Sizin link burada

İlham Əliyev: "bp Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşıdır" - YENİLƏNİB

 

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.

 

Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlət başçısı gələcəkdə qeyri-energetika sahəsində də Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirib.

 

Dövlət başçısı Baronessa Rona Feyrhedin ölkəmizə səfərinin iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

 

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed isə Azərbaycanın müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlərin çox böyük təəssürat yaratdığını deyib. Energetika sahəsində əməkdaşlığa toxunan Baronessa Rona Feyrhed BP-Azərbaycan əlaqələrini çox mühüm tərəfdaşlıq əlaqələri kimi dəyərləndirərək hökumətinin bu sahədə əməkdaşlığın bundan sonra da davam etdirilməsi işinə sadiq qalacağını vurğulayıb. Britaniya hökumətinin Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük önəm verdiyini deyən qonaq Azərbaycanın ölkəsinin mühüm strateji tərəfdaşı olduğunu bir daha qeyd edib.

 

Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunularaq “Şahdəniz-2” layihəsinin uğurlu icrasının və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılmasının əhəmiyyəti vurğulanıb. Söhbət zamanı, həmçinin infrastruktur sahəsində Britaniya şirkətlərinin iştirakı, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, alternativ enerji, kənd təsərrüfatı, turizm, təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

**

11:26

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Fairhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə AzərTAC məlumat yayıb. 

LENT

21 May 2018

Digər xəbərlər >>>