Sizin link burada

Sönmüş telefonların ağısı

 

Xəzər dənizində “Günəşli” yatağında  yanğın  bir neçə il öncə söndürüldü. Amma   mənə elə gəldi ki, dənizin üzərində bir “ah” işarəsi ömür boyu qalacaq. Təəssüflər olsun ki, biz həmin o “ah”  işarəsini olduğu kimi yaza bilmirik və onun tək şəkildə çapı da mümkün deyil. “Ah” işarəsinin qabağında uzun cümlələr var, o cümləni ancaq itkin düşən dənizçilərin ailələri oxuya bilərlər. O “ah” işarəsinin  qabağında  hərənin öz cümləsi də  yazılır,  sadədir, mürəkkəbdir, nədir, necədir, onu ancaq yazan oxuyur, özü də ürəyində, ardınca da o “ah”   daha   vüqarla dalğalanır.  O  “ah” işarəsini  hər səhər günəş atəş rənginə boyayır. Elə bil, qanlı bir xəncər sancılıb dənizin sinəsinə.  Məsələn, o nidanın əvvəllində televiziyaların bir cümləsi yazılıb bəlkə. Məsələn, Xoşbəxt Yusifzadə kövrəldi, burda bir video çarx da ola bilər və ya “ATV-də  xəbər aparıcıları canlı efirdə necə ağladı” cümləsi təsəlli kimi yaşayacaq uzun illər.  Televiziyalarda kövrənlər sanki milləti gərginlikdən  bir az xilas elədi. Xalq ondan sonra  bir az toxdadı. Kövrəlməyin özü toxtaqlıqdı bu saat.

Məsələn, o nidanın əvvəlində mənim bir cümləm  yazılıb.  Partlayışdan sonra  mən yaman üşüyürəm, heç dənizin üzünə baxa bilmirəm. Bəlkə də, Şıxovdan başlayaraq , “Qayıdış” qəsəbəsinə  qədər  dənizi hasarlayanlar xalqımızı, doğurdan da sevən adamlarmış.  Onlar gələcəkdə hansı hadisələrin baş verəcəyini düşünərək, dənizin üzünə örtük çəkiblər ki, xalqımız dənizə baxıb  ürəyi pis olmasın. Bu da öncəgörmə.

 

İtkin düşənlərin övladları həmişə dənizə qorxu hissi ilə baxacaqlar. Bir az da nifrət edəcəklər dənizə. Onların yaddaşında dəniz  həmişə “atanızın yerini mən bilirəm” deyəcək. Ola bilsin ki, dənizdə axtarış aparanlar nə vaxtsa bu işi dayandırsınlar, amma həmin  ailələrin övladları həyatları boyu dənizdə ata axtarışını davam etdirəcəklər. Gələn gəmilərə baxacaqlar, dalğaların hündürlüyü haqqında məlumat  öyrənəcəklər. Dalğaları atalarının qəbri biləcəklər. Analar,  atalar, balalar, gəlinlər ömür boyu gözlərini dənizdən yığmayacaqlar. Elə biləcəklər ki, günlərin bir günü kimsə dənizdən çıxıb ətəyini çırpa-çırpa onlara tərəf yüyürəcək. Ümidlər heç vaxt ölmür.

 

Dəniz həmişə qəribə hadisələr istehsal edən sirli bir varlıqdır. Adam hər an açıla biləcək bu sirrə  aludədir. Bu alidəlik on illərlə davam edir, amma dəniz öz sirrini heç kəsə  vermir. Sadəcə, hər şey, hər xəbər və deyilənlərin, baş verənlərin  bütün  həqiqəti dənizin öz içindədir. Övladlar həmişə elə biləcək ki, balıqların və uzaqdan gələn, fit verən gəmilərin itkin  düşən   atalardan xəbəri var. Dəniz onların ən qorxulu və həm də ən doğma isti  duyğusuna çevriləcək. Harda dəniz yaralansa, elə biləcəklər, atalarına  nəsə olur, incidilir, zərbə alır. İtkin düşənlərin övladları, qadınları həmişə xəyallarında  alovlanan “Günəşli” yatağını yaşadacaqlar, ömürlərində bir dəfə heç olmasa ora getmək istəyəcəklər, orada qalmış son haraydan bir cizgi tapmaq istəyəcəklər. Hanı, ora getmək olurmu? Atalarının  dəniz tərəfindən söndürülmüş telefonlarına ömür boyu zəng edəcəklər. Məncə, itkin düşənlərin  analarını, övladlarını, qadınlarını  bir dəfə ora, “Günəşli” yatağına  aparmaq lazımdır. Qoy görsünlər, heç olmasa təsəlli tapsınlar. Arzu edərdim ki, bütün insanlar  dənizçilərin ildönümündə saat  18.30 –da bir dəqiqəliyə telefonlarını söndürsünlər. Bax onda, həlak olanların ruhu şad olacaq, hətta yüz il bundan qabaq A.Şaiqin “Məktub yetişmədi” əsərinin baş  qəhrəmanı, neft quyusunda boğulan  Qurbanın da.

 

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>