Sizin link burada

"Audit gələndə bəzi sənədlər məhv edildi" - Məşhur klinikanın MƏHKƏMƏSİNDƏN

 

"Leyla Şıxlinskaya" klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçiləri -keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bəxtiyar Musayev ifadə verib. O, klinikada baş həkim, cərrah işləyib. B. Musayev ifadəsində qeyd edib ki, istintaqda klinikanın fəaliyyəti və işlərin qurulması haqda danışıb. Ona Leyla Şıxlinskaya ilə münasibətlərinə dair sual verilib. Şahid qeyd edib ki, L. Şıxlinskaya ilə münasibətləri normal olub. Dövlət ittihamçısının sualına cavab verən B. Musayev işdən çıxmaq üçün ərizə yazdığını da qeyd edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxs, klinikanın baş mühasibi olmuş Şəhla Abbasovanın ötən prosesdə verdiyi ifadəyə uyğun olaraq B. Musayevə sual verib: "Şəhla Abbasova qeyd edib ki, həkimlərin maaşı 300-400 manat olduğu halda, onlara 30 min manata yaxın maaş verilib. Siz maaşı kartla almısınızmı?".

 

Şahid adına maaş kartı olduğunu bildirib. Amma aylıq nə qədər maaş aldığını açıqlamayıb. Həkim bildirib ki, aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edib. Baş həkimə klinikaya gətirilən xəstələrin ödəniş edilmədən əməliyyat edilib-edilməməsi ilə bağlı sual verilib. Həkim qeyd edib ki, bu onun səlahiyyətinə aid olmadığı üçün maraqlanmayıb: "Əməliyyat etdiyim xəstələrin adını yadda saxlamağım mümkün deyil. Üzərindən neçə ay keçib. Xəstənin pul ödəyib-ödəmədiyi mənim işim deyildi. Ola bilsin ki, belə hallar olub. Bəzən də sığortalı xəstələr gəldiyindən onlar ödəniş etməyiblər. Mən 6 il əvvəl həmin xəstəxanadan ayrılmışam. Xəstələrin adını yadda saxlamağım mümkünsüzdür".

 

B.Musayev qeyd edib ki, bəzi xəstələr əməliyyat olunsa da, ödəniş etməyiblər: "Belə hallar olub. Elə xəstə olub ki, xəstəxanaya 20 min borcu qalıb. Nə etmək olardı? Bəzi xəstələr olub ki, əməliyyat etmişəm, amma pul almamışam. Bilmirəm həmin pulu ödəyiblər, ya yox. Mənim klinikadan indi də 11 min alacağım var".

 

Digər şahid Gülarə Bağırova bildirib ki, həmin xəstəxanada 10 ildən artıq çalışıb. G. Bağırova təqsirləndirilənlərdən Səkinə Qasımovanın anasıdır. Şahid işlədiyi müddətdə maaş alması ilə bağlı suallara cavab verərkən deyib ki, klinikada doğuş əməliyyatlarına görə pul alıb. Amma rəsmi maaşı olmayıb və müqavilə əsasında işləyib. G.Bağırova söyləyib ki, indi kartla da onlara maaş verilir. Şahid doğuşdan 50 faizə qədər ödəniş aldıqlarını söyləyib. Doğuş əməliyyatlarının qiymətinin əvvəllər 1250-1650 manat arasında dəyişdiyini deyən G. Bağırova qeyd edib ki, son aylarda ödənişlər 1000 manata qədər azalıb.

 

Şahidlərdən Leyla Hüseynova da məhkəmədə ifadə verib. O, klinikada qeydiyyat şöbəsində işlədiyini, hazırda analıq məzuniyyətinə çıxdığını söyləyib. L. Hüseynova çalışdığı müddətdə gələn xəstələrin qeydiyyata alındığını, ödəniş edildikdən sonra həkim müayinəsinə buraxıldığını söyləyib. Şahid ödəniş etmədən heç bir xəstənin həkim yanına buraxılmadığını deyib. L. Hüseynova 400 manat əmək haqqının 50 faizini kartla, 50 faizini isə nağd şəkildə aldığını deyib.

 

Klinikanın ginekologiya şöbəsində qeydiyyatda işləyən Aygün İsmayılova da şahid qismində ifadə verib. O söyləyib ki, işi sadəcə xəstələri qeydiyyata almaq olub. Aygün İsmayılova ödəniş etmədən klinikaya gələnlərdən yalnız bir nəfəri xatırladığını deyib: "Təcili doğuş idi. Gecə gəlmişdilər. Doğuş olandan sonra dedilər ki, pulumuz yoxdur. Çıxıb getdilər". Klinikanın mühasibatlığında işləyən Günel Abbasova da şahid qismində dindirilib. O söyləyib ki, işi sadəcə xəstəxanaya daxil olan xəstələrə verilən çeklərin sayını yoxlamaq olub. Günel Abbasovamın Leyla Şıxlinskaya ilə yaxın münasibətlərinə görə işə götürüldüyü məlum olub. O, işə mühasib kimi götürüldüyünü, ancaq ixtisasca kimyaçı olduğunu deyib. Şahid mühasibatlıq işini bilmədiyini qeyd edib.

 

 

Suallara cavab verən Günel Abbasova baş mühasib Şəhla Abbasovanın göstərişi ilə bəzi sənədlərin məhv edildiyini deyib: "Həmin sənədlər qara sənədlər idi. Şəhla Abbasova dedi ki, dövlətdən yayınmış sənədlərdir. Həmin sənədlər audit gələndə məhv edilib".

 

Klinikanın baş mühasibi olmuş, hazırda təqsirləndirilən şəxs Şəhla Abbasova Günel Abbasovaya belə bir göstəriş verə biləcəyini təsdiqləyib: "Ola bilsin ki, demişəm. Amma dəqiq xatırlamıram".

 

Növbəti məhkəmə iclası yanvarın 19-na təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib. Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>