Sizin link burada

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu - TƏFƏRRÜAT AÇIQLANDI

Baş Prokurorluq Bakıda tikinti şirkətinin rəhbərinin həbsi ilə bağlı məlumat yayıb.

 

Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi - hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə C.Alışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri, o cümlədən vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Qeyd edək ki, həbs edilmiş Cahangir Alışov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarovun işi üzrə isə zərərçəkmiş kimi tanınıb.

 

 

*****

 

17 dekabr

 

Bu gün kütləvi informasiya vasitələrində "Tikinti şirkətinin rəhbəri həbs olundu – Vəkili ilə birlikdə" başlıqlı xəbər yayılıb. Lent.az xəbər verir ki, mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunur.

 

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası məlumat yayıb. Bildirilib ki, Vəkillər Kollegiyasının üzvləri sırasında Habil Fətəliyev adda vəkil mövcud deyil: “Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir. Eyni zamanda, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcək ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaq”.

 

 

*****

 

 

15:15

 

“Yeni Yasamal“ MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.

 

Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

 

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>