Sizin link burada

Çempion polkovnik: “Nə eləmişəmsə, qarşılıq gözləməmişəm” - MÜSAHİBƏ

"Fövqəladə hal heç vaxt olmasın, amma istəsək də, istəməsək də, baş verir. Belə hallar olanda bizdə nəticələr çox tez və effektiv aradan qaldırılır. Bizim nazirliyin yaranmasından 12 il keçdi, amma təcrübəsi böyükdür. Qısa müddət ərzində nazirlik bir struktur kimi formalaşıb, yüksək səviyyədə iş qurulub".

 

Müsahibim Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevdir. Onun rəhbərlik etdiyi İdman-sağlamlıq klubunun yaranmasından da 10 il ötür.

 

"İdmançı kimi fəaliyyət göstərirdim, 21 il polis orqanlarında çalışmışam. Klub yarandığı gündən ona rəhbərlik edirəm. FHN-nin hər bir əməkdaşının gələcəkdə peşəkar idmançı olması şərt deyil, əsas sağlam, möhkəm və işlərində cəld-qıvraq olmasıdır. Bunun üçün də fiziki güc tələb olunur. İdman-sağlamlıq klubunun işi çox genişdir. Fövqəladə Hallar Nazirliyinə qəbul olan gənc əməkdaşlarımızın fiziki durumuna nəzarət edirik, onların işə qəbulunda iştirak edirik. Əməkdaşlarımızın idmançı olması şərt olmasa da, onların sıralarında peşəkar idmançılarımız da var. Sayları da günü-gündən artır".

 

***

 

F. Musayev deyir ki, FHN-nin əməkdaşları arasında 11 idman növündə yarışlar keçirilir. Burada həm intellektual, həm də fiziki idman növləri var.

 

- Şahmat, voleybol, güləş, mini futbol, stolüstü tennis və s. yarışlar keçiririk. Bu yarışlar bizə nə verir? Əməkdaşlarımızın asudə vaxtı səmərəli keçir, fiziki sağlam olurlar. Bu, bizim üçün çox önəmlidir. Onlar arasında müxtəlif idman növləri üçün komanda toplanıb ki, bu komandaları bizi respublika, dünya çempionatında təmsil edirlər. Klubun 2017-ci ildə qazandığı nailiyyətlərə nəzər yetirsək, görərik ki, yanvarda Sərhədçi Olimpiya Mərkəzində keçirilən cüdo üzrə gənclər arasında Bakı şəhər Açıq Birinciliyində təmsilçimiz Nəriman Baxışov 81 kq. çəki üzrə Bakı çempionu olub. Bu ilin martında pauerliftinq üzrə Azərbaycan çempionatında 67 kq çəki dərəcəsində Rövşən Xəlilov 3 hərəkətin hər birində 1-ci yerə layiq görülüb. Habelə Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Azərbaycan birinciliyində klubu təmsil edən 54 kq çəki dərəcəsində Əsgər Məmmədəliyev qızıl medala layiq görülüb.

 

Klubun uğurlarını bununla bitmir. Sərhədçi Olimpiya Mərkəzində Milli karate Federasiyasının yetirmələri və gənclər arasında 17-ci Respublika birinciliyi üzrə İdman-sağlamlıq klubunun 430 nümayəndəsi mübarizə aparıb. Yarışda 60 kq çəki dərəcəsində Tural Ələkbərli 2-ci yer, 68 kq çəki dərəcəsində Aytən Rəfiyeva da 2-ci yeri qazanıblar. Klubun daha bir idmançısı, daxili xidmət baş leytenantı Rəşad Kəsəmənli 65 kq-da sol qolda 1-ci yer tutub. Sağ qolda isə Azərbaycan üçüncüsü olub. Klubun idmançısı Rövşən Xəlilov ötən ay Moskvada keçirilmiş Pauerliftinq Üzrə Dünya Çempionatında 75 kq çəki üzrə dünya çempionu olub.

 

Həmçinin, klubun beynəlxalq yarışlarda da uğurları var. Bu uğurlardan birini Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Dursədəf Kərimova qazanıb. O, 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəylik Oyunlarında cüdo üzrə komanda hesabında 3-cü, xidmətin daha bir əməkdaşı Pərviz Abdullayev uşu-sanda üzrə 2-ci yerə çıxıb. P. Abdullayev daha bir uğurunu ABŞ-ın Los-Anceles ştatında kikboksinq üzrə keçirilən yarışda qazanıb. O, dünya kubokuna sahib olub.

 

- Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Vətənimizdə keçirilən beynəlxalq yarışların sayı və səviyyəsi yuxarıdır. Dünya, Avropa çempionatları ölkəmizdə çox keçirilib, dünyanın ən böyük yarışlarından biri olan Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi onun sübutudur ki, doğrudan da biz idman dövlətiyik. Avropa oyunlarının ardınca İslam Həmrəylik Oyunları keçirildi. Əməkdaşlarımızın bu oyunlara qatılması və medal qazanması qürurvericidir. Biz çalışacağıq ki, əməkdaşlarımız Olimpiya Oyunlarında da iştirak etsinlər və qələbə qazansınlar.

