Sizin link burada

Qaranlıqda İşıqlar

Aysel Babayeva

“...1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır... Sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm:

Sən bizimsən, bizimsən,

durduqca bədəndə can,

yaşa, yaşa, çox yaşa,

ey şanlı Azərbaycan!”

 

(M.Ə. Rəsulzadənin “Amerikanın səsi” radiosundan 1953-cü il 28 may günü münasibətilə xalqa səslənişi)

Məmməd Əmin Rəsulzadə... Bu gün dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının hörmət, ehtiram və qürurla xatırladığı o işıqlı şəxsiyyət. Qaranlıq yolda “işıqları” görən, bu yolun işıqlanacağına son nəfəsinədək inanan “Əsrinin Siyavuşu”. Bu yol millətin yolu, azadlığın, istiqlalın yolu idi...

“Dəhşətlərinə şahid olduğumuz bu yol bir həqiqəti - əsrimizin milliyyət əsri olduğunu isbat etdi” (“Açıq söz” qəzeti, 1915, “Tutacağımız yol” məqaləsi).

“Müsəlman Gənclik Təşkilatı” ilə başlanan yol necə mənzillərə yetişdi... Milli Şura, daha sonra Məclisi Məbusan - Şərqdə ilk Parlament oldu. Bu, “tutduğu yolun” ən uca zirvəsiymiş məgər:

 “Möhtərəm Millət vəkilləri! Azərbaycan Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm...”.

Yolun başlanğıcında işıqlar necə də yaxın və parlaq görünürdü: “Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli bayrağımız hamımızı siyasətcə birləşdirir...” (“Müsavat” Partiyasının bəyannaməsi).

1918-ci ildən 2 illik müstəqilli dövrü milli və sosial hüquqların qorunması, qonşu dövlətlərlə münasibətlərin qurulması, sosial islahatlar və digər yeniliklərlə ötürdü. Amma çox çəkmir. “Türkiyəyə yardım üçün Azərbaycandan keçməli olan” bolşeviklər 1920-ci il aprelin 27-də Parlamentə ultimatum veririlər. Rəsulzadə buna qarşı çıxır: “... Əfəndilər, mötəcaziz bir ultimatum qarşısında qalmışıq... Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur, istila ordusudur... Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir... Bu ultimatumu rədd etməliyik...”. Sədr M.Y. Cəfərov verilən ultimatumu səsə qoydu, 3 nəfər bitərəf qalmaqla hakimiyyət bolşeviklərə verildi.

 

O gündən Rəsulzadə gizli fəaliyyətə başladı. Müsavatın “Gizli Ümumi Mərkəzi” yaradıldı. Məqsəd Azərbaycanı bolşeviklərdən təmizləyib, yenidən müstəqilliyinə qovuşdurmaq idi. Yəni yolun sonunda hələ də “işıq”- Müstəqil, Azad Azərbaycan - var idi. O inanırdı, Azərbaycanın bir gün müstəqil və güclü dövlətlər sırasında mövqe tutacağına bütün qəlbi ilə inanırdı. Ağır olsa da ailəsini belə qurban verərək son nəfəsinədək bunun uğrunda çalışdı.

İşğalın ilk günündən bolşeviklər məqsədlərinə doğru qanla getdilər - 1921-ci il avqustuna qədər 48 000 insan “qırmızı terror”-un qurbanı oldu. Rəsulzadə yazırdı: “ Azərbaycan xalqının həqiqi diktatoru, cəlladbaşı Pankratov idi”. Pankratov XI Ordunun Siyasi şöbəsinin rəisi idi.  Qanlı hadisələrin fonunda kommunistlərin əsl məqsədi ortaya çıxır və xalq arasında narazılıq baş qaldırırdı.

 Bütün bu hadisələrin cərəyan etdiyi bir dönəmdə Sovet hakimiyyətinin basqılarına baxmayaraq “Gizli Müsavat” da fəaliyyətini davam etdirirdi. Amma zamanla Bakıda qalmağın təhlükəli olduğunu anlayan Rəsulzadə 1920 –ci ildə Lahıca gedir. Lakin burada da çox qala bilmir, buradan çıxmaq istərkən saxlanılaraq Bakıya gətirilir. Bakı həbsxanasından onu “köhnə yoldaşı” Stalin xilas edir və özü ilə Moskvaya aparır. Stalinin bir sıra “qazanclı” təkliflərini rədd edərək,  Moskva Şərqşünaslıq İnstitutunda fars və rus dillərindən dərs deyir və elmi fəaliyyətlə məşğul olur.

