Sizin link burada

Kül olmaq qorxusu: Bakıda tonqal çırpısı kimi yaşayan adamların HƏYAT DRAMI

Qatar səs-küy salaraq yanımızdan ötüb keçir. Sonuncu vaqonu yola salıb, relslərin üstündən adlayaraq, Xəyaləgilin taxta evinə qalxırıq. Küləkdən qorunmaq üçün daxmaya pəncərə belə qoymayıblar. Qapı örtülən kimi otağa qaranlıq çökür. Bir qədər sonra sönmək üzrə olan sobadan ətrafa ölüvay işıq yayılır.

 

 

“İndi lampanı yandıracam, yaxşı olacaq”, - deyir. Alışqan bir neçə dəfə çıqqıltı ilə yanır və sönür. Xəyalənin pərt olmuş səsi gəlir: “Nefti bitib ki...” Uşaqlardan biri dillənir: “Onda şam yandıraq”. Bir addımlıq yerdə ana-bala ora-bura vurnuxurlar. Alışqan  sonuncu dəfə çıqqıldayır və otaq işıqlanır. Zəif şam Xəyalənin üzünün ancaq sağ tərəfini işıqlandırır. Yarıqaranlıq otaqda söhbətləşirik.

 

 

***

 

Xəyalə İsmayılova əslən İmişli rayonundandır. Ailəsi ilə birgə Binəqədi rayonunun Biləcəri qəsəbəsində Dəmiryolu vağzalının çeşidləmə məntəqəsində qanunsuz tikilidə yaşayır.

 

- Ailədə 3 uşaq olmuşuq. İki bacı, bir qardaş. Bacımı da, məni də atam oxumağa qoymayıb. Məktəbi ikinci sinfə qədər oxumuşam. 1992-ci ildə İmişlidən Bakıya köçdük. Ailə qurana qədər çörək sexində işləmişəm. Sonra Tacəddin məni qaçırdı.

 

O vaxt hər ikisinin 20 yaşı olub. Deyir, həyat yoldaşı Tacəddin Məmmədov onu qaçıranda sonra bir müddət Tərtərdə qalıblar.

 

- Yoldaşım Tərtərdəndir. Bir ilə yaxın rayonda yaşadıq. Sonra yenə qayıtdıq Bakıya. Ailə quranda Tacəddin hərbi xidmətdən təzə gəlmişdi. Fəhləlik edib, ailəmizi dolandırırdı.

 

Bakıda bir ay kirayədə qaldıqdan sonra icarə haqqını ödəyə bilmədikləri üçün Xəyalənin ata evinə köçürlər.

 

- Onlar da kirayədə qalırdılar. Sonra gördük alınmır, ev balaca, biz çoxuq. Çıxdıq.

 

Bu müddətdə onların 3 uşağı dünyaya gəlib: Aytac, Ayxan və Orxan İsmayılovlar. Aytacın 13, Ayxanın 9, Orxanın isə 7 yaşı var. Məktəbli yaşında olsalar da, heç biri məktəbə getmir. Uşaqların məktəbə getməməsini Xəyalə imkansızlıqla əlaqələndirir. Deyir, məktəbə getsələr, onlara paltar, dəftər-kitab almaq lazımdır. Yoldaşım isə fəhləlik edərək ancaq boğazımıza güclə çatdırır. Üstəlik, uşaqlar səliqəli və təmiz geyindirməlidir. Bu şəraitdə isə mümkün deyil. İsti su yoxdur ki, paltar yuyulsun, işıq yoxdur ki, paltar ütülənsin. Uşaqlar evdə vannada, böyüklər isə qonşuda çimirlər.

 

 

Hazırda qanunsuz sayılan bu evin yerləşdiyi torpaq sahəsini Xəyalənin qardaşının qayınanası illər əvvəl 3 min manata alıb. O vaxt 3 min manat da az pul hesab olunmurmuş. Gecə-gündüz işləyib, dişindən, boğazından kəsib topladığı pulla aldığı torpaq sahəsində taxtadan balaca ev quraşdırır.  

 

- 2012-ci ildə özü ayrı evə köçüb, buranı bizə verdi. Taxtadan olsa da, qəşəng ev idi. Divarları oboy idi.

