Sizin link burada

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.

 

APA-nın məlumatına görə, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri dövlət məktəbəqədər təhsil müəssisələrinin büdcədən maliyyələşdirilməsi üçün saxlanma xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb.

 

Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan ərazisində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir. Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və “Ştatda olan işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativlərinin hesablanması üzrə aparılır. “Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir. “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.

 

Təhsilverənlərin (pedaqoji işçilər) və təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin əməkhaqqı hədləri Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Əmək Məcəlləsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən  müəyyən edilir. “Əməkhaqqına üstəlik” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə işəgötürənlərin “Sosial sığorta haqqında”, “İcbari tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə) və “İşsizlikdən sığorta haqqında” qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sığorta ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.

 

Normativin hesablanması:

 

Nə.üst. = ƏHF * MDSSH

 

Burada, Nə.üst. - illik əməkhaqqına üstəlik norması (manatla), ƏHF - əməkhaqqı fondu, MDSSH – işçilərin hesab-lanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun 22 faizi miqdarında ödənilir.

 

“Cari təmir xərcləri” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə əmlakın cari təmiri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.

 

Normativin hesablanması:

 

    Nct. = Dəf. * Kamort.

 

Burada, Nct. - illik cari təmir norması (manatla), Dəf. - əsas fondların dəyəri, Kamort. - əsas fondların cari il ərzində aşınmasını faizlə ifadə edən amortizasiya əmsalıdır.

 

“Ölkədaxili ezamiyyələr” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə ölkə daxilindəki ezamiyyələr və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara göndərilməsi ilə bağlı xərclər daxildir.

 

Normativin hesablanması:

 

Nezam.= Sezam. * Sgün * N1 gün

 

  Burada, Nezam. - illik ölkədaxili ezamiyyələr və xidməti səfərlərin norması (manatla), Sezam. - ezamiyyələrin sayı,  Sgün – bir ölkədaxili ezamiyyətdə və xidməti səfərdə olma günlərinin orta sayı, N1 gün - ölkədaxili ezamiyyələrin və xidməti səfərlərin bir günlük normasıdır.

 

“Elektrik enerjisi haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə sayğacın göstərişinə əsasən istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. Vəsaitin proqnozlaşdırılması sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim edilmiş sifariş əsasında həyata keçirilir. “Qaz haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. İstilik sistemi quraşdırılmış qaz cihazlarının texniki göstəricilərinə uyğun təqdim edilmiş sifariş əsasında, sayğac göstəricilərinə uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.  “Su və kanalizasiya xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrində istifadə olunan suyun və kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş su üzrə ortaillik sərfiyyata uyğun və həmin sərfiyyata görə kanalizasiya xidmətləri üzrə təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə dövlət istilik sisteminin normal fəaliyyəti üçün sərf olunan yanacağın (odun, kömür və s.) dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. “Digər kommunal xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə digər növ kommunal xidmətlərin dəyərinin ödənilməsi, o cümlədən tullantıların ləğvi və daşınması, camaşırların yuyulması və bu növ digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması məktəbəqədər təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır. “Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə digər kommunal və kommunikasiya xidmətləri ilə bağlı xərclər, sayğacların quraşdırılması, elektrik, rabitə, qaz, su və digər xətlərin çəkilişi, onların cari təmiri və bu işlərlə bağlı digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib olunmuş qüsur aktları əsasında və təqdim edilmiş sifarişə uyğun həyata keçirilir. Kommunal və kommunikasiya xidmətlərindən istifadə müəyyən edilmiş limitlər həddində həyata keçirilir.

 

Dövlət məktəbəqədər təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına).  “Ərzaq məhsullarının alınması” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrinin tipindən, yaş qrupundan, uşaqların qalma müddətindən (saatla) asılı olaraq, uşaqlar üçün ərzaq məhsullarının alınmasına sərf edilən xərclər daxildir.

 

Normativin hesablanması:

 

Nərz. = Nərz.1 * Qəm. * Sgün.

 

Burada, Nərz.- dövlət məktəbəqədər təhsil müəssisələrin-də uşaqların illik ərzaq norması (manatla), Nərz.1 - dövlət məktəbəqədər təhsil müəssisəsi üçün “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə müəyyən edilmiş ərzaq norması, Qəm. -  cari il üçün müəyyənləşdirilən ərzaq məhsullarının satın-alma qiymətlərinin yuxarı həddi, Sgün. – uşaq günlərinin sayıdır (mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ildə 210 gündən artıq olmamaq şərtilə). Dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi Metodikanın “1. Ərzaq məhsulları” bölməsinə, satınalma qiymətləri isə Dövlət Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun hesablanır. 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>