Sizin link burada

Cəlilabadda direktor özbaşınalığı: gənc müəllimlər şikayətçidir

Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin bir qrup müəllimi – Bakı şəhər sakini Elçin Abbasov, onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova, Cəlilabad rayonunun Günəşli kənd sakini Azad Dadaşov Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

 

Lent.az-ın məlumatına görə, hər 3 müəllim Alar kənd 2 saylı orta məktəbinin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev və onun müavini səlahiyyətlərini icra edən Həsənağa Əliyevdən şikayətçidir.

 

Müraciətə imza atan Elçin Abbasov bildirib ki, 2006-cı ildən bu məktəbdə çalışır. Onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova da təyinatla 2006-cı ildən həmin məktəbdə işləyir. Hər iki müəllim Müəllimlərin Diaqnostik Qiymətləndirməsində məktəb üzrə ən yüksək bal toplayıb (E.Abbasov ixtisasdan 40, kurikulumdan 16 - toplam 56, həyat yoldaşı isə ixtisasdan 38, kurikulumdan 16 bal - toplam 54). Buna baxmayaraq, məktəb rəhbərliyi onların göstəricilərini nəzərə almayıb və dərs bölgüsünü düzgün aparmayıb.

 

Müəllimlər məktəbdə dərs bölgüsünün düz aparılmamasından və ayrı-seçkilikdən şikayətçidir. Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manat olsa da, E.Abbasovun 2017-ci ilin oktyabr üçün aylıq maaşı 318 manat, Ü. Abbasovanın maaşı isə ondan da az olub. E.Abbasov və Ü.Abbasova dəfələrlə dərs saatının az olmasının səbəbini öyrənməyə, gənc müəllim ailəsi olaraq üzləşdikləri bu ayrı-seçkiliyin nədən qaynaqlandığını aydınlaşdırmağa çalışıblar. Məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev hər dəfə eyni ailədən iki nəfərin bir müəssisədə çalışdığını, bu müəllimlərin Alar kəndinin sakinləri olmadığını göstərib və 2 saylı Alar kənd orta məktəbindəki işlərindən çıxaraq, qeydiyyatda olduqları yerlərdə işləməyi məsləhət görüb.

 

Dərs saatları ilə bağlı edilən şikayətdən sonra isə L.Seyfullayev nəinki tədbir görüb, əksinə, 2017-ci il noyabrın 22-də məktəbin Pedaqoji Şurasının iclasını çağırıb, həmin iclasda E.Abbasovun üzərinə hücum edərək, onu ağır sözlərlə söyərək təhqir edib.

 

Müraciəti imzalayan müəllimlərdən biri - Azad Dadaşov da L. Seyfullayevin haqsız rəftarına məruz qaldığını qeyd edib. O, L.Seyfullayevin onu məktəbin Pedaqoji Şurasının iclaslarında dəfələrlə təhqir etdiyini, buna səbəbin isə A. Dadaşovun Alar kəndindən deyil, qonşu Günəşli kəndindən olmasının olduğunu deyib. 2015-ci ilin yanvar ayında, həmin vaxt direktor vəzifəsini tutan Həsənağa Əliyev məktəbin gənc müəllimi Azad Dadaşovu qeyri-qanuni işdən azad edib, lakin Cəlilabad Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi A.Dadaşovun iddiasını təmin edərək onu işə bərpa edib.

 

Şikayətçilər qeyd ediblər ki, L. Seyfullayev və H. Əliyev işdə qanunsuz çalışırlar. Belə ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Ancaq heç bir dövlət mükafatı, fəxri adı olmayan Həsənağa Əliyev 65 yaşda direktorluqdan çıxarılsa da, sonradan vəzifəsinə qayıdıb. Hazırda isə direktor müavini vəzifəsini icra edir: “Həsənağa Əliyev 2010-cu ildən indiyədək direktor vəzifəsindən 4 dəfə azad olunub (bunun 3 dəfəsi nöqsanlarla, biri isə yaş məhdudiyyəti ilə bağlı olub). Özü direktor olmadığı vaxtlarda isə bir müddət onun vəzifəsini qohumları tutub. 2010-2015-ci illərdə H.Əliyev özü 4, qardaşı Bünyətəli Əliyev 1, qardaşının gəlini 1 dəfə direktor təyin olunub”.

 

Şikayət edən gənc müəllimlər qeyd edirlər ki, hazırda məktəb rəhbərliyi onların işlərindən uzaqlaşdırılmasına nail olmağa çalışır: "Bizi hər an məktəb rəhbərliyinin təxribatı gözləyir”.

 

 

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>