 

 

2017-ci ilin aprelində baş vermiş bədbəxt hadisə Xəyaləgili növbəti dəfə evsiz qoyur. Evin damından keçən elektrik xəttində qısaqapanmadan yanğın çıxır. Alov qısa müddətdə Xəyalənin oboylu evinə, oradan da qonşu evlərə yayılır. Xoşbəxtlikdən, insan tələfatı olmur. Yanğında Xəyaləgilin illər yığıb-topladığı hər şey yanır. Sənədləri belə. Növbəti faciənin qarşısını almaq üçün həmin vaxtdan gecəqondulara elektrik verilməsi dayandırılır. Mayın 16-da isə buldozer gecəqonduları yerlə-yeksan edir.

 

 

 

 

***

Buldozerin dağıtdığı evlərdən biri Yaqut Əliyevaya məxsus olub. Həyat yoldaşı Nahid Əliyev 2010-cu ildə ağır yol-nəqliyyat qəzası keçirəndən sonra ailəni dolandırmaq məsuliyyəti Yaqut xanımın öhdəsinə düşüb. İxtisasca tibb bacısı olan Y. Əliyeva hazırda aşpazlıq edərək, ailəsini saxlayır. Məhəmməd adında 9 yaşlı oğlu da var.  

 

 

- İki otaqlı normal evimiz vardı. Yanğında mətbəximiz tam yansa da, yanğın otaqlara keçməmişdi. Qərar veriləndə bizim evi də buldozer dağıtdı. Günorta 1-də dedilər, əşyalarınızı çıxarın. Qonşuların köməkliyi ilə evdən ancaq qab-qacaqları, bir az da əşyalarımızdan çıxara bildik. Mebellərə gücümüz çatmadı.

 

Bura qədər onlar Bakıda kirayə yaşayıblar. Avtoqəzadan sonra ailə vəziyyətləri ağırlaşıb, və onlar Nahid bəyin xalasının yanına köçüblər.

 

- Bir qədər orada qalandan sonra gördük alınmır, ev darısqaldır. Yoldaşım Binəqədi rayonunda qeydiyyatdadır. Getdim icra hakimiyyətinə ki, bizə kömək etsinlər. 40 manat yardım etdilər. Biləcəri icra nümayəndəsi isə uşağın əlinə 50 manat verdi. Dedik, bizə sığınacaq verin, dedilər, hələlik elə bir imkanımız yoxdur, bir yer tapıb məskunlaşın. Eşitdik ki, Həsən adlı şəxs dəmiryolu ərazisində torpaq satır. 2011-ci ildə buranı ondan 1500 manata aldıq. Pulu razılaşma ilə hissə-hissə ödədik. Bir hissəsi daşdan, bir hissəsi taxtadan balaca otaq vardı. Uşaq da körpə idi.

 

 

2011-ci ildən bəri Əliyevlər ailəsi burada yaşayır. Deyir, o vaxt bura köçəndə onlara dəyib-dolaşan olmayıb. Ta o yanğına qədər.

 

- Yanğından sonra dedilər, burada yaşamaq olmaz, hamınız köçməlisiniz. Hara köçək? Ayrı yerdə evim olsaydı, bu şəraitdə yaşayardım? İmkanım yoxdur ki, siçovulun içində uşaq böyüdürəm. Nəysə, evimizi buldozer dağıtdı. Dəmir Yollarına getdik. Orada dedilər, bizlik deyil. Bunlar icra hakimiyyətinin, icra hakimiyyəti də Dəmiryolunun boynuna atdı. Arada biz evsiz qaldıq.

 

Evləri sökülən gün sanki təbiət də onlardan üz döndərir. Gecə səhərə qədər leysan yağış yağır.

 

- İkinci qrup əlil yoldaşım, mən və balaca uşaq bütün gecə qaldıq tut ağacının altında. 4-5 gün ağac altında yatandan sonra həyətdə balaca çardaq vardı, onun üstünü düzəldib, altında yaşamağa başladıq. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəisi gecə ərazini yoxlamağa gəlmişdi ki, görsün kim qalıb, kim köçüb. Qaranlıqda səsimizi eşidib təəccübləndi. Soruşdu, burada yaşayırsınız? Dedim, bəli. Hər iki əlini yelləyib “dəhşət - dəhşət” deyə-deyə çıxıb getdi.

