Sizin link burada

Başına torba keçirilərək öldürülən voleybolçunun qətli ilə bağlı məhkəmə davam edir

Qadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sevinc Babayeva ifadə verib. O, ifadəsində təqsirləndirilən N.Vəkilovu tanımadığını,  ölən A. Morozovanı tanıdığını deyib: "Anjelika ölməmişdən bir neçə gün əvvəl bizə gəlib köhnə soyuducunu apardı, dedi düzəltdirəcəm. Hadisə günü gördüm onun həyətində işıq yanır, təəccübləndim. Çünki heç vaxt işıq yandırmırdı, səhəri gün gördüm mətbəxdə də işıq yanır. Yaxınlaşıb baxmaq istəyəndə gördüm qaz sayğacı da açıqdı. Bir gün sonra Solmaz mənə zəng edib dedi ki, Anjelika neçə gündür telefonlara cavab vermir.  Anjelaka mənə demişdi ki, Nailəgildə olacaq. Onlarla da danışdıq, dedi bizdə yoxdu. Bir yerdə evinə gedib qapını döydük, açan olmadı. Bizə demişdi ki, çiməcəyəm, elə bildik qazdan boğulub ölüb. Qapını aça bilmədik, polisə zəng etdik".

 

 

Şahid qeyd edib ki, qonşuluqda yaşayan Elşənin ona borcu olub: "Elşən ondan 4700 manat borc alıb qaytarmayıb. Bir dəfə də pulu istəmək üçün Elşənin evinə bir yerdə getdik. Arvadı Şəhla məni evdən qovdu, sonra da Anjelika gəldi. O dedi ki, Şəhla ona "nə vaxt tək gəlsən, onda bu haqda danışarıq" deyib".

 

Daha sonra şahid qismində Nailə Məmmədova ifadə verib.  O bildirib ki, Anjelika ilə  voleybol oynayarkən tanış olublar: "Hadisədən bir gün əvvəl yoldaşımla gedib Anjelikanın soyuducusuna baxdıq, xarab idi. Yoldaşım Samir ustadır. Biz ordan çıxanda Anjelika dedi ki, çiməcək, mən dedim qazdan boğularsan, ehtiyatlı ol. Səhəri gün "odnoklassniki"yə girib gördüm Anjelaka ora görməyib, narahat oldum. Çünki hər dəqiqə orda olurdu. Sonra Sevinc zəng edib Anjelikanı soruşdu, gedib bir yerdə evinə baxdıq. Qapı bağlı idi, polisə xəbər verdik. Bəlli oldu ki, o boğularaq öldürülüb".

 

Nailə Məmmədova da qeyd edib ki, Elşən adlı qonşusunun ona borcu olub: "Bir yerdə polisə də getmişdik, bu barədə ərizə vermişdi".

 

Şahid qismində Sürəyya Məmmədova  şahid qismində ifadə verərək bildirib ki, N.Vəkilov ona A.Morozovanın 250 manat borcu olduğunu deyib: "Namiqdə telefon var idi, soruşdum ki, bu haradandır. Dedi ki, mənim qadınım var, fala baxan, o alıb".

 

Proses yanvarın 18-də davam edəcək.

 

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qadının meyiti başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.

 

Qadının 1963-cü il təvəllüdlü Anjelika Morozova olduğu məlum olub. 

 

Morozova tək yaşayırdı, ailəli deyildi və qapalı həyat tərzi sürürdü. Bəzi KİV-də Morozovanın cadugərliklə məşğul olmasına dair məlumat da yayılmışdı. Bundan başqa, ölməmişdən qabaq qadına əzab verildiyi barədə də xəbərlər verilib.

Amma Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, KİV-də yayılan məlumat həqiqətəuyğun deyil.

“Morozova voleybolçu olub və cadugərliyə aidiyyəti olmayıb. Qətlə yetirilən şəxsin bədənində işgəncə izləri yoxdur, onun bədənində qatilə müqavimət göstərdiyini sübut edən göyərmələr var, müqavimətə baxmayaraq o, boğularaq öldürülüb”, - polisdən qeyd ediblər.

 

1963-cü il təvəllüdlü Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.

 

Vəkilovu əməliyyatçılar Qazax rayonunda saxlayıblar, o, istintaqdan gizlənməyə çalışırdı.

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>