Sizin link burada

Metropolitenin park yolları yenilənir

Son illərdə simasını sürətlə dəyişməkdə olan "Nərimanov" elektrik deposunda yeniliyin daha bir ünvanı park yolları olacaq.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yaxın gələcəkdə burada "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsi də tamamilə yeni əsaslarla qurulacaq. Lakin depo ərazisində hərəkətin təşkili və təhlükəsizliyin təmin edilməsi bununla tamamlanmayacaq.

 


Gələcəkdə park yolları tamamilə dəmir-beton konstruksiyalı şpallardan ibarət olacaq. Mərhələ-mərhələ bütün yollarda tətbiq ediləcək bu yeniliyin iqtisadi və təhlükəsizlik baxımından daha sərfəli olması, yollara qulluq həcminin minimuma endirilməsi və işçi qüvvəsindən daha səmərəli istifadə etməyə imkan verməsi ilə seçilir. Taxta nümunələri ilə müqayisədə beton şpallar uzunömürlüdür və 50 il istismar müddətinə malikdir. Onlar həm də depo ərazisinin və yolların estetik görkəmini dəyişəcək.
 

 

Qeyd edək ki, 2016-cı ilin sonundan "Bakı Metropoliteni"QSC özünün dəmir-beton konstruksiyaları istehsalatı sahəsində dünyanın aparıcı müəssisələrindən olan "Vollert" şirkəti ilə sıx əməkdaşlıq şəraitində inşa edilmiş beton blokların istehsalı sexi fəaliyyətə başlayıb. Bu tip şpallar "Nərimanov" elektrik deposunda hazırda inşası davam edən sınaq yolunda, pilot layihə kimi, uğurla tətbiq edilib. Gələcəkdə metropoliten tunellərində məhz bu beton bloklardan istifadə olunması nəzərdə tutulub. Bu növ beton bloklar beton təməl üzərində yerləşdirilməlidir. Lakin metropolitenin yeraltı və yerüstü sahələrində hər şpal növü təyinatı üzrə tətbiq edilir. Belə ki, tunellərdən fərqli olaraq depo yollarında şpallar ballastlı çınqıl bünövrə üzərində yerləşir. Həmçinin elektrik deposunun cəmi 14 km təşkil edən depo və park yollarında 10 mindən bir qədər artıq şpaldan istifadə olunur. Buna görə də texniki-istismar tələbləri, habelə iqtisadi və istehsalat səmərəsi nəzərə alınmaqla, depo yollarında dəmir-beton konstruksiyalı bütöv şpalların tətbiqi daha məqsədəuyğundur. 

 

Bununla əlaqədar müvafiq araşdırma və təhlillər aparılaraq, bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi şpalların tətbiqinin mümkünlüyü, metropolitenin istismar-texniki tələblərinə uyğunluğu öyrənilib. Nəticədə, Ələt qəsəbəsində yerləşən və Avropanın bu sahədə aparıcı müəssisələri ilə əməkdaşlıq edən "Şpal zavodu"nun məhsulu daha münasib hesab edilib. Metopolitenlə zavod arasında dəmir-beton konstruksiyalı şpallarla təchizatla bağlı müqavilə də artıq imzalanıb.
Bundan savayı, yoldəyişdiricilərin beton tirlər üzərində yerləşdirilməsi də gündəmdədir və məsələ araşdırılır. Bu tip tirlərin tətbiqi ilə qatarların yoldan çıxma ehtimalı, faktiki sıfır həddinə endiriləcək. Dəmir-beton şpallar kimi, tirlərin də istismar şərtləri daha sərfəli və səmərəli, nəzarət-qulluq mexanizmləri daha sadədir.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>