Sizin link burada

Rəşad Sadıqov "Qarabağ"dan milliyə neçə futbolçu çağırdı?

 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın yeni baş məşqçisi Rəşad Sadıqov ilk təlim-məşq toplanışına 26 futbolçu dəvət edib.
 
Bu oyunçular yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıqlara qatılacaq. Sadıqov ölkə xaricindən yalnız iki futbolçu çağırmağı məsləhət bilib.
 
Bunlardan biri əvvəllər də aşağı yaş qrupları üzrə millilərə dəvət olunmuş Murad Xaçayevdisə, digəri qalmaqallı Ozan Can Kökcüdü. Milliləşməklə bağlı qərarını bir neçə dəfə dəyişən, gah yığmadan küsüb, gah da geri qayıdan türk əsilli legioner yenidən komandada olacaq.
 
Digər 24 oyunçu isə yerli klubları təmsil edir. Toplanışda “Neftçi” daha çox - 5 futbolçu ilə təmsil olunub. “Sumqayıt” 4, “Keşlə” 3 üzvünü U-21-ə ezam edəcək.
 
Sadıqov futbolçu kimi şərəfini qoruduğu “Qarabağ”ın yalnız iki üzvünə ehtiyac duyub. “Qəbələ”, “Səbail”, “Zirə” və “Kəpəz”dən də eyni sayda oyunçu toplanışa dəvət alıb.
 
Gənc çalışdırıcı divizionu da diqqətdən kənar saxlamayıb. MOİK də ölkə çempionu “Qarabağ” kimi iki futbolçusunu milliyə verəcək.
 
Antalya toplanışında Kamran İbrahimov, Elnur Cəfərov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Sərtan Taşkın, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), İsmayıl İbrahimli, Aydın Bayramov (hər ikisi MOİK), Famil Camalov, Əskər Hüseynov (“Qarabağ”), Fəhmin Muradbəyli, Murtazəli Abakarov (hər ikisi “Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), İlyas Səfərzadə, Yusif Cəfərov (hər ikisi “Kəpəz”), Hacıağa Hacılı, Qismət Alıyev (“Qəbələ”), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Murad Xaçayev ("Şaxtyor", Donetsk, Ukrayna) iştirak edəcək.
 
Qeyd edək ki, Murad Xaçayev və Qismət Alıyev komandaya yanvarın 17-də qoşulacaq.
 

LENT

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>