Sizin link burada

Şəkil çəkdirməyin səbəbi

 

Gözlədim ki, bu yazını sonra yazım, yəni 20 yanvar və 26 fevral  faciələrinin ildönümləri bitəndən sonra. Çünki  bu yazını gec yazmaq istəməyimin dediyim məsələyə çox dəxli var.

 

20 Yanvar, 26 Fevral günü Avropa ölkələrində yaşayan  azərbaycanların  hər hansı bir meydanda kiçik toplantıları heç vaxt bir-birindən  fərqlənmir.  Diqqətlə baxsan, hətta çəkdirdikləri  şəkillər keçən ilki şəkillərə  oxşayır və ya bəlkə də,  eynidir. Sanki təkrardır. Eyni adamlar, əllərində bayraqlar, divara vurulmuş 20 Yanvar və Xocalı şəkilləri və sair. Heç nə dəyişmir, keçən il də belə idi, ondan qabaqkı il də. Şübhəsiz, gələn ildə belə olacaq.

 

Əziz dostlar, sizin  İsveçdə, Belçikada, Fransada, Almaniyada  və  başqa xarici  ölkələrdə  keçirdiyiniz bir günlük  tədbir heç kəsi heyrətləndirməyəcək. Ona görə ki, onlar sizi ilk dəfə  və ya ilin   faciə ilə  qaralanmış  günlərində  görürlər.   Onlar elə bilirlər  ki, siz  həmin ölkələrə yanız həmin günlərdə   gəlirsiniz, bayraq tutursunuz,  uzun nitq söyləyirsiniz və sonra da çıxıb  gedirsiniz dükanınıza, restoranınıza və şəhərin  künc-bucağındakı iş yerlərinizə. Sonra isə  heç bir yerdə görünmürsünüz. Görünməyiniz bir də qaldı gələn ilə.

 

Siz yaşadığınız  ölkələrin  ziyalıları, şairləri, televiziyası, mətbuat və parlamenti ilə əlaqə qurmaq  əvəzinə, öz ölkənizlə - Azərbaycanla sıx  əlaqələr qurmaq  istəyirsiniz. Onların televiziyasında, mətbuatında yox, bizim televiziya və mətbuatımızla əlaqələr  yaradırsınız. Onların deputatlarından da çox bizim Milli Məclisin  üzvləri ilə iş birliyi qurursunuz.  Axı niyə? Nə səbəbə?

 

Bəs necə etməli? Siz ilk günlərdən onların kitabxanalarına getməli, kitab oxumalısınız. Onlar sizi kitab oxuyan kimi tanımalıdırlar. Sonra da sizin Xocalı haqqında keçirdiyiniz tədbirə inanmalıdır ki, bu çıxış edənlər o  günü  kitabxanada kitab, qəzet və  jurnal oxuyan  dostlarımızdı. Onda gəlib sizi dinləyəcəklər.

Bəli, Xocalının  təbliğatı xaricdə ən birinci həmin ölkənin mədəniyyəti ilə tanış olmaqdan başlayır. Erməni kitabxanaya  gedir, mətbuatla əlaqə yaradır, siyasətçilərlə diskusiyalar aparır, parlament müxbirləri ilə dialoqa girir və nəticədə onları bizimkilərdən yaxşı tanıyırlar. Bəs bizimkilər neyləyir?

 

Bizimkilər ancaq öz iş-güclərində. Yalnız 20 Yanvar və Xocalı günlərində gəlirlər meydana, bir-iki şəkil çəkdirib qoyurlar sayta, vəssalam. Yaşadıqları   ölkələrin adamları, ziyalıları   bizimkilərin  keçirdikləri tədbirlərə gəlmirlər, ya da çox az  gəlirlər. Ona görə ki, bizimkiləri yaxşı tanımırlar.  Hətta  bəzən  Xocalı şəkillərini də başqa bir ölkənin  faciəsi zamanı həlak olanların şəkilləri ilə dəyişik salırlar. Çünki dünyada şəhid olan insanların şəkilləri bir-birinə çox bənzəyir.

 

Biz küçəni çox sevirik, mikrofon görəndə çiçəyimiz çırtlayır. Biz ən çox görüntünün  tərəfdarıyıq, deyək ki, çıxış elədik, şəkil çəkdirdik, ölkəmizin aidiyyəti qurumları   bunu  gördülərsə, hər şey  əladır.  Bununla da işimizi bitmiş hesab edirik. Ona görə də xarici ölkələrdəki  diasporumuz və  təşkilatlarımız təbliğatı küçədən deyil, yenə deyirəm, kitab oxumaqdan, daha doğusu, kitabxana və mətbuatdan başlamalıdılar  Kitab oxumaq, yaşadığımız ölkənin mədəniyyəti ilə tanış olmaq və onlarla əlaqələr qurmaq  bizə  ilk baxışda vətənpərvərlik görüntüsü vermir. Biz bunun fərqində deyilik, biz ancaq şəkil çəkdirmək çıxış etmək  istəyirik. Oxucu dostumuz yoxdur xaricdə. Ona görə  də isveçli kitabxanaya gedən ermənin dediyinə inananacaq, kitabxanaya getməyən, kitab oxumayan azərbaycanlıya yox. 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>