Sizin link burada

Bir qadın itirdim

 

 

Qadın həbsxanaları  sevginin ağladığı yerdir. Mənə elə gəlir, hər axşam  qaranlıq qara quş kimi qanadlarını  qadın həbsxanalarının üstünə sərir və ordan nəmli göz yaşlarını çəkib buludlara ötürür. Və  göy üzündə nə qədər bulud varsa, hamısı  qadınlarn göz yaşlarından yaranıb.  Belə getsə, tezliklə dünyanı su basacaq.

 

Jül Vern deyirdi, qadın  o qədər incə məxluqdur ki, onu çiçəklə də döymək olmaz. Qadın incədir, zərifdir, anadır, şairdir, bəstəkardır...

 

Rəsul Rzanın təbirincə desək, qoy buludlar ağlasın, qadınlar ağlamasın. Qoy kişilər aldansın, qadınlar aldanmasın.

Vaxtı ilə oxuduğum bir şeirin iki misrası hələ də yadımdadır.

 

Bütün bü dünyanı sülh olsun deyə,

Verin anaların  ixtiyarına.

 

Görəsən,  bütün ölkələrin başçısı analar olsaydı,  bir-biri ilə  müharibə edərdilərmi, “ləşkər”ini və “kişvər”ini yığıb, başqa bir ölkəyə hücum çəkərdilərmi? Stalini də ana doğub, Hitləri də. Puşkini də ana dünyaya gətirib, Dantesi də. Amma övladlar həmişə  fərqli biçimdə olurlar. Övladlar uçurur, öldürür, yaradır və qururlar. Görəsən, Hitləri dünyaya gətirdiyinə görə anası peşman olardımı, heç olmasa, etdiyi cinayətlər üçün  ona  karlı bir şillə çəkərdimi? Məcnunu və Leylini dünyaya gətirən analar övladları üçün  bir çıxış yolu tapa bilərdilərmi?

 

Qadın hakimdir, prezidentdir və cinayətkardır. Həyatın  bizə təqdim etdiyi teoremə bax. Gəl həllini tap.

 

Bəzən   müharibələr qadın üstə başlayıb,  bəzən də müharibəni qadınlar dayandırıb. Hökmdarlar  çox vaxt düşmən  qızları ilə ailə qurublar, bununla da ölkələri arasında baş verən qanlı toqquşmalara son qoyublar.  Cavanşir ölkəsinə tez-tez hücum edən xəzərlərin başçısının qızı ilə evlənib, böyük  bir sülh sazişinə imza atıb.

Xalq şairi Fikrət Qoca yazırdı:

 

Qızlar hamısı gözəldi,

Sevə biləsən təki.

 

Bu da Məmməd İsmayılın misralarıdı:

 

Nə yaxşı ki indi çoxu anadı,

Dünən  bizi qoyub qaçan qızların.

 

Vaxtı ilə yazdığım bir şeirin son misraları  yaddaşımı silkələyir.

 

Katibələr yaşlananda işdən çıxarılırlar,

Gözəlləyin cəzası ağır olur, xanım hey.

 

Saytlarda tez-tez  rast gəldiyim yazı başlıqları: “Toyundan qaçan gəlin”, “İntihar edən qız”, “Ərindən boşanan qadın” ovqatımı  təlx etsə də, baş verənlərin səbəbini diqqətlə araşdırmışam və   həmişə  də günahı cəmiyyətdə, sosial problemlərdə  görmüşəm.  Xalqımızın bəzi  adət-ənənələri, qayınana-gəlin, baldız, qayın, elti problemlərin  qadını qadınlıqdan çıxarıb, bəzən onu bir cəllada, ya da  müti birinə  çevirdiyinin şahidiyəm. Şəhərimizdəki  saysız-hesabsız şadlıq sarayları, mebel salonları həmişə ürəyimi göynədir.  Ailə qura bilməyən, yaşı  əllini ötən qızlarımızın psixoloji problemləri və ya  ailə quran qızların   cehiz sindromu, mebelin və şadlıq saraylarının bahalığı və bir sıra  qadın sarsıntıları  əbədi spazma kimi daim məni sıxır. Bir tərəfdən  bu cür problemləri  psixoloqların yetərincə  diqqətə almamağı  intiharların sayının çoxalmasına səbəb olur. Axı gənclərimizin  evi yoxdursa, necə ailə qursun, qızlarımız cehizsiz evə  necə gəlin köçsün?  Baxın, bu gün  dükanlardan az qala  çölə çıxan daş-qaşlar, brilyantlar sanki qadın barmağının intiharı kimi üzümüzə boylanır.  Dükanlarımızda qadınlarımızın barmaqlarından bəlkə də yüz dəfə çox qızıl üzük var. Amma qadınlarımızın çoxunun  barmağının nişan üzüyü yoxdur. Bu üzük imkansızlıq ucundan ya əvvəl olmayıb, ya da sonradan satılıb  dərmana, ərzağa  verilib, ya da  lombarda qoyulub,  ehtiyac üzündən pul götürülüb. Bu da şeir yazdığımız, sevdiyimiz, qoruduğumuz qadının acı taleyi.

 

Amma bir dəfə...

 

Şəhərimizin Rəşid Behbudov küçəsində  işıqforda yolun açılmasını gözləyirdim. Mənim maşınımdan 4-5 addım qabaqda bir maşın dayanmışdı.  Sürücü  deyəsən qadın idi. Birdən nədənsə  o, maşınını arxaya verməyə  başladı. Mən nə qədər siqnal və ya işıq vasitələrindən istifadə etdimsə, xeyri olmadı. O, məni  görsə də, maşını arxaya verməyə davam edirdi. Yoldakı fəhlələr də bu mənzərəyə baxırdılar, hətta bir-neçəsi  yaxınlaşıb arxada maşın olduğunu ona desələr də, qadın əhəmiyyət vermədi. Maşını  zərblə mənim maşınıma çırpdı. Qadın düşüb dişinin dibindən çıxanı mənə dedi.  Günahı məndə gördü. Guya mən maşını aparıb onun maşınına vurmuşam.  Nə qədər  izah elədimsə, o, anlamadı, başa düşmək istəmədi. Yoldan  tamaşa edənlər də onu  başa sala bilmədilər. Sarı saçlı qadın   yuxarılarda işləyən  tanışları ilə  məni hədələdi. Ən çox əzilən mənim maşınım  idi. Yol polisləri də onun sözünü dedi. Nəticədə qadın  heç bir günahım olmadan  məndən yüz əlli manat qoparıb getdi. “Bu da şeir yazdığım qadın” deyə düşündüm. Maşınımın  əzilməyinə və verdiyim pula görə yox,  dünyada bir qadın itirdiyimə görə çox sarsıldım.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>