Sizin link burada

Sığınacağın sirli sakini: “Casusluq edirdik... mən vurmasam, o vuracaqdı məni...”- REPORTAJ

 

- Uduzsam, 100 dəfə əyilib-qalxacağam. Endirimlə 50 dəfə (gülürük).

 

- Bəs mən?..

 

Qabaqlayır, “siz... heç nə”. Ağlar məndə olduğundan ilk gedişi oynayıram.

 

Rəqibim Lazerov Roman Vladimiroviçdir. Daimi yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda qalır. Sığınacağın müdiri Çingiz Əhmədovla danışanda “Romanı mütləq tanımalısınız”, demişdi. Deyir, Roman çox alicənab adamdır: “Bura gələnlərin əksəriyyətinin balaca çantası olur. Roman isə 2 çamadanla gəlmişdi. Çamadandan nə çıxsa, yaxşıdır? Alətlər. Bu yaşıma çatmışam, görmədiyim alətləri onun çamadanında gördüm. Soruşdum, sənə yüngül mühərrikli iki nəfərlik vertolyotun çertyojunu versəm, düzəldə bilərsən? Dedi, çertyoj olsa, hər şey düzəldərəm.

 

Budur, Çingiz müəllimin tövsiyəsi üzrə Romanla qarşı-qarşıya oturub, şahmat oynayırıq.

 

- Məni bura yaxşı bir qız gətirib. Nataşa İorina. İndi jurnalist işləyir. Vəziyyətimə laqeyd qala bilmədi. İnsanlara kömək etməyi xoşlayır. Nataşa ilə eyni qəsəbədə yaşayırdıq. Onun xalası ilə bir sinifdə oxumuşam. Xeyli vaxtdır bir-birimizi tanıyırıq.

 

- Bura qədər harada yaşayırdınız?

 

- Alfa Romeoda.

 

- Ora haradır? Otel?

 

- Yox, atılmış maşın.

 

- Maşın harada idi?

 

- Müxtəlif yerlərdə. Maşını yerini dəyişmək olur. Düzdür, evakuator vasitəsi ilə (gülür). Motoru dağılıb. Ümumiyyətlə, maşın dağılıb. Onu bir neçə dəfə çırpışdırıblar. Guya mən onları bezdirmişəm. Amma mən sakit və tərbiyəli insanam. Kimsəyə ziyan vermərəm. Ətrafdakılar evakuator çağırıb götürərdilər, mən də həmişə tapardım. Alfa Romeoda gecələyirdim. Qışda çox soyuq olurdu.

 

- Yayda da isti.

 

- Yox, yayda kölgəlik tapmaq olurdu. Uzun müddət heç bir işin ucundan tuta bilmədim. Tornaçı, çilingər işini yaxşı bacarıram. 53 yaşım var. Mənə deyirlər, sizin 50-dən çox yaşınız var, bizə yaramırsınız. Sexin müdiri ilə danışıram, razı sala bilmirəm. Deyir, sizi işə götürə bilmərəm, yaşınız çoxdur. Çox təşkilatları gəzmişəm. Mat!

 

- Belə tez?

 

- Belə tez (günahkar görünüş alır).

 

Bu dəfə mənim qalib gəlməyim ümidiylə ikinci partiyaya başlayırıq.

 

- Bu şahmatdır, ağlar həmişə birinci başlayır.

 

- Çingiz müəllim dedi, sizin evinizi aldadıb əlinizdən alıblar.

 

- Xətai rayonunda, Xəzər Univermağından azca aralı evim vardı. Bizim problemimiz maklerlə oldu. Evi satdı, pulumuzu vermədi. Günü bu gün də o pulun dalınca qaçırıq. Evi anam satmışdı. Məhkəməyə müraciət etdik. Makler imtina etmir, deyir, nə vaxtsa verəcəyəm, indi pulum yoxdur. Əlimizdə məhkəmə qərarı var. Təəssüf ki, 12 ildir pulumuzu ala bilmirik.

