Sizin link burada

“Evakuasiya xidmətindən sui-istifadə yolverilməzdir” - Millət vəkili

"Yol hərəkəti haqqında qanunda, inzibati xətalar məcəlləsində evakuasiya xidmətindən istifadə nəzərdə tutulsa da cəmiyyətdə habelə sürücülər arasında bu xidmətə münasibət birmənalı deyil. Daha doğrusu kifayət qədər narazılıqlar da var. Düşünürəm ki, vətəndaşlar bu narazılıqların böyük hissəsində haqlıdırlar. Hər bir halda dayanma və durma qaydalarını pozan avtomobillərin həmin yerdən evakuasiya edilməsini düzgün hesab etmirəm. Həmin ərazidə bu qaydaları pozan avtomobillərin sayı onlarla olsa da, evakuasiya xidməti “seçmə üsulu” ilə fəaliyyət göstərir. Bu formada bəzi avtomobillərin cərimə meydançasına evakuasiya edilməsi, həm qanunun tələblərinə ziddir, həm də məqsədə uyğun deyil. Sözsüz ki, yol hərəkəti iştirakçılarının normal hərəkətinə, mühüm dövlət tədbirlərinin keçirilməsinə və digər zəruri hallarda maneə yaranırsa avtomobilin evakuasiya edilməsi mütləq xarakter daşıyır. Evakuasiya xidməti məhz bundan ötrüdür. Amma həmin ərazidə inzibati cəriməyə səbəb ola biləcək formada nəqliyyat vasitələrinin qanunsuz olaraq saxlanılması və bu avtomobillərdən evakuasiya xidmətinin öz “mülahizəsinə” görə hansılarınısa cərimə meydançasına aparılması anlaşılan deyil”.

 

 

 

Bu sözləri millət vəkili, hüquqşünas Rafael Cəbrayılov Lent.az-a evakuasiya xidmətinin fəaliyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

 

 

 

Millət vəkili “seçmə prosesinin” neqativ  hallarla müşahidə olunması barədə haqlı narazılıqlara da rast gəlindiyini vurğulayıb: “Məqsədə uyğun odur ki, dünya təcrübəsindən istifadə olunsun. Həmin ərazidə dayanma və durma qaydaların pozan avtomobillərin sürücüləri “evakuasiya xidmətinin mülahizəsinə əsasən” deyil yol polisi əməkdaşı tərəfindən inzibati xətalar məcəlləsinə uyğun olaraq cərimələnsin. Bu həm də qanun qarşısında hamının bərabərliyini, təmin edərdi. Eyni zamanda dövlət büdcəsinə cərimə formasında daxil olmaların təmin olunması baxımından düzgün olardı. Yekunda onu bildirmək istəyirəm ki, evakuasiya xidmətindən sui-istifadə edilməsi yol verilməzdir və yalnız "Yol hərəkəti haqqında" qanunun və inzibati xətalar məcəlləsinin nəzərdə tutduğu zəruri hallarda tətbiq edilməlidir”.

 

 

 

Qeyd edək ki, evakuasiya xidmətinin avtomobilləri qanunsuz aparması son günlər yenidən medianın və sosial şəbəkələrin gündəminə gəlib. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun evakuasiya xidmətinə görə alınan ayrıca haqqın ləğv edilməsi haqda yazdığı status mövzunu körüklədi. Ekspert hesab edir ki, evakuasiya xidmətinə görə haqqın ləğv edilməsi ən azı 2 mühüm problemi həll edəcək:

 

 

 

“1. Bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı), həm də xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu, ədalətsizlikdir.

 

2. Evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakuasiya olsa da, olmasa da, konkret cəriməsini ödəyəcək”.

 

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>