Sizin link burada

Qeyri-adi qonaqlıq: dovşanı udan əjdaha, sellofan yeyib ölən “nəcib”, ox atan tirəndaz - REPORTAJ - FOTOLENT

 

Restoranın mərkəzində tək oturmuşdu. Masada, necə deyərlər, barmaq basmağa boş yer yox idi. Əsl gətir-götür... İçindən lap nərə çəkmək keçdi. Gərnəşib, ətrafa göz gəzdirdi. Bir qıraqda balaca bir masada dovşanlar qəlyanaltı edirdilər. Onlardan o yana maral bir çəngə duzlanmış otu çənəsinin altına salmışdı. Ən qəribə müştərilər isə bu tərəfdə idi. Divardan asılmış budaqda oturan iki meymun meyvə yeyir, arada tum çırtlayıb yeri zibilləyirdilər. Arxaya boylandı – Nil timsahı növbəti tikəsini udub, göz qapaqlarını endirdi. Ondan bəri, iki dik çubuğun arasında iri bir qabda buğda, arpa, göy-göyərti qoyulmuşdu, yanında heç kim yox idi. Başını azca qaldırıb yuxarı baxanda çubuqların nə olduğunu gördü – dəvəquşunun ayaqlarıymış. O biri müştərilərdən fərqli, ayaq üstə yeyən tək o idi...

 

...Hesab vaxtı gəldi. Tısbağa bu dəfə hamıdan cəld tərpənmişdi – ovcundakı qəpikləri qarsona uzadıb, tələsik çıxdı. Hamı bir-birinə baxıb gülümsündü. Nil timsahı kassaya yaxınlaşanda dovşanlar qulaqlarını qısıb, masanın altına gizləndilər. Arxasınca piton... Sonra meymunlar elə budaqdan kassanın üstünə tullanıb, hay-həşirlə hesabı ödəyib, getdilər. Bu dəm yanından iki çubuq keçdiyini görüb, üşəndi. Başını qaldırıb baxdı – dəvəquşuydu yenə, pulunu verib, iri addımlarla ləngər vura-vura çıxdı. Arxasınca o birilər...

 

Ən bahalı və səxavətli müştəri kimi özü axıra qalmışdı. Qarson da işini bilirdi. Qorxusundan ayaqları bir-birinə dolaşa-dolaşa masaya tərəf gəldi, aralıdan hesab qəbzini masanın üstünə atıb, bir ayağı qaçaraq gözləməyə başladı. Qarsonun bu halı ona xoş gəlsə də özünü o yerə qoymadı, tox idi, pulqabını çıxarıb, bugünkü naharın ən bahalı hesabını ödəyib, qarsona əyri-əyri baxdı. Nərildəyib, ayağa durdu... Pələng olmağının zövqünü yaşadı, çənəsini geniş açıb əsnədi və asta addımlarla çıxdı...

 

***

 

Əlbəttə, o restoran da, qarson da, hesab qəbzi də, anadolu türkləri demiş, “xəyal ürünü”dür. Saydığımız heyvanların yeyib-içmək səhnəsi də bizim quraşdırmamızdır. Yeganə həqiqət olan məqam, yemək xərcləri arasındakı proporsiyadır – kimin yeməyi daha ucuz başa gəlir, kimin yeməyinə daha çox xərc çəkilir.

 

***

 

Bakı Zooloji Parkında 159 növdə 1200 başdan artıq heyvan saxlanılır. Bu gün biz onların qida rasionundan danışacağıq. Lent.az-ın müsahibi parkın Zooloji şöbəsinin müdiri Pərvanə Səfərovadır. Heyvanların say çoxluğunu nəzərə alıb, oxucularımız üçün maraqlı olacaq 15-ə yaxın heyvan seçmişik. Ən böyüyündən tutmuş, ən kiçiyinə qədər. Siyahıda heyvanların yeminin növü və bu qidalara çəkilən xərc hesablanıb.

 

P. Səfərovanın sözlərinə görə, Bakı Zooloji Parkının illik gəliri 177 min manatdır. Bunun 90 mini bilet satışından əldə edilən məbləğdir. 87 min manat isə dövlət büdcəsindən ayrılıb. Bu məbləğ tək heyvanların qidalanması üçün nəzərdə tutulmayıb. Bura parkın kommunal xərcləri, tikinti xərcləri və s. də daxildir.

