Sizin link burada

20 yanvar - Qanla yazılan şərəfli tarix

 

Azərbaycan tarixinə həm şərəfli, həm də faciəvi bir gün kimi daxil olmuş 20 yanvar gecəsi yaddaşlara əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsinin unudulmaz səhifəsi, azərbaycanlı  birliyinin, vətənpərvərliyinin təcəssümüdür.  20 yanvar  Azərbaycan millətinin mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun, əzmkarlığının nümayişidir. Günahsız insanların qətli ilə nəticələnən bu gecə - qanla yazılmış şanlı tariximiz - azərbaycanlı kimliyinin məğlubedilməzliyini bir daha sübut etdi.

Artıq 20 yanvar faciəsindən 28 il ötür... Lakin bu tarixi hadisə heç vaxt unudulmur və unudulmayacaq. Nəsillər bir-birini əvəz etdikcə, yeni Azərbaycan gəncliyi formalaşdıqca bu faciə daha çox xatırlanmalı, yad edilməlidir.

 

 

Tarixi gerçəklik ...

1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, milli siyasətdə buraxılan kobud səhvlər hər yerdə olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi.

1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri imperiyanı həyəcanlandırdı. 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi isə SSRİ rəhbərliyini təşvişə saldı. Bu səbəbdən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Sumqayıtda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək ermənilərin və rusların talanını təşkil etdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. 1990-cı il yanvarın 12-də ermənilərin Xanlar rayonuna vertalyotlarla daxil olub azərbaycanlılara divan tutması, Quşçu kəndində xüsusi amansızlıq göstərməsi xəbəri xalqı hiddətləndirdi, Bakıda xüsusi bir çaşqınlıq yaratdı. Xalqda ermənilərə və Azərbaycan rəhbərliyinə qarşı baş qaldıran nifrət daha da kəskinləşdi.

1990-cı il yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisinə  Bakıda fövqəladə vəziyyət tətbiq olunmayacağını “söz” verdilər.  Nə “təsadüf” ki, elə bu vaxt DTK diviziyasının və desant hissələrinin Bakıda yerləşdirilməsi artıq başa çatmaqda idi.

Milli birlikdən qorxuya düşən SSRİ rəhbərliyi 20 yanvar hadisələriylə milləti oturda biləcəklərini düşündülər. 1990 -cı il yanvarın 19-dan 20-nə keçən gecə  Azərbaycanın ovaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 min göstərilir) yeridildi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. İlk öncə 19 yanvar axşam radələrində Azərbaycan televiziyasının enerji bloku partladıldı. SSRİ-nin illərdir təbliğ etdiyi qardaşlıq, dostluq devizinin yalnızca mifik təsəvvür olduğunu anlayan millət bu gecə mütəşəkkil şəkildə silahlanmış cani bir hərbi dəstənin hücumuna məruz qaldı. Silahsız sadə vətəndaşlara qarşı faciə törədilərkən Bakı informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu.

Qanlı yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar:  “…O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlılırı güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı...”.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.  

Faciənin hüquqi-siyasi qiymətləndirilməsi

SSRİ-nin digər bölgələrində baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə yanlış yozuma və unutqanlığa məhkum edilir, cinayət faktı təhrif edilirdi.  Azərbaycan rəhbərliyinin atdığı cəsarətsiz və itaətcil addımlar hadisənin ört - basdır edilməsinə imkan yaradırdı. O vaxt Azərbaycan xalqı adından Bakıdan yegənə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Sovet rəhbərliyi hadisə ilə bağlı heç bir münasibət bildirməmiş, vəhşi əməlini gizləməyə çalışmışdır. Yalnız  1 il sonra - 1991-ci il, 20 Yanvarın ildönümündə  SSRİ prezidenti M.Qorbaçov Azərbaycan xalqına başsağlığı verməklə hadisəyə səthi münasibətini bildirmişdir. Düzdür, M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi" deyərək öz günahını etiraf etsə də, bu onun bir dövlət rəhbəri olaraq məsuliyyətsizliyini sübut etdiyi kimi, yüzlərlə günahsız qurbanların ah-naləsini də unutdurmadı.

Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda  çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya yayıldı, böyük rezonans doğurdu.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişiylə 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü.

Ümummilli Liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Hər il 20 yanvar tarixi ümumrespublika səviyyəsində anılır, Şəhidlər Xiyabanı milyonlarla insanın ziyarətgahına çevrilir.

 

Azərbaycan tarixinin şərəfli səhifəsi

Yüzlərlə guünahsız, qəlbləri Vətən sevgisi ilə döyünən insanların qətli ilə nəticələnən bu faciə anti-Azərbaycan siyasəti yürüdən, idarəçilik bacarığına malik olmayan Qorbaçov başda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayəti, qara səhifəsidir. Təəssüf ki, belə qərəzli təşkil olunmuş cinayət hələ də cəzasız qalır. Bu gün dünya 20 yanvar hadisələri ilə bağlı kifayət qədər məlumatlara malik deyil. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox insan yaralanmış, 800-dən çox insan isə həbsə atılmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Yanvarın 20-si fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda (Neftçala, Lənkəran) isə 26 nəfər öldürülüb.

"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.  Bu faciə ilə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”nin tələbləri kobudcasına pozulmuşdur. Lakin dünya birliyi hələ də yüzlərlə insanın vəhşicəsinə ölümü ilə nəticələnən fəlakətə göz yumur. Hadisəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməli, cinayətkarlar cəzasız qalmamalıdır.

...

Hər bir azərbaycanlı üçün şərəf tariximiz yaddaqalan və unudulmaz olmalıdır. Bizim boya-başa çatdığımız, yaşadığımız bu torpaqlar Vətən uğrunda özünü fəda etmiş, canından keçmiş şəhidlərimizin qanı ilə suvarılmışdır. Məhz 20 yanvar gecəsi şəhidlərimiz öz qanları ilə şərəfli bir tarix yazdılar. Bu tarixi gün Azərbaycanın müstəqilliyinin qazanılmasına imza atdı.  Belə bir fikir var ki, şəhidi olmayan millət torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan millətin kimliyi bilinməz. Azadlığı qanı ilə, canı bahasına qazanmayan millət hər zaman kölə kimi yaşamağa alışar, mübarizədən kənarlaşar. Bizim bugün bu torpaqlarda rahat, müstəqil yaşamamızın səbəbkarları daim heç bir mübarizədən çəkinməyən, qanı, canı bahasına Vətən torpaqlarını müdafiə edən şəhidlərimizdir. Biz çoxmilyonlu Azərbaycan milləti, ölkə vətəndaşları Vətənimizdə azad və məsud yaşamağmıza görə onların ruhlarına borcluyuq. Necə deyərlər, “şəhidlər ölməz, vətən bölünməz”!

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>