Sizin link burada

Sən kimsən, ay adam?

 

Qonşuluğumuzda 3 aptek var. Mahnıda deyildiyi kimi, üçü də balam, yanaşı. Eyni dərmanın qiyməti apteklərində 15 manat, birin də 10, birində 5 manatdı. Bahalı aptekdə bir kişi var, özü də  bığlı, yanında da bir qız, saçı cığalı. Prezident dərmanların  qiymətlərini  endirəndə kefi pozulmuşdu bu kişinin. İndi hər şey bahalanıb deyə  kefi yüznən gedir. Hər dəfə  dərmanın qiymətini soruşanda verdiyi cavabla birlikdə   bığaltı qımışır, elə bil, mənə deyir: “Necədü, sənin üçün?”.

Qiyməti  15 manata deyən satıcı ilə   xeyli mübahisə elədim. Dərman ən azından iki dəfə bahalanmışdı.  Mən  birini deyəndə o beşini deyir, hələ yanındakı  qız da bir yandan  ona kömək eləyir, yadından çıxan sözləri yadına salır.  Gördüm, ətrafdakı adamlar məndən qətiyyət gözləyirlər, daha doğrusu, nüfuzedici  baxışları ilə bunu məndən   açıq şəkildə  tələb edirlər. Elə başa düşürlər ki, mən bu saat  nəsə eləyəcəm və çox güman,  etməliyəm də. Lap qınağa düşdüm. Fikirləşdim ki, mən   50 yaşdan sonra   həqiqət deməsəm, bəs nə vaxt deyəcəm? Özü də yazıçıyam, xalqımın dərdini mən  deməsəm, bəs kim deyəcək? Bu amilləri əsas  tutaraq, başımı  aptekin balaca pəncərəsindən içəri saldım, kişiyə dedim ki, sən öl,  bu saat 102-yə zəng edirəm. Kişi dedi ki, bu dəqiqə zəng elə, aptekin nömrəsi də qapıya yazılıb, get bax de. “102” söhbətini  eşidən kimi   alıcılar  daha da ətrafıma yığışdılar.  Ciddi və rəsmi bir  görkəm alıb nömrəni  yığdım.  Aptekin nomrəsini, dərmanın adını dedim, başqa apteklərdə 10 və ya 5 manata satılan Essensial forte  dərmanının  bu aptekdə 15 manata satıldığını söylədim və təcili sürətdə tədbir görmələrini xahiş etdim. Bu sözləri deyəndə  adamlar bir az məndən kənara çəkildilər. Gördülər ki, ağzımdan qan iyi  gəlir. Sözümü deyib bitirən kimi telefonun o başındakı xanım dedi ki, biz o işə baxmırıq, İqtisadi İnkişaf Nazirliyinə müraciət edin. Nazirliyin "qaynar xətt"inin telefon nömrəsini də verdi.  Açığı, pərt olmuşdum. Amma  büruzə verməyib, başladım İqtisadi İnkişaf Nazirliyinin nömrəsini yığmağa. 195  nömrəsini yığdım, sonra 2 düyməsini basdım, bir  kişi telefonu açdı,  şikayətimi tam təfsilatı ilə ərz elədim, o da dedi ki, dərmanın adını de. Aptekçi kişi eşitsin deyə lap ucadan dedim. Kişinin cavabı xeyli çəkdi. Konturum da az. Mən də telefon xəttində gözləməkdə. Ətrafımda adamlar çoxalıb. Hamısı qulağını dikib ağzıma. Bir azdan  oğlan dedi ki, qardaş, bizim kompüter xarab olub. 20 dəqiqədən sonra zəng elə. Bu dəfə lap pərt oldum. Özümü o yerə qoymayıb, yenidən yığdım, xeyli çağırandan sonra  dəstəyi bir qadın götürdü. Dedim, hal-qəziyyə belə-belə. O da dedi, dərmanın adını de. Yenə lap ucadan dərmanın  adını qışqırdım. Xanım bir neçə  dəqiqədən sonra  dedi ki, bizdə o dərmanın adı qeydiyyata düşməyib, tez reseptimdə olan ikinci dərmanın adını  dedim, dedi, o da yoxdur, üçüncünü, dördüncünü soruşdum hamsına eyni cavab aldım: "Bu dərmanlar bizdə qeydiyyata alınmayıb".  Anladım ki, bunların heç kompüteri yoxdur. Burda lap hirsləndim. Səhiyyə Nazirliyinin 495-40-15  nömrəli "qaynar xətt"ini yığıb, başladım aptekin içində o baş - bu başa var-gəl eləməyə. Bir-iki dəqiqədən sonra telefonun o biri başında qəşəng bir xanım səsi gəldi. Dərdimi ərz elədim, “15, 10, 5” məsələsini geniş şəkildə xanıma anlatdım. O da  dedi, rəsmi şəkildə ərizə  yazın, şəxsiyyət vəsiqənizin surətini çıxartdırın, gətirin verin bizə. Şikayətinizə 10 gün müddətinə baxılacaq. Daha heç nə demədim. Bığlı satıcı   lap yaxına gəlib  üzümə  baxıb gülürdü. Bilmədim, nə edəm... Başa düşdüm ki, dərman ticarəti  dərin  bir bataqlıqdır, girsəm, ömür boyu çıxa bilməyəcəm.  Pərt halda  aptekdən çıxanda   arxadan bir arvadın sözü məni yaxaladı:

 

- Lap yaxşı eləyib baha verirlər, sənə nə? Bunlar da dolanmalıdır, ya yox? Camaat acından ölməlidir bəyəm?

 

Arxaya çevrildim, cındırından cin  hürkən, dilənçiyə oxşayan bir arvad idi, bəlkə də, kasıbçılıq onu bu hala salıb, o sözü deməyə  məcbur etmişdi. Bu da xalq. Tez fikrimdən daşındım. Bu, xalq  ola bilməzdi, yox, yox!  Bəs onda bu adam kim idi?

LENT

20 İyul 2018

Digər xəbərlər >>>