Sizin link burada

Dağlıq Qarabağ – 30: Münaqişənin anatomiyası – III YAZI

 

Əvvəli bu linkdə:

 

http://news.lent.az/news/292386

 

Dağlıq Qarabağ münaqişəsinin dördüncü mərhələsinin – Azərbaycanın erməni iddialarına cavab reaksiyasının pik nöqtəsi Ağdamdan Stepanakertə yürüş idi. Azərbaycanlıların bu hərəkəti bəzi mənbələrdə hücum kimi qiymətləndirilsə də, bu, sözün həqiqi mənasında yürüş idi.

 

Bu yürüşlə bağlı bir məqamı mütləq diqqətinizə çatdırmaq istəyirəm. Yürüşdə iştirak edənlərin heç birində silah yox idi və ola da bilməzdi. Bəzi erməni mənbələri yürüşdə iştirak edənlərin silahlı olduğunu bildirir. Sözsüz ki, erməni təbliğat maşınının bu yalanının səbəbi var. Bu, ermənilərin Azərbaycan SSR tərkibində yaşayışının mümkünsüzlüyünü sübut etməyə yönəlib. Amma bu yürüş sadəcə insanların yaranmış situasiyaya aydınlıq gətirmək istəyindən başqa bir şey deyildi. Yürüşdə iştirak edənlərin kimisə öldürmək, asmaq-kəsmək istəyi də yox idi.

 

Amma bu yürüş kütlənin istədiyi kimi olmadı. Kütlə Stepanakertə qədər getməkdə israrlı olsa da, Əsgəran ətrafında yürüş dayandırıldı. Məntiqi sual ortaya çıxır: insanlar Stepanakertə qədər getmək və problemi aydınlaşdırmaq istəyirdisə, niyə Əsgərana girməmiş dayandılar?

 

Bu yerdə ən çox müzakirə olunan ehtimalları yada salmaq istəyirəm.

 

Birincisi: yürüşü Xuraman Abbasova öz yaylığı ilə dayandırdı.

 

İkincisi: Yürüşü Seyid Lazım ağa dayandırdı.

 

Bu ehtimallar barədə bir qədər sonra, indi isə kütləni dayandırmaq üçün istifadə olunan digər üsulları yada salım.

 

Üçüncüsü: İdarə müdirləri. Yürüşdə iştirak edən insanlar, təbii ki, hərəsi bir müəssisədə işləyirdi. Bu müəssisələrin rəhbərləri kütləni dayandırmaq üçün səfərbər olunmuşdu.

 

Dördüncüsü: Milis. Ağdam milisi həyəcan siqnalı ilə qaldırılmışdı və tam heyətlə kütlənin qarşısını kəsməyə yönəldilmişdi. Ağdam milisi ilə yanaşı bəzi ətraf rayonlardan hadisələrlə bağlı ezam olunmuş milis işçiləri də kütlənin geri qaytarılmasına səfərbər olmuşdu.

 

İndi insanların qarşısını almağa yönəlmiş bu üsullar barədə ətraflı.

 

Xuraman Abbasova “Lenin” kolxozunun sədri, bütün SSRİ-də tanınmış insan idi. O, son illərdə başına yaylıq örtmürdü. 21 fevralda da, 22 fevralda da başına xalq arasında məşhur olan “norka papaq” qoymuşdu. İnsanların qarşısını kəsmək məsələsi ortaya çıxanda kimsə təklif edir ki, bəlkə bu üsuldan istifadə edək - Xuraman Abbasova yürüşdəkilərin qarşısına yaylıq atsın. Yaxınlıqdakı kəndlərin birindən, yaşlı bir qadından yaylıq alıb gətirirlər. Xuraman Abbasova bu yaylığı insanların qarşısına atır. Heç nə düşünmədən kilometrlərlə yolu yüyürən kütlənin Xuraman Abbasovanın yaylığı atdığı yerdə olan hissəsi bir anlıq dayandı. Əlbəttə, bu, yürüdə iştirak edənlərin az bir hissəsi idi. Şose yolundan tutmuş, Qarqar çayının yatağına qədər müxtəlif istiqamətlərdən hərəkət edən insanların hamısı bu yaylığı görə bilməzdi. Ona görə də kütlənin məhz Xuraman Abbasovanın yaylığına görə dayandığını söyləmək gülüncdür.