 

- Ailəniz?

 

- Ev məsələsi ucbatında həyat yoldaşımdan ayrılmışıq. O çox gözəl insandır. Evi satıb uşaqlarımı evsiz qoyduğuma görə mənə qəzəblidir. O ev mənim deyildi, anamın evi idi. 2 oğlum var. Böyüyün 30, kiçiyin 28 yaşı var. Hərəsinin öz evi var. Kiçik oğlum evlidir. Nəvəmin 4 yaşı var. Hər ikisi qırmızı diplomla ali məktəbi bitirib.

 

- Övladlarınızla danışırsınız?

 

- Hərdənbir. Onlar mənə neqativ yanaşırlar. Düşünürlər, mən öz həyat tərzimlə onları rüsvay edirəm. Kömək üçün onlara heç vaxt ağız açmamışam.

 

- Oğullarınızla yaşaya bilməzsiniz?

 

- Yox, yox. Əsas optimist olmaqdır. Mat!

 

- Yenə?

 

- Bəli (gülümsünür). Alicənab davranmadım.

 

- Şahmatı harada öyrənmisiniz?

 

- Başqalarının oyununa baxıb öyrənmişəm. 3 yaşımdan oynayıram. Sizə sadə məsləhət verim, kənar cinahlardan başlamayın. Bu, çox zəif gedişdir. Əsas oyun mərkəzdə gedir.

 

Şahmatla bağlı xeyli tövsiyə verir.

 

- Mənə şahmat məktəbi açın. Uşaqlara şahmatı öyrədim. Bir vaxtlar mənə təklif etmişdilər. Onda qəbul etməmişdim. Həmin adam vəfat edib. Varlı adam idi. Mən öz oyunumu oynadım. Şahmatda da beləyəm, həyatda da. Mənim öz yanaşmam var. Öz oyunumu oynayıram. Hamı bir cür edər, mən tamam başqa cür. Məktəbdə oxuyanda hamı sol ayağı ilə hoppanardı, mən sağ. Məşqçi soruşardı, niyə belə edirəm? Deyirdim, məntiqlə sağ ayaq daha güclüdür.

 

- Öz cəbhənizi sona qədər qoruyursunuz?

 

- Əgər haqlıyamsa, bəli. Görəndəki haqsızam, üzr istəyib geri çəkilirəm.

 

- Ailənizlə münasibətə haqlı tərəf kimdir?

 

- İnanclı insanam. Müqəddəs “İncil”də yazılıb ki, atanı və ananı sev. “İncil”ə görə mən haqlıyam. Mən onların atasıyam, onlar mənim atam deyil. Üstəlik də düşünürəm, mən yaxşı ata olmuşam. Bütün boş vaxtlarımı ailəmə həsr etmişəm. Balıq tutmağı, domino, şahmat oynamağı çox sevirəm. Buna baxmayaraq, işdən çıxan kimi evə tələsmişəm. Bunu özləri də yaxşı bilir. Mən həmişə onlara başa salırdım ki, ürəkdə ananın payı 3-dür. Ataya 1-i bəsdir. Onlar ana uşağıdır. Özüm belə böyütmüşəm. Onlardan inciməmişəm. Bəzi insanlar deyir, mən övladlarımı bağışladım-filan. Mənim onları bağışlayacağım heç nə yoxdur. “İncil”də deyilir, mühakimə etmə ki, mühakimə olunmayasan. Mən onların cəbhəsinə hörmət edirəm. Ümid edirəm, həyatlarının növbə mərhələsində onlar anlayacaqlar. Ata, bağışla bizi... lazım deyil. Heç nə lazım deyil. Mənim həyatım elə, ya belə, necəsə qaydasına düşəcək. Əlim-ayağım yerindədir. Hər kəsin həyatında çətin müddəti olur. Bu da mənim çətin müddətimdir, amma keçəcək.

 

Çingiz müəllim dedi, Afrikada olmusunuz.