 

Köks ötürür.

 

- Xeyirxah insanların yaratdığı qrup var: “Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, qoy”. Çətin günlərimizdə çox yardımçı oldular. Allah onlardan razı olsun! Yaxşılıqlarını unutmarıq.

 

Yayı çöldə, balaca çardağın altında keçirirlər. Deyir, ağcaqanad əlindən gecə səhərə qədər gözlərini yuma bilmirlərmiş. Sonra balaca bir dam düzəldib, içinə yığılırlar. Ev kimi olmasa da, onlar üçün əvvəlkindən qat-qat yaxşı sığınacaq olur. Yaxın günlərə qədər də orada yaşayırlar. Buna yaşamaq demək olarsa...

 

- Ora çox soyuq idi. Üstəlik, nəm çəkirdi. Neçə gün böyrəklərim ağrıdı. Döşəyi qaldırdım ki, altı sudur.

 

Onların hazırkı sığınacağı görünüş olaraq o birisindən fərqlənməsə də, Yaqut xanım deyir ki, ora baxanda şükürlüdür. Bura köçəndən böyrəklərinin ağrıları da xeyli azalıb.

 

Bir dəfə qapının açılıb-bağlanması kifayət edir ki, otağın istisini alıb aparsın. Döşəmənin soyuğundan ayaq barmaqlarımı hiss etmirəm. Baxıram, Yaqut xanım da eyni mənim kimi ayaqlarını büzüb oturub.

 

- Niyə tərlik geyinmirsiniz?

 

- Gərək ola ki, geyinək.

 

Cavabdan pərt oluram. Sual ağzımdan qəfil çıxmışdı. “Gərək bu sualı verməzdim” -içimdə özüm-özümü danlayarkən Yaqut xanım otağın soyuduğunu hiss edir və sobaya odun atır. Əllərinə baxıram. Yorğunluq yağır. Barmaqları, dərisi, əlin üstündə ilan kimi qıvrılan qırışları, dırnağındakı pozulmuş boyası, hətta barmağının ucundakı yara da... yorğunluğunu danışırdı. Odun sobasının hisi dərisinə hopmuşdu. Baş barmağına sarı uzanan ömür yolu da hisin təsirindən qaralıb kömürə dönüb. Əllərinə baxdığımı görüb:

 

 

- Ha yuyuram, getmir. His əllərimə çöküb. Hərdən qonum-qonşuda xəstə olanda iynə vurmağa çağırırlar. Əllərimdən utanıram. Tibb bacısının əlləri təmiz olmalıdır. Bu şəraitdə necə təmiz saxlayım? Hamamımız belə yoxdur. Məhəmməd məktəbə gedir. Ha yuyuram, yenə də uşaqdan pis iy gəlir.

 

Sobanın yanında iki pişik mürgüləyir. Bir tikə çörəklərini də bu pişiklərlə bölüşürlər. Deyir, burada pişiksiz mümkün deyil. Pişik olan evə siçovul yaxın gəlmir. Əks halda, siçovul əlindən tərpənmək olmur.

 

***

 

Taxtalardan qurulmuş, odlanmaq üçün bircə qığılcımı gözləyən hazır tonqal misalı evlər. Və ömrünü bu tonqalın çırpısı kimi yaşamaqda olan uşaqlar, böyüklər. Onlar həyatın ən ağır üzünü görüblər, görürlər. İndi onları nə əziyyətlə, nə evsizliklə, nə pulsuzluqla qorxutmaq olar. Heç soyuqdan da qorxmurlar daha. İstidən də. Bircə çox istidən qorxurlar onlar. Kül olmaqdan...

Lent.az-ın burada yaşamaq uğrunda mübarizə aparan iki ailənin dərdlərini dinlədi. Lakin orada onlarla belə ailə var ki, qışın şaxtası, yayın cırcıramasında qutu evlərdə hər an yanğın təhlükəsi ilə yaşayır və bir gün köçürüləcəklərinə ümid edirlər.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>