Sizin link burada

Qaranlıqda şərqi deyənlər

Konfutsi şərqin çox böyük fikir adamlarından biridir. Yox, türk deyil. Heç müsəlman da deyil. Dini əsatirlərə inansaq, cəhənnəm odunda yanacaq. Çünki tək allaha sitayiş etməyib. Çinlidir.

 

Konfutsi deyirdi: “Hamı qaranlığı lənətləyir. Amma heç kim bir balaca şam yandırmaq istəmir”.

 

Doğurdan da qaranlıq çox pis reallıqdır...

 

Doğrudan da, qaranlığı lənətləməyə sərf olunan enerjiyə, bir balaca şam da yandırmaq olar axı. Həm də bu şamı yandırmaq üçün Konfutsi, Qandi, Nizami, Mirzə Fətəli olmaq lazım deyil. Əlbəttə, adını çəkdiyim bu tarixi şəxslər nəinki, öz qövmünün, nəinki yaşadığı zamanın, hətta bəşəriyyət durduqca bütün zamanlarda mövcud olacaq qaranlıqlara işıq salacaq fikirlərə malikdirlər. Amma öz ətrafını, ətrafındakı insanların yolunu işıqlandırmaq elə də çətin deyil...

 

Qaranlıq. Heç kim heç nə görmür. Heç kim xırda bir şam belə yandırmaq istəmir. Bu azmış kimi, bu zülmət qaranlıqda sərgərdan dolaşan toplumun gözlərini bağlayan manyaklar dolaşır. Bağlayır ki, birdən kimsə şam yandırar...

 

Kimsə gözlərə bağlanmış qara yaylıqları aça da bilər. Amma bunun üçün qaranlıqda qalanlar bunu istəməlidir.

 

Azərbaycan odlar ölkəsidir. Məntiqlə, onun ziyası yaranışındandır. Amma az qala 30 ildir ki, bir qaranlığın içindəyik. Hamımız o qaranlığı lənətləyirik. Qaranlıqda şərqi deyənlər kimi...

 

Bəs bu qaranlığı işıqlandırmağa niyə cəhd eləmirik..?

 

Ətrafda bir balaca şam yanır. Əlinizi qaldırın, açın gözünüzdəki yaylıqları, çıxardın qulaqlarınızdakı pambıqları və bilin ki...

 

Dağlıq Qarabağdakı erməniləri Azərbaycan vətəndaşları kimi qəbul etməliyik.

 

Çünki Dağlıq Qarabağda etnik təmizləmə aparmaq mümkün olmayacaq.

 

Müharibə problemi həll edəcək vasitə yox, problemin həllində kiçik bir mərhələ ola bilər.

 

Dağlıq Qarabağa istənilər ölkənin sülhməramlısı adı ilə yad əsgər ayaq bassa, biz oranı həmişəlik itirəcəyik.

 

Bölgədə sürətlə silahlanma münaqişənin dondurulmasına xidmət edir.

 

Dağlıq Qarabağ ermənilərini qorxutmaq yox, onları inandırmaq lazımdı.

 

Sadalanan reallıqları dərk etmədikcə, qəbul etmədikcə Qarabağa qayıda bilməyəcəyik.

 

Mənsə Qarabağa qayıtmaq istəyirəm...

 

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>