 

- Andropovu tanıyırsınız? Yuri Andropov. Xüsusi xidməti orqanı olan SSRİ DTK-ya başçılıq edirdi. O zamanlar insanlar səhər 8-dən axşam 5-ə qədər küçədə gəzə bilməzdilər. Sovet adamı işdə olmalı idi. 1983-cü illər idi. Biz neft ölkəsi idik. Kimsə gündüz, kimsə gecələr işləyirdi. Gecə işləyənlərin gündüz gəzmək icazəsi vardı. Mülki geyimdə insanlar şəhərdə gəzir, sakinlərin sənədlərini yoxlayırdılar. Qəfil kinoteatra girib işığı yandırırdılar:

 

- Kimsən sən?

- Tələbə.

- Bəs niyə dərsdə deyilsən?... - Bəs sən kimsən?

- Xəstəlik kağızım var.

- Bəs niyə yataqda deyilsən?... Və s.

 

- Əlqərəz, müharibə də belə idi. Qaydalar ciddi idi. Kim əməl etmirdisə, hərbidən uzaqlaşdırılırdı. Beləcə, hərbidə boşluqlar yarandı və könüllülərə müraciət etdilər. Mən də həmişə hərbçi olmaq istəmişəm. Düzdür, sovet ordusu idi, amma nə etmək olar, o zaman hamımızın vətəni idi. Silahdan yaxşı nişan alır, paraşütdən tullanmağı bacarırdım. Beləcə, DTK-ya daxil oldum. 150 metr yerin altında otururduq. 5 mərtəbəli binamız vardı. Xüsusi əməliyyatlarda iştirak etmişəm. Mən şifrələyici idim. Gizli sənədləri açırdım. Bizi müxtəlif ölkələrə, əsas da Afrikaya göndərirdilər. 2 dəfə Anqolada, Zairdə (Konqo) və 1 dəfə Nepalda olmuşam. Təbii ki, turist kimi getməmişəm. Bizi paraşütlə atırdılar. Halbuki biz desant deyildik.

 

- Tapşırığınız nə idi?

 

- Casusluq etmək. Məsələn, kimsə sovet hökumətini sevmirdi. Həmin adam haqda bütün məlumatı toplayıb, yuxarı göndərirdik. Kremldə o adam haqda qərar verilirdi. Qərarı biz icra etmirdik. Paraşütlə killer göndərilirdi.

 

- Adam öldürmüsünüz?

 

- Ancaq lokal döyüşlərdə. Qrupla hərəkət edərkən toqquşmalar baş verirdi. Məsələn, biz 15 nəfər olurduq, onlar 13. Belə hallarda onlar da silahlı olurdu, biz də. Təbii ki, bir-birimizə atırdıq. Adam öldürdüyümü soruşursunuz. Bəli, 21 nəfəri öldürmüşəm. O əsgər idi, mən də əsgər idim. Başa düşürəm, o da kiminsə oğlu, kiminsə qardaşı idi. Onlar mənə nifrət edir, lənətləyirlər. Halbuki üzümü heç vaxt görməyiblər. Prinsipcə, məni lənətləmək düzgün deyil. Axı onun da əlində silah vardı.

 

- Yuxarıda qeyd etdiniz ki, inanclısınız. İnanca görə öldürmək günahdır.

 

- O zaman mən dindən çox uzaq idim. Çooox...

 

- Peşmansınız?

 

- Elə, ya belə, peşmanam. Amma mən silahsız insanları öldürməmişəm. Mən öldürməsəm, o məni öldürəcəkdi. Dəfələrlə yaralanmışam. 2 ay yarım hospitalda yatmışam. Ayağımdan güllə yarası, kontuziya almışam, dişlərimi sındırıblar. Qarabağda müharibə başlayanda mən könüllü yazılmaq istədim. Dedilər, get sabah gəl. Sabah getdim. Yaşadığım evlə komissarlığın arası 300 metr vardı. Onlar məni yaxşı tanıyırdılar. Vətənə necə sadiq olduğumu bilirdilər. Nəsə məni müharibəyə qəbul etmədilər. Hər gün işə gedib-gələndə ora dəyirdim. Hər gün də eyni bəhanə ilə məni yola salırdılar. Komissar məni görəndə qaçıb gizlənirdi. Deyirdi, nə istəyirsən? Deyirdim, silah tutmağı bilməyən uşaqlar döyüşə gedir, məni aparmırsınız. Mən mütəxəssisəm, müharibədə mənə ehtiyac var.