 

F. Musayev deyir ki, hələlik FHN-nin Akademiyasının binasında müvəqqəti yerləşiblər, yaxın aylarda isə klubun öz binası olacaq.

 

***

 

Bu kompleks Akademiyanın binasından 50 metr aralıda tikilib. Tikinti bitsə də, bəzi xırda işləri qalıb. Bu, Azərbaycanın olimpiya kompleksləri sırasında ən böyüyüdür.

 

- İndiyə qədər tikilən komplekslərdə məşq zalı yoxdur. Böyük üzgüçülük hovuzu var, yarış zalları var, amma məşq zalı yoxdur. Bu kompleksin tikintisində isə məhz idmançıların fikri nəzərə alınıb, Kompleksdə 4-5 məşq zalı olmalıdır. Cürbəcür idman növləri inkişaf edir. Kompleksin əsas üstünlüyü budur ki, zalda tamaşaçılar üçün 2 min oturacaq var.

 

Zalda əsas yenilik jurnalistlər üçün edilib. Oyun zamanı rahat çəkiliş aparılması üçün oturacaqlar arasında operator və fotoqraflar üçün xüsusi yerlər, müxbirlər üçün VİP otaq ayrılıb. Bu isə indiyə qədər heç bir zalda nəzərə alınmamışdı.

 

- İnşallah, gələn il maya qədər kompleksin açılışı olacaq. Artıq biz məşq etmək üçün zal axtarmayacağıq. Özümüzün 4 məşq zalımız olacaq. İstər cüdo, istər boks, istərsə də taekvondo ya karate olsun, hamısına yetəcək məşq zalımız var. Kompleksimizə köçək, düşünürəm ki, idmanda daha yüksək nailiyyətlər əldə edəcəyik. Növbəti Olimpiya Oyunlarında FHN-nin əməkdaşları iştirak edəcək və inanıram ki, idmançılarımız vətənə medallarla qayıdacaq. İndiyə qədər yarışlarda idmançılarımız FHN-in İdman – sağlamlıq klubunun nümayəndəsi kimi iştirak ediblər. Bundan sonra əməkdaşı kimi qatılacaqlar. Karate üzrə 5 qat dünya, 3 qat Avropa çempionu Rafael Ağayev 8 yaşından mənim tələbəm olub. Niyazi Əliyev, Fariz Nəcəfov, Seymur Hüseynov və digər tanınmış idmançılar var ki, tələbələrim olub. Təbii ki, mən haradayamsa, onlar da orda olacaqlar. Sadaladıqlarım mənim əməkdaşım deyil, klubumun nümayəndələridirlər. Tələbələrimin sayı çoxdur, sadalamaqla bitməz. İstəyərdim ki, onlar sırf bizim klubun əməkdaşları olsun.

 

FHN-nin keçirdiyi tədbirlərdə 11 idman növündən 3-4-ü sırf nazirliyin əməkdaşlarına aiddir. Məsələn, səmti müəyyən etmək.

 

- Dünyada geniş yayılmış idman növüdür. Çox güman ki, tezliklə səmtin təyin edilməsi idmanı olimpiya oyunlarına da əlavə ediləcək. İdmançılara koordinat, kompas və xəritə verilir. Verilən koordinatı tez tapan qalib gəlir. Çox çətin yarışdır. Bu idman növü bizim əməkdaşların gələcəkdə meşədə itmiş adamı daha tez tapmasına kömək edəcək.

 

Sentyabrda səmti müəyyən etmə idman növü üzrə  FHN İdman-sağlamlıq klubu ilə nazirliyin İşçilərin Həmkarlar İttifaqı tərəfindən birgə keçirdiyi FHN-nin V respublika çempionatının final mərhələsi başa çatıb. Çempionatda FHN-nin 19 qurumu üzrə eyni sayda komandada 91 kişi və 5 qadın iştirak edib. İki gün davam edən final mərhələsində qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva, kişilərin yarışında isə nazirliyin Aviasiya Dəstəsinin əməkdaşı Pərvin Əliyev birinci olub.

 

- Səmti müəyyən etmə yarışını Qəbələ meşələrində keçiririk. 2 gün meşədə çadırda qalırıq. Yeməyi də meşədə hazırlayırıq. Bundan başqa, dağadırmanma idman növü də var. Bu idman növünü kompleks şəklində 5 növçülük etdik: maneələrlə qaçmaq, turnikdə 3 hərəkət – özünü dartmaq, fırlanmaq və turnikə qalxmaq, 10 metr məsafədən tir silahı ilə atıcılıq, üzgüçülük - xilasedici üzgüçülük və sonuncu dağadırmanma. Hər 3 hərəkəti etmək çox çətindir. İnanmırdım ki, bizdə bunu kimsə 2-3 dəfə edə bilər. 20 dəfə edənimiz var. Xilasedici üzgüçülükdə suyun dibinə maneken atırıq, kim birinci çıxarıb gətirsə, o qalib sayılır. Dağa dırmanmada 300 metr hündürlükdə dağa bir hədəf qoyuruq, kim tez qaçıb əlini vursa, qazanır.

