Sizin link burada

Şəkil çəkdirmək təsəllisi

 

Çox qəribə adamlar var. Bir də görürsən ki, iclasın  əvvəlində və ya sonunda başlayırlar böyük adamlarla şəkil çəkdirməyə. Uzun bir növbə yaranır. İllah ki, o böyük adam deputat ola və ya  məşhur müğənni ola, müğənni olsa da, gərək xalq artisti ola. Daha titulsuz adam olmaya.

 

Odur,  bax indi şəkilçəkdirmələr  başladı. O xanıma bax, istəyir, deputatla  şəkli  tək çəkdirsin, amma yenə yanında  dayanırlar. Heç alınmır bu xanımın işi,  əlacsız qalıb adamlardan xahiş edir ki, mən  deputatla tək  şəkil çəkdirmək istəyirəm, nə olar, bir az kənarda dayanın. Yenə adamlar böyürdən-başdan kadra boylanmaqdan əl çəkmirlər. Bədbəxtlərin çoxu  bilmir  ki, şəkil çəkdirdikləri adam kimdir, adı nədir,  hansı rayonun deputatıdır. Sadəcə küyə düşüblər. Ortada dayanan deputat da, allah köməyi olsun, elə fikirli və qayğılı dayanıb ki, guya zalım oğlu bu saat Qarabağın həlli yollarını düşünür. Hərdən bir o tərəfə, bu tərəfə boylanır və ya saata baxır, guya iş adamıdır, sessiya başlayır, qapıda maşın gözləyir.  

 

Adamların vətən sevgisi  bu saat  deputatla şəkil çəkdirməkdən ibarətdir. Guya bu da bir işdir, özü də samballı iş.  Məsələn, bayaqdan deputatla tək şəkil çəkdirməyin davasını döyən  o qız bu ay (çünki qəzeti ayda bir dəfə çıxır) həmin şəkli  qəzetinin manşetinə çıxardacaq və qəzetdən də 200 dənəsini aparacaq  deputatın yanına, o da qəzetin  “xərcini” ödəyəcək. Bəs o biri yazıqlar niyə əl-ayağa düşüblər,  səbəbini heç özləri də bilmir. Heç mən də bilmirəm.

 

Odur, yenə təlatüm başladı.  Adamlar deputatın gah yanında dururlar, gah keçib arxadan boylanırlar. Heç bilmirlər, şəkli çəkən kimdir, hara üçün çəkir və niyə çəkir, sabah şəkli kimdən alacaqlar, heç soruşmurlar da?

 

Birdən  koridorun o biri başında  sürəkli bir gurultu qopur.  Şəkil çəkdirmək istəyənlər o tərəfə sürətlə yüyürürlər. Sən demə,  başqa bir deputat da  orda imiş. Hamı onunla  əl görüşür, hal-əhval tutur, üzünə gülür, kişi də guya  onları tanıyırmış kimi  azacıq gülümsünür. Yenə  şaqqaşaraq  şəkillər çəkilir, burda da o jurnalist qız yenə  şəkli tək  çəkdirmək istəyir, amma adamlar basa-bas salırlar.

 

Elə bu zaman deputatın yanında tələbə yoldaşımı görürəm.  Az qala adamların başı üstündən uçam ona tərəf. O  zalım oğlu da elə ciddi dayanıb ki, elə bil, şəkil çəkdirir. Sən demə, o da  deputatla şəkil  çəkdirirmiş, özü tək çəkdirirmiş. Bu dar  macalda  mən özümü ona çatdırıram, zarafat deyil, 30 ildir  görüşmürəm. Fotoqrafın barmaq işarəsi ilə sakit  dayanıram. Elə bu an mənim də yanımda bir şəkil çəkdirmək istəyən  dayanır, onun da yanında başqa biri dayanır.  Sonra başqa birisi də onun yanında. Sən demə, o başqa biri bununla, bu da mənlə, mən tələbə dostumla, tələbə dostum da deputatın özü  ilə, deputat da xalq şairi  ilə şəkil çəkdirmək anında dayanıb. Xalq şairi də  nazirlə  şəkil çəkdirir. Çox maraqlı bir sıra alınır:  Nazir, xalq şairi, deputat, tələbə yoldaşım,  mən, mənimlə şəkil çəkdirmək istəyən tanışım, tanışımın tanışı... Uzun bir siyahı... və heç kəs də fərqndə deyil ki,  bu şəkli  kimdən alacaq? Elə hamı  şəkli çəkdirib gedir.

 

Sanki  şəkil çəkdirmək çox vacib  bir həyati işdi.  Böyük adamlarla şəklin yoxdursa, daha bu dünyada nə  gəzirsən, daha bu qovluğu niyə qoltuğuna vurursan, niyə bu  qırmızı qalstuku taxırsan?

 

Şəkil çəkdirənlər ordusu hətta Türkiyəyə gedib  prezident Ərdoğanla da şəkil çəkdirib gəliblər. Sayın Ərdoğan tən ortada dayanıb gülümsünür. Bu adamlar da ətrafında. Şəkilçəkdirmə anında elə dayanıblar ki, elə bil  bu saat  sayın Ərdoğanla  Suriya və Rusiya məsələlərini müzakirə ediblər.

 

Hara getsəm, harda olsam, mən onları yaxşı tanıyıram. Şəkil çəkdirənlər ordusu  indi daha da təkmilləşiblər. Daha evdən hazır fotoaparatla çıxırlar.  Yolda, küçədə, iclasda, konsertdə, harda olursa-olsun, onlar üçün fərqi yoxdur, bir  məşhur adam gördülərmi, o saat aparatı verirlər küçədə gedənlərin birinə, bir dəqiqəyə  onlara fotoaparatla işləmək qaydasını öyrədirlər  və sonra eninə-uzununa  yekə-yekə  şəkil  çəkdirirlər.

 

Həm də kədərlənirəm, bəlkə, şəkil çəkdirmək də bir təsəllidir...

 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>