Sizin link burada

20 Yanvar şəhidləri Berlində anılıb

20 yanvar 2018-ci il tarixində Berlin şəhərində Alman-Azərbaycan Ziyalılar Birliyi və Azərbaycan Evinin təşkilatçılığı, habelə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan xalqının tarixinə “Qara Yanvar”  olaraq həkk olunmuş 20 yanvar 1990-cı il hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

 

Azərbaycanın Almaniyadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, anım tədbiri Alman-Azərbaycan Ziyalılar Birliyinın sədri Naibə Şirinova tərəfindən giriş sözü ilə açılmış və 20 yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Səfir Ramin Həsənov 20 yanvar hadisələri barədə tədbir iştirakaçılarını məlumatlandırmış, 20 yanvar 1990-cı il ərəfəsində və bu tarixdən sonra cərəyan etmiş proseslərə nəzər salmış, hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğurunda apardığı mübarizənin dayandığını bildirib.

 

O, yanvar hadisələrindən öncə Azərbaycan xalqına qarşı həyata keçirilən məkrli siyasətin böyük etirazlara səbəb olduğunu, xalqın öz müstəqilliyini dinc yolla  tələb etdiyini, əvəzində isə Sovet İttifaqı  rəhbərliyinin əmri ilə mülki əhalinin ordu tərəfindən amansızcasına qətlə yetirildiyini qeyd edib. Azərbaycan xalqının sovet ordusunun qəddarlığına şücaət və məğrurluqla cavab verərək öz müstəqilliyi uğurunda mübarizəni davam etdirdiyini və çox keçmədən müstəqilliyini bərpa vurğulayıb.

 

Ramin Həsənov həmçinin “20 yanvar” hadisələrinə hüquqi qiymət verilməsinə də toxunub, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə aydınlıq gətirildiyini və AR Milli Məclisinin 29 mart 1994-cü ildə qəbul etdiyi qərarla  20 yanvar hadisələrinin hərbi təcavüz və cinayət kimi səciyyələndirildiyini bildirib. 

 

Səfir  Azərbaycan xalqının azadlığı uğurunda canını fəda etmiş oğul və qızlarını heç zaman unutmayacağını, onların xatirəsini hər zaman sayğı və qürurla xatırlayacağını diqqətə çatdırıb.

 

Daha sonra “20 yanvar” hadisələrinə dair film nümayiş etdirilmiş və şəhidlərin əziz xatirəsi yad edilib.

 

Anım tədbirində Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyada təhsil alan tələbələr, gənc tədqiqatçılar və Səfirliyin əməkdaşları iştirak ediblər.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>