Sizin link burada

Qəbiristanlıqda adam bıçaqlayana şərti cəza verildi

 

 

Tanışını bıçaqlamaqda təqsirləndirilən Cabir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə C.İbrahimovun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

 

Qeyd edək ki,  hadisə 2015-ci ilin fevral ayının 14-də baş verib. Lökbatan qəsəbə sakini olan C.İbrahimov qəsəbə sakini Fariz Abbaszadə ilə mübahisə edib. Daha sonra isə C.İbrahimov "Rus qəbiristanlığı" deyilən ərazidə üzərində gəzdirdiyi ov bıçağı ilə onu qəsdən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

C.İbrahimov məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib. O, sərbəst ifadəsində bildirib ki, əməlindən peşman deyil.

 

C.İbrahimov hadisəyə səbəb kimi kafedə çay içərkən F.Abbaszadənin onunla şit zarafat etməsini göstərib.

 

Zərərçəkmiş F.Abbaszadə dindirilən zaman deyib ki, C.İbrahimovla kafedə zarafat edib, sonra aralarında mübahisə yaranıb. O, etiraf edib ki, aralarında mübahisə edərkən C.İbrahimovu yumruqla vurub, sonra da söyüb.

 

F.Abbaszadə heç bir şikayət və tələbinin olmadığını deyib.

 

Qeyd edək ki, C.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

 

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

LENT

19 Yanvar 2018

Digər xəbərlər >>>