Sizin link burada

“Yubiley” zəlzələsi

 

2017-ni yekunlaşdırırıq. Bu il də Qarabağa qayıda bilmədik. Bu il də Şuşada mahnı oxumaq, toy eləmək, ad günü keçirmək, daha nələr etmək istəyənlərin arzusu reallaşmadı. Əslində, gözlənilən idi...

 

Amma yola saldığımız il, ötən illərdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mühüm bir yeniliyi ilə tarixə yazıldı. Doğrudur, baş verənlər münaqişənin həlli üçün aparılan danışıqlar kimi pərdə arxasında baş verdi. Amma pərdə nə qədər qalın olsa da, yayılan müəyyən informasiyalara istinadən demək olar ki, status-kvo dəyişdi.

 

2017-ci ildə ermənilərə “Lapşin dərsi” keçildi, prezidentlərin, baş diplomatların görüşləri baş tutdu, vasitəçilər regiona səfərlər elədi, atəşkəs pozuntusunda intensivlik müşahidə olundu. Amma bunların heç biri situasiyanı dəyişəcək qədər önəmli olmadı.

 

Dağlıq Qarabağ münaqişəsi üçün çox ciddi yenilik ABŞ və Rusiyanın problemə yanaşmasında baxış bucaqlarının dəyişməsi oldu. Münaqişə başlayandan həm ABŞ-ın, həm Rusiyanın, həm də özünəməxsus bir güc mərkəzi olan Avropanın mövqeyi toqquşmurdu. Əksinə, üst-üstə düşürdü. Lakin 2017-ci ildə mövqelərdə maraqlardan doğan müəyyən dəyişiklik əmələ gəldi.

 

Yeni situasiyanın yaranmasında əsas səbəb, təbii ki, Rusiyanın fərdi maraqları idi. Rusiya regionda mövcudluğunu uzatmaq üçün Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlılar adı ilə öz qoşunlarını yeritmək istəyir. Sözsüz ki, bu nə ABŞ-ı, nə də Avropanı qane etmir. Münaqişəyə münasibətdə soyuqqanlı davranan ABŞ region maraqlarında güzəşt etmək fikrində deyil.

 

Məhz bu fikir ayrılığının yaratdığı maraqlar toqquşması Dağlıq Qarabağ münaqişəsi üçün yeni situasiyanı şərtləndirə bilər. Əslində, bu, gözlə görünməyən status-kvo dəyişikliyidir.

 

Əgər 2016-da hərbi-taktiki baxımdan status-kvo dəyişmişdisə, 2017-də beynəlxalq maraqlar müstəvisində status-kvo dəyişikliyi baş verdi.

 

Baş verən bu dəyişikliklər isə sözsüz ki, müəyyən pərdəarxası gərginliyi artırmamış deyil. Bu gərginlik zəlzələdən əvvəl yığılan gərginliyə bənzəyir.

 

Bu gərginliyə Ermənistanda gözlənilən struktur dəyişikliyini (bu, hakimiyyət dəyişikliyi ilə də nəticələnə bilər) və Azərbaycanda nəzərdə tutulan prezident seçkilərini də əlavə etsək, situasiya aydınlaşar.

 

Doğrudur, bəzi politoloqlar seçkilər, hakimiyyət dəyişikliyi və bu kimi siyasi olaylar ilində münaqişənin dondurulmasını proqnozlaşdırır. Amma nəzərə almaq lazımdır ki, söhbət beynəlxalq güclərin maraq toqquşmasından gedir. Və bu maraqlar regiondakı hakimiyyətlərlə birbaşa bağlıdır.

 

Növbəti il münaqişənin başlamasının düz 30 ili tamam olacaq. Nə qədər acı da olsa Dağlıq Qarabağ münaqişəsinin artıq yubileyini qeyd edəcəyik. Və bu yubiley ili çox gərgin ola bilər. Çünki münaqişənin bətnində toplanan enerji hər an dağıdıcı zəlzələ törədəcək qədərdi.

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>