Sizin link burada

Ərini öldürən qadınla bağlı YENİ MƏHKƏMƏ

Bakıda ərinin ölümünə görə həbs edilən və məhkəmədən azadlığa buraxılan Günər Mirzəyeva ilə bağlı hökmlə əlaqədar prokurorluq və zərərçəkmiş protest verib.

 

Lent.az-ın məlumatına görə,  protest artıq Bakı Apellyasiya Məhkəməsinin hakim Qalib Məmmədovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası baş tutub.

 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı yanvarın 30-na təyin edilib.

 

Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva 32 yaşlı əri Şəmsi Babayevlə mübahisə zəminində ona bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

 

Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

 

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur və iki yaşlı övladı var.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>