 

Qarabağın tanınmış seyidlərindən biri - Seyid Lazım ağa da həmin gün kütlənin qarşısını dayandırmaq üçün Ağdam-Stepanakert yoluna gətirilmişdi. Əslində, Seyid Lazım ağa da bu insan selinin ancaq məhdud bir qisminin qarşısında dayana bilərdi. Onun bütün bu insanların qarşısını kəsmək istəyi olsaydı belə, bu, fiziki cəhətdən mümkün deyildi. Təbii ki, onun da sözünü eşidən və dayananlar oldu. Amma ümumi kütlə fonunda bu, barmaqla sayılacaq qədər çox cüzi bir hissə idi.

 

İnsan selinin qarşısını kəsmək üçün səfərbər olunan idarə müdirləri, kolxoz sədrləri, sovxoz direktorları, bir sözlə, sovet dövründə aktual bir terminlə ifadə olunan – rayon partiya-təsərrüfat aktivi də insanların qarşısını kəsməyə cəhd edirdi. Amma bu üsul da effektli deyildi. Bunun niyəsini şahidi olduğum bir misalla izah etməyə çalışacam.

 

Həmin dövrdə fəhlə işlədiyim idarənin RTS-in (Kənd Təsərrüfatının Maddi-texniki Təchizat Bazasının) direktoru da insanların qarşısını kəsməyə səfərbər olunanlardan biri idi. Onu görən kimi rastlaşmamaq üçün təbii ki, yolumu dəyişdim. Bu vaxt direktor bizim idarədə anbardar işləyən Niyazi Məmmədovun qarşısına çıxdı. (Niyazi Məmmədov sonralar AXC Ağdam rayon şöbəsinin fəal üzvü oldu. Silahlı özünümüdafiə dəstələri yarananda isə “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin dəstəsində vuruşurdu.) Direktorumuz Niyazi Məmmədova qayıtmağı məsləhət gördü. Niyazi cibindən anbarların açarını çıxartdı və direktora uzadıb  dedi: “Bizim aramızdakı asılılıq bu açarlardı. Buyur bu açarları, amma mən qayıtmıram”. Bu sözdən sonra direktor üzünü çevirdi. Və bir daha heç kimə “geri qayıdın” demədi.

 

Və nəhayət, insanların qarşısını kəsmək istəyən milislər haqqında. Milis, sözsüz ki, digərlərindən fərqli olaraq, əmr yerinə yetirirdi. Verilən əmrin mahiyyəti isə aydın idi: İnsanların Stepanakertə doğru hərəkətinin qarşısını almaq. Sonra baş verənlər deməyə əsas verir ki, milisə istənilən vasitələrdən istifadə etmək səlahiyyəti də verilibmiş.

 

Yürüşün kulminasiyası, sözsüz ki, iki gəncin şəhid olması idi. Bəxtiyar Quliyev və Əli Hacıyevin.

 

Bəxtiyar kasıb bir ailənin övladı idi. Atası vəfat etmişdi. Peşə məktəbində oxumaqla yanaşı, avtomobil çilingəri yanında işləyib ailəsinin dolanışığına kömək etmək istəyirdi. Bəxtiyarın Əsgəran sakini İşxanyan soyadlı bir nəfər tərəfindən vurulduğu istintaqla sübut olunur. İş heç məhkəməyə də getmir. Bu barədə SSRİ prokurorluğundan Bəxtiyarın anasına məktub gəlir.