 

Bundan başqa, 3 növçülük də var: 1000 metr qaçmaq, hündürlüyə tullanmaq - uzununa tullanmaq və daş atma.

 

***

 

Söhbət idmandan gedirsə, karatedən danışmamaq olmaz. Füzuli Musayev karatenin olimpiya idman növü sıralarına daxil edilməsini sevinir.

 

- Karate mənim həyatımdır. Əfsus ki, bizim zamanımızda olmadı, yenə də pis olmuram, özüm iştirak etməsəm də, davamçılarım iştirak edəcək. Arzu edirəm ki, ürəyimdə qalan arzuları onlar gerçəkləşdirsinlər, lisenziya da qazansınlar, medal da. Karateyə mən idman demirəm, elm deyirəm. Çünki karatenin dərin fəlsəfəsi var. Fəlsəfə olan yerdə də insanın şüuru dəyişir. Özümdən götürürəm, gənc olanda karate ilə rastlaşan kimi başqa düşüncələrlə yaşayırdım, böyüyürdüm. Döyürdüm, döyülürdüm. Karate ilə təzə tanış olanda düşünürdüm ki, yaxşı dalaşaram. Hər hansı bir adamı verin mənə, 6 aya ona yaxşı dalaşmağı öyrədim. Amma onun başı olmayacaq. Çöldə dalaşmaq cinayətdir. Dalaşmaq üçün ən yaxşı yer yarışdır. Həm dalaşacaqsan, həm də buna görə təşəkkür alacaqsan. Bu idman növüylə məşğul olandan sonra karate məni tam başqa sahəyə gətirib çıxardı. Bu gün fəxr edirəm ki, karatedə varam. Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra ilk dünya çempionu mən olmuşam. İstər olimpiya, istər qeyri-olimpiya idman növündən. Arzu edirəm, işğalda olan torpaqlarımız yenidən bizdə olsun. Hər kəs öz nəticəsi ilə ölkəsini tanıtmalıdır. Hər bir insan tutduğu vəzifəsində, əməlində vətənini düşünməlidir. Vətənpərvərəm. Ömür boyu vətənim üçün çalışmışam. Nə eləmişəmsə, qarşılığını gözləməmişəm. Zalımda 100 uşaq məşq edirdi, onun beşi idmançı, 95-i sağlam vətəndaş oldu. Başqa-başqa sahələrdə çalışırlar.

 

- Adətən oğlanı idmana, qızı rəqsə qoyurlar. Buna sizin münasibətiniz necədir?

 

- Nə qız, nə oğlan, idman hamı üçündür. Bəzi idman növləri var ki, qızlara yaraşmır. Öz payıma, nə güləş, nə boks, əlbəyaxa döyüşü qızlara uyğun görmürəm. Amma məşğul olanlar var, hörmətlə yanaşıram. Cüdo onların içində ən yaxşısıdır. Çünki əyinlərində geyim var. Mentalitetimizə yaxındır. Geyimdən əlavə, cüdo aristokrat idman növüdür. Qadın üçün ən gözəl idman növü gimnastika, üzgüçülükdür. Bu idman növləri qadınların gözəlliyini necə var, elə də saxlayır. Karatenin özündə də qadının gözəlliyi itmir. Həmçinin, voleybol da elədir. Qadının futbol oynamasını da xoşlamıram. Allah qadınları incə yaradıb. Bu incəliyi qorumaq lazımdır. Güləşçi qadınlara fikir verin, qulaqları qırıqdır. Filmlərdə göstərirlər, bir qadın çıxır, darmadağın edir, 5-10 kişini vurub yıxır. Bu, mümkün olmayan şeydir. Kişi kişidir.

 

- İdmançı qadın kişini döyə bilməz?

 

- Döyər, amma ta kinodakı kimi yox. Bir-ikisini vura bilər. Peşəkar idmançı olmasalar belə, özünü müdafiə üçün qadına idman lazımdır. Bir vacib məqam da var, peşəkar idmanda sağlamlıq yoxdur. Ən böyük arzum odur ki, insanlarımız sağlam olsun. Sağlam insanların fikri də, şüuru da sağlam olur. Kompleksimiz Hövsan qəsəbəsində yerləşir. Açılsın, inanıram ki, idmanı öyrənməyə qəsəbədən xeyli sayda uşaqlar gələcək. Kənd yerində, qəsəbələrdə kasıb təbəqədən olan insanlar idmana meylli olurlar və nəticələr verirlər.

 

***

 

Müsahibənin sonunda Füzuli Musayev bizi gələn il açılışı olacaq İdman-sağlamlıq klubunun yeni binası ilə tanış edir.

 

Bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə üzgüçülük hovuzu və zal yerləşir. İkinci mərtəbədə inzibati otaqlar, məşq zalları var. Ən yuxarı mərtəbədə isə muzey olacaq. “Heydər Əliyev və idman” muzeyi.  Onun sözlərinə görə, bura Heydər Əliyevin qayğısı nəticəsində idmanda qazanılmış nailiyyətlərin nümayiş etdirildiyi ilk muzey olacaq...

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>