 

Parkda heyvanlar gündə bir dəfə qidalanırlar. Qidalanma əsasən günün birinci yarısında olur. Heyvanların sağlam qalması üçün həftədə 1 dəfə yırtıcı heyvanlar üçün aclıq günü də keçirilir. Həmin gün heyvanlara yem verilmir. Bu zaman həm də heyvanların həzm sisteminə istirahət verilir. Təbiət qoynunda da belədir, onlar hər gün yemək tapmırlar.

 

Zooparkın ən nəcib heyvanından başlayaq. Bir baş nəcib maral ayda 75 kq. quru ot, 30 kq. buğda, 60 kq. kəpək, 30 kq. arpa, 600 qram duz və 45 kq. tərəvəz yeyir. Maraqlın aylıq yemək xərci 85.40 manat, illik xərci isə 1025 manat edir.

 

Hazırda Zooparkda ümumilikdə 11 nəcib maral saxlanılır. Bu say daha çox ola bilərdi, bir neçəsi ölməsəydi. P. Səfərova ziyarətçilərin məsuliyyətsizliyindən gileylənir. Deyir, ölən maralların mədəsindən kilolarla sellofan torba çıxıb. Heyvanat parkını ziyarətə gələnlərin bəziləri özbaşına heyvanları qidalandırırlar. Bu zaman meyvəni sellofan torba ilə birgə heyvana atırlar. Nəzarətçi görüb götürənə qədər heyvan torbanı yeyir və sonradan mədəsində yığılıb qalır, bu da onların ölümünə səbəb olur: “Bir neçə heyvanımız öldükdən sonra qəfəslərin kənarına yazıb yapışdırmışıq. Düzdür, yazıya əhəmiyyət verməyənlər də var, amma ölüm halları əvvəlkinə nisbətən azalıb”.

 

Payız aylarında maralların cütləşmə vaxtıdır. Bu aylarda heyvana qidalandırmaq üçün qəfəsə yaxın gələn ziyarətçilər həm də özlərini təhlükəyə atırlar. Şöbə müdiri Zooparkda yaşanmış bir hadisəni danışır.

 

- Cütləşmə dövründə heyvanlar çox aqressiv olurlar. Nəcib maralda nəciblikdən əsər-əlamət qalmır (gülür). Həmin dövrdə erkək marallar bir-biriylə dalaşırlar. Bir dəfə zebu ilə maralı qarışıq qəfəsə salmışdıq. Erkək maral zebunu buynuzu ilə cırıq-cızıq etmişdi. Yazıq zebunun qanı axırdı. Sonra həmin maralın buynuzunu kəsdilər.

 

Oxlu kirpinin qəfəsinin üstünə yazı vurulub: “Heyvanları yemləndirməyin və hirsləndirməyin!”

 

Aqressiv heyvanlardan biri də tirəndaz, yəni oxlu kirpidir. Təhlükə hiss edən kimi ox atır. Odur ki, qəfəsə çox yaxınlaşmırıq. Pərvanə xanım bir hadisəni də oxlu kirpi haqqında danışır.

 

- Bir dəfə oxlu kirpilərin erkək, ya dişiliyini təyin etmək lazım idi. Onu da tutub baxmaq lazım idi. Kənardan bir-birinə oxşayırlar. Onu tutan işçiyə oxlarını atmışdı. Oxlar şalvardan keçib ətinə batmışdı, ayağı bütün qan idi. Hələ bu işçi hər gün onu yemləyən idi, guya tanıyırdı.

 

“Oxlar adama batanda şişir adam. Mənə də batıb, bilirəm” - deyə fotoqrafımız Nicat əlavə edir.

 

Düşmənini oxla məğlub edən bu kirpinin aylıq qida xərci 33 manat edir. Bir kirpi gündə 1 kq. çörək, 1 kq. meyvə və 500 qram tərəvəz yeyir. İllik qidalanma 400 manata başa gəlir. 

 

Ən çox yırtıcıların qidalanması üçün xərclənir. İlk üçlükdə pələng, leopard və ayı durur.

