Sizin link burada

Həyatımın 33 ilinə necə tüpürdüm?

 

Düz 33 ildir, müəllim işləyirəm. Hesabla bir qərinə eləyir. Saçlarıma dən düşüb. Bəlkə tabaşirin tozudur qonub saçlarıma. 33 ildir yaddaşımda uşaq səsləri rəqs eləyir. Sevincli günlərim də olub, acılı günlərim də.

 

Hər şagirdin baxışı öz ailəsini, öz evini ifadə edir həmişə. Mənə sevinclə baxanı da görmüşəm,  nifrətlə baxanı da.

 

Bəzən sənətimə  indi məşhur iş adamları olan  keçmiş  sinif yoldaşlarım  dırnaq arası baxıblar. Onların  bir  saat ərzində qazandıqlarını   mən heç 3 aya  qazanmamışam.  Sabit maaşa öyrəşən adamam. Bəzən  iki alan şagirdim 5 alan şagirdimə sonralar  öz xarici maşınını yudurdub, özü də neçəyə, 10 manata.  

 

Müəllimlər bayramı  həmişə başımızın qaxıncı olub.  Yüz yerdən sınmışam. Hara getmişəm, qapılar üzümə bağlanıb. “Müəlliməm” deyəndə qaş-qabaqlarını sallayıblar. Biliblər ki, məndən bir şey çıxmayacaq, yəni əlim cibimə getsə, uzağı 3-5 manat olacaq.

 

Az qala bizim Cəbiş müəllimə oxşayam... Sındığım, sarsıldığm günlərim  çox olub. Sonuncu əməliyyatda bildilər ki, müəlliməm, həkimlərin  kefi pozuldu..

 

Övladlarım dünyaya gələndə doğum evlərində  heç üzümə baxmayıblar.

 

Sovet vaxt şagirdlərimlə pambıq yığmışam, taxıl və pambıq sahələrini alaq otlarından  təmizləmişəm. Pambıq briqadiri orta təhsilli sinif yoldaşım idi, həmişə iki alardı, inşa yazıları məndən köçürərdi.

 

Bir dəfə  şagirdlərimdən  biri  pambıq kollarını  əzdiyinə görə haqqımda cinayət işi qaldırmaq istəyiblər. Xalq nəzarət komitəsinin sədri, birinci katib, rayon  prokuroru, məhkəmə və qarşılarında  ali təhsilli, qırmızı diplomlu, iki kitab müəllifi, boynu bükülü mən və bir də dil-qəfəsə qoymayan, Qılınc Qurban kimi kəsib-kiriməyən  sinif yoldaşım  briqadir. Görün, sinif yoldaşım birinci  katibə  nə deyir: Bu, hələ bilmir ki, xalq müəllimidir. Şagirdlərinə yaxşı nəzarət eləmir. Uşaqlar da pambıq kollarını  doğrayır.

 

Katib qeyzlenir:

-Sənnənəm, bilirsən ki, müəllimlik  necə şərəfli peşədir. Bəs sən alaq zamanı niyə qoyursan uşaqlar pambıq kollarını məhv etsinlər?  Bayaq briqadir yoldaş dediyi kimi, sən xalq müəllimisən, sən belə edəndən sonra başqalarına nə deyək?

Kənarda dayanan   şagirdlər və valideynlər  pambıq sahəsində  qurulmuş bu “məhkəməyə” tamaşa edirlər. Pərt olmuşam çox. Valideynlərin biri çıxış edir:

- Yoldaş katib, xalq müəllimi  belə olandan sonra bəs biz kimə inanaq? Kimin dalınca gedək?

Elə pambıq kollarını yolan  həmin   valideyinin övladı idi.

Tər dabanımla gedir. Həyat yoldaşım kənardan qulaq asanların içərisindədir. Hələ iki kitabım, sevgi şeirlərim... hamsından bu saat xəcalət çəkirəm.

- Üzr istəyirəm, yoldaş katib, bağışlayın, bütün şagirdləri nəzarətdə saxlayacam ki, pambıq kollarını zədələməsinlər - deyirəm.

Katib: Cavan oğlansan, peşənin qədrini bil. Sən xalq müəllimisən.

Ürəyim çatladı onda.  Uşaqlar  cəmi 10 pambıq kolunu sındırmışdılar.

Aradan illər keçdi. İndi Bakıda müəliməm.  Dərs dediyim təhsil ocağında tək-tük kişi müəllim var, hamısı qadındır. Həyat acıdır, saçlarım tabaşır tozu. Evim kitab, qoltuğum jurnal, ürəyim çat. Hara getdim müəllimdir - dedilər. Məni  görüb üzlərini çevirdilər. Nə pul verəcək ki...

 

Heç vaxt Təhsil Nazirliyinə  getməmişdim. O günü ürəklənib getdim.  Orda  kiçik bir şöbədə işləyən bir nəfərdən  şeir müsabiqəsi ilə bağlı  söz soruşacaqdım. Xahişim ancaq bu. Dedim necə olsa, bura özümünküdür. Başqa idarələr  yaddı,  təhsilə 33 ildir can qoyuram. Yəqin ki, 33 ili bilən kimi məni gülərüzlə qarşılayacaqlar.  Nə isə, getdim, qapıda  dayanan  polisə dedim, 33 ildir..., polis sözümü kəsdi, ...ali kateqoriyalı müəllim..., yenə sözümü kəsdi, ...baş müəllim, bu dəfə qışqırdı, dayanın, görmürsən telefonda əsgər yoldaşımla danışıram. Yoldan keçənin biri səsə dayandı. Məni götürüb getdi Təhsil Nazirliyinin qəbul şöbəsinə. Qəbulda gözləyənlərin biri mənə dedi ki,  dərdimi burda oturan qızların  birinə deyim.  Lazım olan adama zəng  edib desinlər.  O da səni qəbul eləsin.

 

Qızların birinə  yaxınlaşdım, telefonda mesaj yazırdı.  Dedim, mən 33 ildir..., qız  sözümü tez kəsdi, dedi, əlində işi var, keçdim o birinə, xahiş edirəm, yuxarıda Azad müəllimə  deyin ki,   33 il müəllim işləyən bir nəfər gəlib, qız dedi, yuxarı mərtəbələrə  telefon xətləri bağlanıb.

- Bəs necə əlaqə saxlamaq olar?

Çiyinlərini çəkdi.

Keçdim  o biri qızın qarşısına. Bu qız da  yanında oturan  qızla axşamkı toydan danışırdılar. Nə dedim, əliylə “gözlə” dedi. Yarım saat belə davam etdi.

Axırda  lap ucadan danışmağa başladım, mən 33 ildir müəllim işləyirəm, ali kateqoriyalı müəlliməm, baş müəlliməm, metodist müəlliməm, Respublikanın Qabaqcıl Maarif Xadimiyəm, bura mənim nazirliyimdi.

 

Səsə polis gəldi. Qolumdan tutub  çölə çıxartdı. Dedi, qışqırma. Binanı  dörd  dolandım. Qardaş, mən   bu Təhsil Nazirliyinə  açıq bir qapı tapa bilmədim.

Gəldim evə, həyatımın 33 ilinə tüpürdüm,  diplomumu  axtardım ki, cırıq-cırıq eləyim, onu da evdə nə qədər gəzdimsə, tapa bilmədim.

 

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>