 1922-ci ildə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya gedir. Daha sonra Berlin və Parisə gedərək İstanbulda yaşamaq qərarına gəlir.

 

İşığa doğru uzanan yoldan başqa bir yol daha vardı – Ailəsi. Anası Maral xanım, atası Axund Hacı Ələkbər, Xanımı Ümbülbanu, övladları Lətifə, Xalidə, Rəsul və Azər. Rəsulzadə iki yoldan birini seçməyə məcbur olur.

Türkiyədə yaşadığı illərdə dəflərlə ailəsini xilas edib yanına gətirməyə çalışsa da bu çabaların nəticəsi olmur. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (təxminən 1925-1926-cı illər) qatarla qaçmaq cəhdi uğursuzluqla nəticələnir. Çünki,  M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyir və onlar Bakıda qalırlar. 1937-ci ildə isə bütün ailə repressiyasının qurbanı olur...

İstanbulda yaşadığı müddətdə mübarizəsindən əl çəkmir, anti-sovet fəaliyyətində Polşa ilə əlaqələr yaratmağa çalışır. Elə bu fəaliyyətlərinə görə də onun və silahdaşlarının evində dəfələrlə yoxlama aparılır və Kremlin tapşırığı ilə Atatürk hakimiyyəti müsavatçılara Türkiyədə yaşamağa qadağa qoyur. 1930-cu ildən etibarən Məmməd Əmin Rəsulzadə Polşada yaşamağa başlayır.  Lakin İstanbulla əlaqələrini kəsmir. Oradakı azərbaycanlıların fəaliyyətinə rəhbərlik edir. 1931-ci ildən isə SSRİ ilə Türkiyə arasında imzalanan müqaviləyə əsasən Türkiyə mühacirləri ölkəsindən getməyə məcbur edir. Beləliklə, Rəsulzadənin silahdaşları da Polşaya sığınırlar və siyasi fəaliyyətlərini davam etdirirlər.  1939-cu il Polşanın sovetlər tərəfindən işğalından sonra o, ölkəni tərk etməyə məcbur olur.

1943-ci illərin əvvəllərinədək Buxarestdə yaşayır. Bu illər ərzində Almaniyada olur. Artıq indi onun məqsədi müstəqillik deyildi – o, buradakı azərbaycanlı əsirlərin xilası üçün çalışırdı. O əsirlərlə görüşərkən yeni nəsli araşdırmağa, onların psixologiyasını anlamağa çalışır. “Müasir Azərbaycan tarixi” kitabında qeyd edirdi ki, yeni nəslin ateizmi, milli dəyərlərdən uzaqlığı və laqeydliyi onu heyrətləndirir. O, gənclərin dini adətləri unutduqlarını yazırdı. Lakin bu mübarizə də çox çəkmir. Almaniyanın yürütdüyü siyasətlə razılaşmayan Rəsulzadə ölkəni tərk edir.

1944-cü ildə Buxarest ruslarla atəşkəs elan etdikdən sonra Avstriyaya köçür. Burada da azərbaycanlı legionerlərin sovet dövlətinə verilməsinin qarşısını almağa, onları güllələnməkdən qorumağa çalışır.

Müharibə bitdikdən sonra 1947-ci ildə dostlarına yazdığı məktublar sayəsində Türkiyəyə qayıtmasına icazə verilir və Türk vətəndaşlığına qəbul edilir. 1947-ci ildə Ankaraya gələn Rəsulzadə ömrünün sonunadək polyak əsilli xanımı Vanda ilə burada yaşayır.

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu.

Onun yolu hələ bitməmişdi. Qaranlıq yolda hələ də işıqlar görünürdü... Bu işıq mütləq parlayacaqdı.  

 

Mənbələr:

 

1. M.Ə. Rəsulzadə- Biblioqrafiya - Bakı 2015

2. N.Yaqublu - M.Ə. Rəsulzadə ensiklopediyası

3. N.Yaqublu - Məhəmməd Əmin Rəsulzadə - Bakı 1991

 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>