Sizin link burada

Elə için ki...

Artıq neçənci içki qurbanını yola saldıq. Hamımız kimin nədən qurban getdiyini yaxşı bilirik. Sadəcə, etiraf etməyə, yüksək səslə söyləməyə cəsarət etmirik. Adını qoyuruq ürək çatışmazlığı. Əslində, doğrusu bəlkə də budur; nəsə çatışmırdı...

 

Adam itirdiklərimizə baxanda yanıb-tökülür. Bunlar o adamlardı ki, qələmi, sözü ilə illər boyu hamımızı heyran edib, bir yazısı ilə ürəyimizdən tikan çıxarıb. Ən pisi də odur ki, bu siyahıya hər an düşə biləcək hələ bir neçə də dostlarımız var. “Dur” deyirikmi? Deyənlərimiz də yorulub artıq... Bax, o potensial qurbanlara mənim üçün dəyərli olan bir insandan, gənc bir qızın yaşadıqlarından danışmaq istədim.

 

"Hələ axşam düşməmiş, oyuncaqlarımı tələsik yığışdırıb qaçıram evə. Buna görə də uşaqlar hər dəfə küsürlər, mənə "cığal", "oyunpozan" deyirlər. Heç özüm də istəmirəm oyunumuz yarımçıq qalsın. Amma bilirəm ki, indi atam aşa-aşa gələcək və mən uşaqların yanında çox utanacam".

 

Bu sözləri ondan eşitmək çox ağır idi. Heç nə deyə bilmirdim. Balaca əlini ovcuma aldım. Buz kimi idi, özü də tir-tir əsirdi. Gözlərində yaşından çox böyük xəcalət gördüm... O boyda kişinin yerinə bu balaca qızcığaz xəcalət çəkirdi, hətta üzümə dik baxmağa belə utanırdı. Sanki atasının eyiblərini azaltmaq üçün, yükün çox hissəsini öz üzərinə götürüb. Bu ağır yükü daşıdığından da həmişə yorğun, hətta bəzən elə atası kimi sərsəm görsənirdi. Mənə elə gəlirdi ki, bu balaca qız da sərxoşdu, aşa-aşa yeriyir. Bilmirdim nə deyim. Ağlıma gələn ilk sual bu oldu: 

 

- Atan içib dava salır?

 

- Yox, heç vaxt. Çoxlu gülür, məni qucaqlamaq istəyir hamının içində, amma ağzından çox pis iy gəlir. Ona görə də qaçıram ki, gəlib məni tapmasın. Həyətdəki uşaqları başına yığır. Onlarla lağ-lağı edir. Cibindən çıxarıb pul verir. Həmişə də nələrsə yerə tökülür. Evin, işin açarları, kartlar. Özünün xəbəri də olmurdu. Bir oğlan var, atam evə qalxandan sonra həmişə yerə tökülənləri yığışdırıb gətirir. Qapını da açmaq mənim üstümə qalır. Çünki atam evə sərxoş gələn kimi, anam onu zala buraxmır, salır hamama. Deyir ki, indi qusub buraları batıracaqsan. Sonra özünə gələnə kimi çimizdirir. Qonşu oğlan gələndə istəyirəm tez getsin, hamamdan gələn səsləri eşitməsin.

 

Oğlan atasının əşyalarını ona verəndə heç nə demirmiş, ümumiyyətlə, dillənmirmiş. Amma elə başa düşdüm ki, qızcığaz içində bu oğlandan xoşlanır. Bunu isə xəyalından belə keçirə bilmir. Sanki oğlandan aldığı o balaca kağız-kuğuzlar deyil, bir zindanıymış.  

 

- O oğlandan xoşun gəlir dəyəsən?

 

- (Susur) Mən gedəcəm axı. Necə xoşum gəlsin?

 

- Hara gedəssən?

 

- Uzağa. Atamı tanımayan uşaqlarla dost olacam. Məktəb tez bitsin, gedib başqa yerdə oxuyacam.

 

- İndiki dostların sənə nəsə deyir?

 

- Mən olanda danışmırlar. Amma gedəndən sonra bilirəm ki, atama gülürlər. Onlar axşamı həsrətlə gözləyirlər ki, atamdan pul alacaqlar, mən isə axşamlara nifrət edirəm. Atamı tanıyan hər bir kəsdən qaçmaq istəyirəm. Uzağa gedəndə atamı yanıma çağırmayacam.

 

- Bəs darıxmayacaqsan?

 

- Darıxacam... Amma gəlməsin, mənim oradakı yoldaşlarımı tanımasın.

 

Atası çox hörmətli bir həkimdir. Sərxoş olmadığı hallarda xeyli xəstəsi olur. Hətta ondan kifayət qədər razılıq edirlər də. Qapısına dəstə-dəstə xəstə gəlsə də qızı ondan qaçır, utanır. Özünün də xəstə olub yıxılacağı gün uzaqda deyil. Hamı bunu görür, amma heç kim də qarşısını ala bilmir.

 

Nə qəribədir, şüşənin içindən bizə boylanan o şəffaf mayenin, arxasınca buraxdığı qaranlıq bataqlığa baxın...

 

Elə içmək olar ki, nuş olsun. Elə də içmək olar ki...

 

Elə için ki, ölməyin!

 

Elə için ki, uşağınız sizdən utanmasın! 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>