 

***

 

Bu dəfə də mat olacağımı bildiyimdən şansımı üçüncü dəfə sınamıram. Roman Vladamiroviçlə sağollaşıram. O öz otağına çəkilir, mən isə söhbətimi sığınacağın müdiri ilə davam etdirəm.

 

Müsahibənin əvvəlində sığınacağın adını çəksəm də onun haqqında müfəssəl məlumatı indi verəcəyəm. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqdan gedir. 

 

Bakının Zabrat qəsəbəsində yerləşən sığınacaq 50 nəfərlikdir.

 

Sığınacağın sakinləri təmiz geyimlə, gündə 3 dəfə isti yeməklə təmin olunurlar.

 

Qapıdan girən kimi solda qeydiyyat otağıdır, sağda hamam. Qeydiyyatdan keçən kəs dərhal hamama göndərilir. Hamamdan çıxan kimi yeni geyimlə təmin olunur. Sonra ehtiyac varsa, kişilər bərbərin, qadınlar isə saç ustasının yanına göndərilir. Üz-gözləri səliqəyə salındıqdan sonra yeməkxanaya keçirlər. Bu proseslə paralel də yuxarıda onun otağı hazırlanır və digər məişət əşyaları verilir: məhrəba, hamam dəsti, diş fırçası və s.

 

Sığınacağa içkili halda qəbul olunmur. Daxili qaydaları pozduqları halda, bir də bir-biri ilə dalaşan şəxslərin hər ikisi sığınacaqdan qovulur. Çingiz Əhmədov deyir, qaydalar haqda ilk gündən məlumat verildiyindən hələlik kimsə dalaşmayıb. Hamısı mehriban yola gedirlər.

 

Bu şəxslər sığınacağa qəbul olunduqları gündən etibarən 180 gün burada qala bilərlər. Saxlanma müddəti başa çatanda şəxsin əlilliyi varsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Əmək qabiliyyəti olan işsizlərin işlə təmin olunması üçün müəssisə tərəfindən onların şəxsiyyətini təsdiq edən sənədin surətini, peşə bacarıqlarına dair arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon və ya şəhər Məşğulluq Mərkəzinə göndərilir.

 

- Bu günə qədər sığınacağa 25 nəfər gəlib-gedib. Hazırda mərkəzdə 11 nəfər məskunlaşıb. 3-ü qadındır. Məskunlaşanların orta yaş həddi 65-dir. Hərəsinin özünəməxsus öz hekayəsi var. Biri aldadılıb evi əlindən alınıb, digəri tərk edilib. Mehdiyeva Xatirə Göyçay rayonundandır. Qardaşı pay torpağını satıb, özünü isə tövlədə yaşamağa məcbur edib. Bacısı televizorda sığınacaq haqda eşidib, gətirib. Əliyeva Tükəzban ailə faciəsi yaşamış qadındır. Hər iki övladını və həyat yoldaşını itirib. Tək qalıb, evini satıb, pulu zamanla bitib və qalıb küçələrdə. Vaqif kişi vaxtilə imkanlı şəxs olub. Ailə münaqişəsi zəminində bütün mülkiyyətini ailəsinə verib, çıxıb. Faiqin iddiasına görə, evini aldadıb satıblar. Arvadını da dəlixanaya yerləşdiriblər. Özünü də küçəyə atıblar. Akif Lənkərandan gəlib. 9 uşaq atasıdır. 38 il rayonda feldşer işləyib. Heç bir övladının yanında qalmaq istəmir, heç kimi də görmək istəmir. Hamıyla yaxşı yola gedir. Səhərlər mütləq idman edir. Asəfin 53 yaşı var. 26 ilini həbsxanada keçirib. Məhəmməd çox ağır vəziyyətdədir. Bir zamanlar məşhur falçı vardı, Məlahət. Həmin o falçının oğludur. Ürək əməliyyatına görə növbədədir. 1069-cu şəxsdir. Maştağada dəlixanada yatıb, əsəb dispanserində olub, narkoloji də olub. 9 il küçədə yatıb.

