Sizin link burada

“Tikintidə işçilərin sayını gizlətmək qeyri-mümkün olacaq" - Əli Əhmədov

“Tikintidə işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq”

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyanın sədri Əli Əhmədovun APA-ya müsahibəsi

 

- Bu ilin mart ayında Azərbaycan prezidentinin sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. İl başa çatır. Komissiyanın fəaliyyətinin nəticələri barədə nə demək olar?

 

- Komissiyanın yaradılmasından bir il ötməsə də, təqvim ili başa çatır və bu mənada nəticələr haqqında danışmaq məntiqli olar. Əvvəla onu deyim ki, xatırlatdığınız sərəncamdan sonra cənab prezidentin qeyri-rəsmi məşğulluğun qarşısının alınması probleminə dair daha iki sərəncamı imzalanıb. Bunun biri tikinti sahəsində qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmətinə əlavə səlahiyyətlərin verilməsi barəsindədir. İkinci sərəncam isə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində tədbirlər planının təsdiq edilməsi haqqındadır. Göründüyü kimi, qeyri-rəsmi məşğulluğa qarşı mübarizə hökumətin fəaliyyətində diqqət mərkəzindədir və bu mübarizə uzun müddətə nəzərdə tutulur. Söhbət hansısa kampaniyadan deyil, əksinə, problemin kökünün kəsilməsinə yönəlmiş, sözün əsl mənasında, qəti mübarizədən gedir.

 

Konkret nəticələr haqqında sualınıza gəldikdə isə, bu barədə ilk, lakin ümidverici nəticələr artıq mövcuddur. Cari ilin 11 ayı ərzində əmək münasibətlərini rəsmiləşdirən işçilərin sayı təxminən 50 min nəfər, daha dəqiq desək 49 min 194 nəfər artıb. Daha çox artım topdan və pərakəndə ticarət sahəsində (17 min 264), tikinti (11 min 390) və emal sənayesində (7 min 758) müşahidə olunub. Eyni zamanda sevindirici dinamikanı da qeyd etmək istərdim. Bu da aydan-aya əmək müqaviləsini rəsmiləşdirənlərin sayının artmasıdır. Misal üçün, cari ilin oktyabr ayında əmək müqaviləsini rəsmiləşdirənlərin sayı 10 min 738 nəfər olduğu halda, noyabr ayında bu göstərici 14 min 585 nəfər olub. Demək, həm işçilər, həm işəgötürənlər arasında əmək müqaviləsini rəsmiləşdirməyin zəruriliyini, hər iki tərəf üçün faydasını dərk edənlərin sayı artmaqdadır. Mən bunu Komissiyanın işinin ən mühüm nəticəsi hesab edərdim. İndiki halda əsas məqsədimiz bu meyli daha da gücləndirməkdən ibarətdir.

 

- Qarşıya qoyulan hədəfə çatmaq üçün daha hansı tədbirlərin görülməsi planlaşdırılır?

 

- Qeyd etdiyim kimi, Azərbaycan prezidentinin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planı təsdiq edilib. Nəzərdə tutulur ki, əvvəla, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün daha etibarlı hüquqi baza yaradılsın. Əmək Məcəlləsində, Vergilər Məcəlləsində, Mülki Məcəllədə bir sıra mühüm dəyişikliklər ediləcək, əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları məhdudlaşdırılacaq.

 

Tikinti sahəsində qeyri-rəsmi məşğulluğa münbit zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bunlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əmək haqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq.

 

Çox mühüm yeniliklərdən biri bu olacaq ki, yeni yaradılan iş yerlərinə dair məlumatlar yalnız əmək müqaviləsi bağlandığı halda Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunacaq. Düşünürəm ki, bu tələb qeyri-rəsmi məşğulluğun qarşısını almağa, xüsusilə də, iş yerlərinin yaradılması kontekstində, mühüm töhfə verə biləcək.

 

Bir çox sahədə, xüsusilə də xidmət və ticarət sahələrində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində böyük təcrübə toplamış ölkələrdə olduğu kimi, işçi sayı normativləri deyilən anlayışlardan istifadə olunacaq. Misal üçün, 1000 m2 sahəsi olan iaşə müəssisəsində 3-5 nəfərin işləməsi, indi belə hallar kifayət qədərdir, real ola bilməz. Əgər həmin iaşə obyektinin iş həcmi azdırsa, 1000 m2 sahədən istifadə etmək onun nəyinə lazımdır, axı bu mənfəət baxımından faydalı deyil.

 

Nəhayət, elektron informasiya uçot və nəzarət formasından geniş istifadə olunacaq. Ona nail olmaq istəyirik və nail olacağıq ki, heç bir işçi uçot və nəzarətdən kənar qalmasın, sahibkar bunu nə qədər istəsə də. İndiki texniki imkanlar bunu asanlıqla təmin edir.

 

- KİV-lə ötən görüşünüz zamanı sahibkarları “qara mühasibat”lıqdan əl çəkməyə çağırmışdınız. Sahibkaralara yeni çağırışınız varmı?

 

- İslam dinində halallıq anlayışı əsas yerlərdən birini tutur. Sahibkarlıq, mənfəət sahəsinə tətbiq etsək, onda belə bir çağırış alınacaq: Vergisi ödənən gəlir halaldır. Mən tövsiyə edərdim ki, sahibkarlar, iş adamları qanunla nəzərdə tutulan bütün ödəmələri könüllü surətdə həyata keçirsinlər. Belə olan halda onları gözləyən bir çox problemlər avtomatik aradan qalxacaq. “Doğruya zaval yoxdur”, deyiblər. İstərdim ki, bizim sahibkarlar və iş adamları həmişə doğru olsunlar. O ki qaldı Komissiyanın fəaliyyətinə, o davam edəcək, bütün neqativ hallar gec-tez aşkar edilib aradan qaldırılacaq. Buna heç kimin şübhəsi olmamalıdır.

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>