecikmədi. O şüşə  elə hissələrə, elə üçbucaqlara parçalanır ki, o da özlüyündə gözəldir. Onları insan əli  o cür bölə bilməz.  Mən cavabı  o anda tapdığım kimi, şeirlərimi də belə tapıram. Bu da bir tale işidir.

 

20 əsrin sonunda elə bilirdilər ki, min illik  heca şeirimiz  ömrünün sonuna gəlib. Artıq Qərb şeiri Şərqü üstələyir və s. fikirlər xeyli gündəmdə oldu. Sərbəst şeirə geniş start verildi.  Sonra sərbəst şeirin özü də yoruldu. Deməli, heca və sərbəst şeirdə günah yoxdur. Əsas məsələ istedad və sənətkarlıqla bağlıdır.

Mənim şeir haqqında yalnız  bir anlayışım var, nə yazırsansa yaz, hansı vəzn olursa olsun, gözəl yaz. Modernizm də budur, postmodernizm də. Böyük  şairimiz Mikayıl  Müşfiq  deyirdi:

 

İstər bəstəkar ol, istər nəqqaş ol,

Şair ol, rəssam ol, heykəltəraş ol.

Yaratdığın şeyi sevərək yarat,

Hamıdan yüksək ol, hamıdan baş ol.

 

 

Heca  şeirini gözdən zəif şairlər, təkrar qafiyələr salır, heca şeiri yeni ritm,  yeni təkan və enerji, yeni əsrin nəfəsini  istəyir.  Hələ də  heca şeirində “ellər, dillər,  sellər, güllər” qafiyəsi işlənirsə, yeni ritm, intonasiya yoxdursa , deməli, hələ  o şeir yazılmayıb.  Heca şeiri   o zaman  unudulur ki, qafiyələr taxta  qapı kimi taqqıldayır və oxucunun alnına  yumruq kimi dəyir. Şair qafiyələri şeirin mənasının, ritminin içində əritməlidir. Qafiyələri  şeirdə gizlətməyi bacarmalıdır.  Neçə ki, yeməyə duz səpəndə, əriyir. Qafiyə də elə..

 

Hər şeirdə gözəl bir  xüsusiyyət  olur; birində məna, birində səmimiyyət, birində güclü metofara, birində axıcılıq, birində  şeirin yarandığı  vəziyyət, an, tarix, ədəbi faktın özü şeirə gözəllik gətirir. İstəyir, onun ağac yarpağına yaz, istəyir qalın-qalın kitablara, fərqi yoxdur, dəyəri öz içindədir.

 

Bu gün  yeni  hesab elədiyimiz sərbəst şeirin özündə də   tənəffüs və ürək  çatışmazlığı  hiss olunur. Hamı elə bilir ki, sərbəst şeir yeni stildir, təzədir. Amma bu gün istifadə etdiyimiz sərbəst şeir  də  təntiyir. Çünki ona yeni ürək, enerji qoşan yoxdur. Könhə bir intonasiyaya  min şair qurşanıb. Onun  dil və ədəbi enerji   mənbəyi olan folklorla əlaqəsi zəifləyib. Bir şey deyim.  Əslində, bugünkü şerimizdə;  istər  hecada, əruzda, istərsə də  sərbəstdə, cəmi 4-5 hava var. Bu hava  kiminsə, hansı şairinsə öz həqiqi havasıdır. Amma baxın, bu havaya yüzlərlə şair oynayır, yəni eyni intonasiyanı, eyni ritmi  yazırlar. Sadəcə, sözləri, xüsusən feilləri dəyişiblər.  Daha buna  oxucumu  dözər? Didilmiş, çeynənmiş havalar bu gün ortadadır. Məsələn, Ramiz Rövşənin havasında onlarla şair  şeir  yazır. Hətta Ramizdən də yaxşı yazırlar. Necə deyərlər, kopya orjinaldan gözəl çıxır. Amma nə olsun, intonasiya Ramizindir. Hər bir şairin öz şeirində qeydiyyatı olmalıdır. Nə qədər  başqalarının şeirində qeydiyyatsız yaşayan şairlər  var.  Bir musiqiyə yüzlərlə mahnı oxunduğu  kimi, şeirdə də bir intonasiyaya  yüzlərlə şeirlər yazılır. Mənim fikrimcə, bu,  ən  ciddi  oğurluqdur.

 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>