 

Həyatın hər üzünü görmüş bu insanların asudə vaxtını səmərəli keçirməsi üçün sığınacaqda stolüstü oyunlar, kompüter otağı, kitabxana fəaliyyət göstərir.

 

* * *

 

“Salam, Angelina! Necəsən? Dərslərin necə gedir?

 

Sənə həbsxanadan yazıram. Narahat olma, mən yaxşıyam. Səndən ötrü çox darıxıram. Allah qoysa, tezliklə çıxacağam. Çıxan kimi sənin görməyə gələcəyəm, alınsa, səni ordan götürəcəyəm.

 

Tezliklə, 2018-ci il oktyabrın 7-də məhkumluğum bitir.

 

Bilirsən ki, mən səni çox sevirəm. Həbs olunmasaydım, əsla səni uşaq evinə verməzdim. Bir yerdə olmasaq da, sənin qaldığın müəssisə mənim yatdığım həbsxanaya yaxındır.

 

Tezliklə sənin yanına bir nəfəri göndərəcəyəm. O mənim dostumdur. O sənə ərzaq və oyuncaqlar göndərəcək. Məktubu oxuyandan sonra böyüklərdən xahiş et, mənə cavab yazsın. Fərqi yoxdur, Azərbaycan, ya rus dilində olsun.

 

Dərslərini yaxşı oxu, ağıllı ol. Öpürəm, qucaqlayıram.

 

Sevimli dayın, Stepan”.

 

Məktub Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinin sakinlərindən 8 yaşlı Angelinaya dayısından gəlib.

 

Bu Mərkəz də Sığınacaqla yanaşı korpusda yerləşir. Buraya baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı uşaqlar qəbul olunur. Yoluxucu və psixi xəstəlikləri olan uşaqlardan başqa.

 

X. Qəmbərovanın Lent.az-a verdiyi məlumata görə, mərkəzdə hazırda 3 uşaq var. Fatimə, Əli və Angelina. Həyat hekayələri aşağı-yuxarı bir-birinə bənzəyir. Hər üçü valideynləri tərəfindən tərk edilib.

 

- Angelina dayısı Stepanın himayəsində olub. Stepan həbs ediləndən sonra kimsəsiz qalan qızı mərkəzə gətiriblər. Uşağın dediyinə görə, anası sağdır. Amma onu istəmir.

 

Fatimənin atası arada gəlib görür. Anasından isə xəbər yoxdu. Xəyalə xanımın sözlərinə görə, uşaqlar üçün burda hər cür şərait yaradılıb. Dünyanın naz-nemətini tökürük qabaqlarına yenə də valideynlərini istəyirlər.

 

Hazırda isə Əli musiqi dərsindədir. Gitara çalmağı öyrənir. Əlinin musiqi müəllimi - “Xan” qrupunun solisti Şamil Vəliyev ona həm əlifbanı, həm də musiqi notlarını öyrənir. Deyir, Əlinin çox gözəl musiqi duyumu var. Belə davam etsə, gələcəkdə çox istedadlı musiqiçi ola bilər.

 

***

 

Mərkəzdə dərslər səhər 9-da başlayır, günorta 1-ə qədər davam edir. Bir azdan uşaqlar nahar üçün bufetə enəcəklər. Ona qədər Angelina müəlliminin köməkliyi ilə dayısına məktub yazır, Fatimə şəkil çəkir, Əli isə özündən böyük gitarasını dınqıldadır.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>