Sizin link burada

FHN-nin yaradılmasının 12-ci ili münasibətilə Kollegiya iclası keçirilib - FOTOLENT

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə nazirliyin genişləndirilmiş Kollegiya iclası keçirilib.

 

APA-nın məlumatına görə, Kollegiya iclasında çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlayıb: "Dahi rəhbərin siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan olub".

 

Cari ilin ötən dövründə əhalinin təhlükəsizliyinin qorunması, fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verən fövqəladə hallar naziri deyib ki, yeniyetmə və gənclərə fövqəladə hallarla bağlı davranış qaydalarını aşılamaq məqsədilə VI Gənc Xilasedici və Yanğınsöndürən Yarışları və V Beynəlxalq Gənc Xilasedici Yarışı keçirilib.

 

Cari ildə FHN-nin Akademiyasının bakalavr səviyyəsi üzrə 97 nəfər, magistratura səviyyəsi üzrə 5 nəfər bitirib. Nazirliyin Akademiyasının, Belarus Fövqəladə Hallar Nazirliyinin Mühəndis Komandirlər İnstitutunun, Ukrayna Milli Mülki Müdafiə Universitetinin 129 məzunu nazirliyin sərəncamına qəbul edilərək, hərbi və xüsusi rütbəli mütəxəssisələr təyin edilib: “FHN-nin xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirilib. Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə və fövqəladə halların qarşısının alınması, aradan qaldırılması haqqında saziş, Azərbaycan və Özbəkistan Fövqəladə Hallar nazirlikləri arasında 2018-2019-cu illər üzrə tədbirlər planı imzalanıb. Bakıda ilk dəfə FHN-nin təşkilatçılığı, Rusiya, İran, Qazaxıstan, Türkmənistanın da iştirakı ilə 1100 nəfərlik şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater və 8 gəmi cəlb edilməklə, “Xəzər-2017” beynəlxalq təlimi keçirilib”.     

 

Azərbaycan prezidentinin tapşırığı ilə Cibuti və Myanma müsəlmanları ilə əlaqədar humanitar yardımların göndərildiyini xatırladan K. Heydərov FHN-nin adiyyəti qurumlarının, xilasetmə dəstələrinin bu ilin avqust-sentyabr Gürcüstanın bir sıra bölgələrində meşə yanğınlarının söndürülməsində fəal iştirak etdiyini, qarşıya qoyulan tapşırıqlara əməl edildiyini vurğulayıb: “FHN-nin 2018-ci il üçün İş Planının layihəsi hazırlanaraq razılaşdırılıb. Əminəm ki, FHN-nin şəxsi heyəti həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşımıza qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, daha operativ və daha böyük sədaqətlə yerinə yetirəcək. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından möhtərəm prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan prezidentini əmin edirəm ki, ölkə əhalisinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi, maddi və mədəni sərvətlərimizin qorunması, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin davam etdirilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarımızı səfərbər edəcəyik”.

 

Sonda Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.

 

Qeyd edək ki, fövqəladə hallar naziri K. Heydərov başda olmaqla, FHN-in kollektivi bu gün Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.    

 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>