 

Əli ipə-sapa yatmayan cavanlardan biri idi. Yürüş günü anası onun qarşısını kəsməyə çalışır. Lakin Əli “millət gedir, mən evdə oturmayacam ki” – deyib, evdən çıxır. Anasının yalvarışı onu yolundan döndərmir. Əlinin ölüm işi sona qədər araşdırılmayıb. Onun ölümündə bir neçə milis əməkdaşı təqsirləndirilir. Lakin aparılan istintaq hərəkətləri qatilin kimliyini ortaya çıxarmır. Ballistik ekspertizalarda günahlandırılan milis əməkdaşlarının silahı təmiz çıxır. Amma Əlinin “Makarov” tipli silahdan vurulmasını nəzərə alsaq, atəşin çox da uzaq məsafədən açılmadığı qənaətini yaradır. Sözsüz ki, bu qətlin üstünü açmaq olardı. Amma görünən odur ki, lazım bilinməyib.

 

Bəxtiyar da, Əli də Əsgəran yaxınlığında, amma müxtəlif istiqamətlərdə vurulur. Məhz bu qətllərdən sonra insan seli dayanır. Atılan güllələr isə ancaq Bəxtiyara və Əliyə dəyən iki güllə olmur. Atəş açılması insan selini dayandırır.

 

Yürüşə çağırış etmiş Əfqanıstan müharibəsinin veteranı Eldar Səmədov həbs olunur. (Sonralar Eldar Səmədov Şirin Mirzəyevin rəhbərlik etdiyi hərbi hissədə döyüş yolu keçir). Ağdamda “əcinnə ovu” başalyır. Yürüşdə iştirak etmiş şəxslər milis idarəsinə çağırılır. Doğrudur, Eldar Səmədovdan başqa heç kim həbs olunmur. Amma çağırılanların əksəriyyətindən rüşvət tələb olunur. Sözsüz ki, milis pulu kimdən tələb etmək lazım olduğunu yaxşı bilirdi. Buna görə də pul tələb olunanların əksəriyyəti bu pulu verir. Və hesab edir ki, pul verib canını qurtardı. Amma əslində, bu, kiminsə cinayətinə göz yummaq üçün yox, sadəcə, insanların ruhunu qırmaq üçün düşünülmüş addım idi. Təsadüfü deyil ki, bu faktın olduğunu həmin dövrdə Ağdam rayon partiya komitəsinin birinci katibi olmuş Sadıq Murtuayev də dolayısı ilə təsdiq edir. Amma bu faktla bağlı, yəni insanlardan pul tələb olunması ilə bağlı yuxarılar və hətta baş verən hər bir xırda detaldan xəbərdar olan SSRİ DTK-sı da heç bir tədbir görmür. Maraqlıdır, DTK-nın nəzarətində olan bir işdə kimdənsə pul alıb buraxmaq mümkün olmazdı.

 

Deməli, vətəndaşların gözünü qırmaq və ruh düşkünlüyü yaratmaq üçün milisə insanları incitmək və lazım gəlsə onlardan pul tələb etmək səlahiyyəti verilir. Və milis də bu səlahiyyətdən lazımınca bəhrələnir. Məhz Əlinin qatilinin tapılmaması da bu planın effektivliyini azaltmamaq üçün lazım idi.

 

Bütün bunlar Bəxtiyar və Əlinin təmtəraqlı dəfn mərasimlərindən sonra baş verdi. Bəxtiyar Vahabzadənin, Həsən Həsənovun əyilib Bəxtiyarıın tabutunu öpməsi ilə yürüşdə iştirak edənlərə qarşı repressiyalar heç bir məntiqlə uzlaşmırdı.

 

Doğrudur, repressiv amillər müəyyən qədər təsirini göstərdi. Amma bu, Qarabağ münaqişəsi ilə paralel yeni bir reallığı da gündəmə gətirdi – Milli oyanışı.

 

Milli oyanış münaqişənin dördüncü mərhələsi – Azərbaycanın cavab reaksiyasının son elementi olan təşkilatlanma mərhələsi ilə eyni zamana təsadüf elədi. Və bu reallıq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqelərini Kreml qarşısında zəiflədirdi.

Kreml isə münaqişənin dördüncü mərhələsinin sonuna Azərbaycan üçün sürpriz hazırlamışdı. Sumqayıt sürprizi...

 

(Davamı olacaq)

LENT

25 May 2018

Digər xəbərlər >>>