 

Qida rasionu sadəcə ətdən ibarət olan pələng gündə 8 kiloqram ət yeyir. Bu, mal, ya toyuq əti də ola bilər. Pələngin aylıq xərci 374 manat edir. İllik 5 min manat. 

 

Pələngdən sonra siyahıda ikinci yerdə leopard durur. Aylıq xərci 258 manat olan bir baş leopardın qida rasionunda, pələngdən fərqli olaraq, balıq da var. Leopardın illik yemək xərci 3 min manat edir.

 

Bu xərc ana pələng üçün hesablanıb. Bala pələng anaya nisbətən daha az yeyir. Söhbət pələngdən düşmüşkən, şöbə müdiri pələngin balasını qəbul etmədiyini deyir. Anası tərəfindən doğumundan dərhal sonra tərk edilmiş bala pələng ana südü ilə deyil, süni qida ilə bəslənib.

 

Qida xərcləri aylıq 130.80 manat edən ayı bir ayda 26 kq. ət, 30 kq. düyü, 60 kq. tərəvəz və 30 kq. meyvə yeyir. Ayının ilik qida xərci 1570 manat edir.

 

Böyük gövdəsinə, vahiməli görüşünə baxmayaraq, Nil timsahının aylıq xərci sadəcə 32.6 manatdır. Ayda 4 dovşan, həftədə 1.75 kq. ət yeyən timsahın illik xərci digər yırtıcılardan kəskin fərqlənir: cəmi 400 manat.

 

Timsah kimi dovşanla qidalanan daha bir heyvan Birma pitonudur. Ayda 4 dovşanla qidalanan pitonun çəkisi 15 kiloqramdan çoxdur. İllik xərci 240 manat edir.

 

Heyvanlar arasında qida rasionu rəngarəng olan heyvan meymunlardır. Dekorativ uzunquyruq meymun balaca canıyla gündə 10 qram çörək, 10 qram tum, 250 qram quru meyvə, 40 qram tərəvəz, 150 qram meyvə, 30 qram toyuq, 30 qram kəsmik, 10 qram kəpək yeyir. Uzunquyruğun aylıq qida xərci 17.30 manat, illik isə 210 manat edir.

 

Uzunquyruq meymunun qonşusu dəniz donuzu ayda 3 kq. meyvə, 9 kq. tərəvəz və 3 kq. quru ot yeyir. Aylıq qida xərci 12.50 manat olan dəniz donuzunun illik yeməyi 150 manat edir.

 

Dəvəquşunun qida rasionu da uzunquyruq meymununku kimi müxtəlif çeşidlərdən ibarətdir. Bir dəvəquşu gün ərzində 100 qram buğda, 100 qram qarğıdalı, 200 qram arpa, 2 ədəd göyərti, 800 qram tərəvəz, 500 qram meyvə və 1 kq. çörək yeyir.  Beləliklə, dəvəquşunun qidalanması üçün 1 ayda 44 manat, ildə 528 manat xərclənir.

 

Dəvəquşudan sonra keçirik dəvənin özünə. İki hürgüclü dəvənin qida rasionu təəccübləndirmədi desəm, yalan olur. Sən demə, bir baş dəvə gündə 10 kq. süpürgə yeyirmiş. Bundan əlavə 10 kq. quru ot, 2 kq. buğda, 1.3 kq. kəpək, 20 qram duz yeyirlər. İki hürgüclü dəvənin 1 aylıq yeminin xərci 72 manat, illik isə 860 manat edir.

 

Heyvanat parkının xərci ən az olan heyvanı tısbağadır. Meyvə, tərəvəz, balıq və ətlə qidalanan bu heyvanın bir başının aylıq qida xərci cəmi 5 manatdır. Zooparkda müxtəlif növdə 41 tısbağa yaşayır.

 

***

 

Bakı Zooloji Parkına günorta saatlarında getdiyimizdən heyvanlar yeməyini çoxdan bitirmiş, bəziləri yuxuya dalmışdı. Yatanları oyatmaq mümkün olmadığında oyaqların şəklini çəkib, parkdan ayrılırıq.

 

Yazını oxuyub, evində heyvan saxlamaq həvəsə düşən oldusa, ən məsləhətlisi elə tısbağadır. Xərci az, zəhməti az. 

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>