Sizin link burada

Hərbi yönümlü QHT rəhbərləri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

 

 

15 dekabr 2017-ci il tarixdə Türkiyə Respublikasının Bakı şəhərindəki səfirliyində Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərləri ilə görüş keçirilib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə keçirilən görüşdə Ehtiyatda olan zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, ehtiyatda olan general-mayor Məhəmmədhüseyn Sarıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev də iştirak edib.

 

 

 

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özralın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə iqtisadi və siyasi  münasibətləri təhlil edilib.

 

Görüş zamanı bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və QHT-lər sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Dövlət və hökumət xadimlərinin, hərbi yönümlü qeyri-hökumət təşkilatlarının siyasi və iqtisadi məsələlər üzrə aidiyyətli qurumların rəhbərlərinin qarşılıqlı səfərləri, sahələr üzrə idarələrarası qurumların, müştərək komissiyaların mütəmadi keçirilən iclasları ölkələrimiz arasında siyasi, iqtisadi və ictimai sahədə əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfələr verir.

 

Görüşdə birge hərbi təlimlər, ehtiyatda olan zabitlərin, müharibə veteranlarının, əlillərin qarşılıqlı səfərləri, əlillərin, müharibə veteranlarının Türkiyədə müalicə kursu keçməsi və bu məsələdə Türkiyə dövlətinin verdiyi dəstək, ordu quruculuğu, Azərbaycan-Türkiyə qarşılıqlı əlaqələri müzakirə mövzusu olub. Müzakirələr zamanı Azərbaycan neftinin və qazının Türkiyə üzərindən dünyaya nəql edilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Bakı-Tiblisi-Ceyhan neft kəmərinin açılmasının siyasi və iqtisadi əhəmiyyətindən də danışılıb. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanda olan hərbi yönümlü təşkilatların fəaliyyətini, onların üzvlərinin Türkiyəyə səfərini və bu səfərlərin ikitərəfli əməkdaşlığa, gənc nəslin vətənpərvər ruhda böyüməsinə töhfə verdiyini bildirib  və onların fəaliyyətini yüksək qiymətləndirib.

 

Görüş zamanı o da qeyd edilib ki, üzümüzə gələn 2018-ci ildə Rusiyanın ehtiyatda olan zabitlərinin, müharibə veteranlarının, Türkiyənin Əməkli Subaylar Dərnəyinin, Müharib Qazilər Dərnəyinin və Azərbaycanın hərbi yönümlü təşkilatlarının Bakı şəhərində birgə görüşü keçiriləcək və əməkdaşlıq haqqında üçtərəfli saziş imzalanacaq. Eyni zamanda görüşdə Türkdilli dövlətlərin müharibə veteranlarının və ehtiyatda olan zabitlərinin Konfederasiyasının formalaşması məsələsi də müzakirə olunub. Qeyd edilib ki, bu müzakirələrə qardaş Türkiyə ilə yanaşı Özbəkistan, Türkmənistan və Qırğızıstan dövlətlərinin QHT-ləri də qatılmaq istəyir. Həmin görüş ərəfəsində həmin türk dövlətlərinin QHT-lərinin üzvlərinin də Bakıya gəlişi gözlənilir.

 

Görüş zamanı bu yaxınlarda dörd Türkiyə vətəndaşının Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa qeyri-qanuni səfəri də pislənilib.

 

Görüşdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İstanbulda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etməsi və bunun Azərbaycanla Türkiyə arasında diplomatik, siyasi və iqtisadi əlaqələr baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. O da bildirilib ki, Azərbaycanın bu zirvə toplantısında iştirakı dünyaya Türkiyənin milli, regional və beynəlxalq məsələlərdə Azərbaycana böyük əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Görüş zamanı qeyd edilib ki, Azərbaycanın haqq işinə Türkiyə, Türkiyənin haqq işinə Azərbaycan dəstək verir. Görüş zamanı səfir söyləyib ki, cənab prezidentin İstanbulda Zirvə görüşündə iştirak etməsi, qardaş Türkiyənin təşəbbüsünü dəstəkləməsi, Qüds məsələsinə açıq münasibət göstərməsi, bütün bu amillər Azərbaycanın nə qədər güclü dövlət olduğunu, müstəqil siyasət aparmasının nümunəsidir.  Cənab prezident deyirdi ki, bir millətin bir diasporu olar. Ona görə də xaricdə yaşayan türklərin, azərbaycanlıların birgə hərəkət etməsi istiqamətində səylərimizi artırmalıyıq.

 

Görüşdə qarşılıqlı fəaliyyətin prioritetləri müzakirə olunub və Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsi xüsusi vurğulanıb.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>